Siyasət

“Səfirliyə hücum edən ermənilər həbs edilməlidirlər, əks təqdirdə Livanla münasibətlər gərginləşəcək” – RƏY

Sharing is caring!


“Livan Azərbaycanın notasına cavab verib üzrxahlıq etməli, səfirliyimizin inzibati binasına hücum edən təxribatçı erməniləri həbs etməlidir. Əks təqdirdə, Bakı-Beyrut münasibətləri daha gərgin fazaya keçə bilər”.

Bunu “Report”a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

O, bu kimi halların ikitərəfli münasibətlərə birbaşa zərbə vurduğunu bildirib. Ekspert qeyd edib ki, əgər hansısa səfirliyin inzibati binasına hücum olursa, binaya içərisinə partlayıcı bərkidilmiş şüşələr atılırsa, bu, artıq diplomatik nümayəndəliyin yerləşdiyi ölkə üçün böyük bir hadisə, hətta problemdir:

“Onlar müdafiəni tam təmin etməli idilər. Belə bir hadisə konkret tədbirlərin görülməsini tələb edir. Hər halda, biz etirazımızı bildirdik. Məsələdə məsul şəxslər cavabdehlik daşımalıdırlar. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası mövcuddur, orada diplomatik nümayəndəliyi qəbul edən dövlətin öhdəlikləri öz əksini tapıb və təhlükəsizlik həmin öhdəliklərdən biridir.

Hesab edirəm ki, Livanla münasibətlərimiz daha gərgin bir fazaya keçə bilər. Biz başa düşürük ki, Livanda ermənilərin və onlara dəstək verənlərin sayı çoxdur. Hətta hökumətin özündə də ermənipərəst qüvvələr az deyil. Elə buna görə də onların xarici siyasətdə bir sıra addımlarını dəstəkləmirik. Amma bütün hallarda onlar nümayəndəliyimizin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərdən istifadə etməli idilər. Əgər bizim notamıza cavab göndərib üzrxahlıq etsələr, həmin erməniləri məsuliyyətə cəlb etsələr, o zaman, təbii ki, münasibətlərimizi gərgin fazaya gətirib çıxarmayacağıq. Bunlar baş verməyəcəyi təqdirdə münasibətlərə xələl gələcək”.

F.Sadıxov söyləyib ki, Livan diplomatik münasibətlərin qarşılıqlı olduğunu anlamalıdır:

“Onlar başa düşməlidirlər ki, digər dövlətlərdə də səfirlikləri var. Belə bir vəziyyətdə hər bir hökumət xarici diplomatik nümayəndəlikləri müdafiə etməlidir”.

Qeyd edək ki, ötən gün Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib. Onlar özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir