Siyasət

Metyu Brayza: “Fransa və ekstremist ermənilər status məsələsini yenidən gündəmə gətirməyə çalışırlar”

Sharing is caring!


“Fransa və Qarabağdakı separatçı, ekstremist ermənilər Qarabağın hüquqi statusu məsələsini yenidən gündəmə gətirməyə cəhd edirlər”.

Bunu “Report”a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatdığı və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında atəşkəs bəyanatının imzaladığı gündən, yəni 10 noyabr 2020-ci ildən bəri Fransa hökumətinin rəsmi mövqeyi Bakını müharibəyə görə günahlandırmaqdan ibarət olub:

“Fransa Qarabağın hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan və erməni separatçıların yerləşdikləri hissəsinin hüquqi statusunun dəyişdirilməsi məsələsini açıq saxlamağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın da razılaşdığı atəşkəs sazişi Qarabağın hüquqi statusunun dəyişdirilməsinin mümkünlüyünü özündə ehtiva etməməsinə, həmçinin Nikol Paşinyanın “Ermənistan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımağa hazırlaşır” sözlərinə rəğmən, Fransa hökumətinin atdığı addımlar məhz Qarabağın hüquqi statusunun dəyişdirilməsinə, həmin bölgənin muxtar ərazi və ya Ermənistanın parçası kimi tanınmasına nail olmağa yönəlib”.

Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi yardımı ermənilərin hələ də qəbul etməməsi məsələsinə gəldikdə isə M.Brayza bildirib ki, bunlar erməni diasporunun oyunlarıdır:

“Bütün bu gərginliklərin səbəbi Qarabağın etnik erməni icmasının ekstremist üzvlərinin dəhşətli dərəcədə revanşist və milliyyətçi erməni diasporunun, məsələn, Amerika Erməni Milli Komitəsinin dəstəyi ilə İrəvan hökumətinə göstərdiyi siyasi təzyiqlərdir. Onlar da Qarabağın hüquqi statusu məsələsini yenidən gündəmə gətirməyə çalışırlar.

Nəticə olaraq erməni tərəfi Ağdam-Xankəndi yolu vasitəsilə gələn humanitar yardımı rədd edib, sadəcə, Ermənistandan Laçın yolu vasitəsi ilə gələn yardım qəbul etmək istəyir. Bu isə beynəlxalq humanitar hüquqa əsaslanan humanitar yardım məsələsinin siyasiləşdirilməsinin nümunəsidir. Çünki beynəlxalq humanitar hüquqa əsasən, humanitar yardım mümkün olan yollardan çatdırılmalı və qəbul edilməlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir