Siyasət

Paşinyan Serj Sarqsyanı bitirmək niyyətindədir – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistanın baş naziri Nikol Paşinyanla eks-prezident Serj Sarqsyan arasında uzun müddətdir davam edən qarşıdurma yeni mərhələyə qədəm qoyub. Bu dəfə Paşinyanın hədəfi Serjikin kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan olub. Minasyan 870 min dollar məbləğdə pulun mənimsənilməsində ittiham edilir. Prokurorluğun ittiham aktına görə, keçmiş səfir cinayət yolu ilə əldə etdiyi sərvəti qanuniləşdirərək gəlir kimi hesablarına köçürüb. Əslində açılan cinayət işinə başqa prizmadan, Paşinyanın Sarkisyana qarşı 2018-ci ildən elan etdiyi “müharibə” prizmasından yanaşmaq lazımdır.

2018-ci ildə Sorosun dəstəyi ilə Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanı istefaya məcbur edən Paşinyan bununla Qarabağ klanına qarşı səlib yürüşünə başlamışdı. Baş nazir postuna yiyələndikdən sonra isə korrupsiya ilə mübarizəni Ermənistanda ən çox müzakirə edilən mövzu elan edən Paşinyan bunu əlində bəhanə tutaraq Serjik və onun doğmalarına, yaxınlarına qarşı hücuma keçmişdi. İlk olaraq Serjin işçiləri, qohumları istintaqa dəvət edilir, onların ofislərində və evlərində axtarışlar aparılırdı. Hətta Sarkisyanın iki qardaşı, mühafizəçisi, Respublika Partiyasının elitasının üzvləri də Nikolun qəzəbinə tuş gəlmişdi. 2018-ci ildə “Григорий Просветитель” tibb mərkəzində səhiyyə nazirliyi araşdırmalara başladı. Bu müəssisə Serjin yaxın adamı Ara Minasyana məxsus idi. Ardınca isə Serjin qardaşı Levon Sarkisyanın rəhbəri olduğu “Pünik” xeyriyyə fondunda araşdırmalar aparıldı. Levon vergidən yayınmada ittiham edildi. Serjin digər qardaşı Aleksandrın da sahibi olduğu iki şirkət 2 milyon dolları qeyri-qanuni yolla əldə etmə ittihamı ilə bağlandı. Aleksandr bu ittihamı rədd etsə də, bir neçə gün sonra İrəvanın mərkəzində mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsinin əməkdaşları onun avtomobilindən silah da tapdılar.

Təqiblər bununla bitmədi. Serjin mühafizəçisi, general-mayor Vaçahan Kazaryan da qeyri-qanuni yollarla pul əldə etmə ittihamı ilə saxlanıldı. Onun 900 min dolları mənimsədiyi bildirildi. Eyni zamanda mühafizəçinin 3 milyon dolları nağdlaşdırmağa cəhd etdiyi də hüquq-mühafizə orqanları tərəfindən elan edildi.

Göründüyü kimi, Paşinyan əlindəki rıçaqlardan istifadə edərək Serji müxtəlif yollarla həbsə atmaq, ətrafındakıları da müxtəlif ittihamlarla neytrallaşdırmaq niyyətində olub. Çünki Serjin azadlıqda qalması Paşinyan üçün təhlükə mənbəyi idi. Sirr deyil ki, Serj Sarkisyan da Qarabağ klanının üzvüdür və Ermənistanda, diasporda kifayət qədər nüfuzu var. Eyni zamanda Qarabağdakı separatçı ermənilərə də müəyyən təsir rıçaqları mövcuddur. Arayiklə münasibətlərinin getdikcə pisləşməsi, Ermənistanda hökm sürən xaos və etirazlar fonunda Paşinyan belə bir rəqibinin azadlıqda qalmasını həzm edə bilməz. Elə bu səbəbdən Serji siyasətdən uzaqlaşdırmaq üçün barəsində 2019-cu ildə cinayət işi açıldı. Məhkəmənin qərarı ilə istintaq davam edirdi və Serjik Ermənistanı tərk etsə, onu 7 il müddətinə həbs gözləyirdi. Paşinyanın Serjə qarşı mübarizəsi bununla bitmirdi. Zaman-zaman Sarqsyanın ailəsi də hədəf alınır, hətta qızları da qanunsuz əmlak sahibi olmaq ittihamı ilə hakim qarşısına çıxarılırdılar.

Siyasi rəqibini neytrallaşdıran Paşinyan məhkəmə şousu ilə Qarabağ klanının ümidlərindən sayılan Serji aktiv siyasətdən uzaq tutmağa nail ola bilmişdi.

Ötən aylarda İrəvanda baş verən etiraz fonunda Sarqsyan bəxtini yenidən sınamaq qərarına gəldi. Eyni zamanda Xankəndi şəhərində separatçı Arayik və dəstəsinin aktivləşməsi də Serjikin iştahasını artırdı. Bu səbəbdən Sarqsyan ATƏT-in Minsk qrupuna üzv ölkə rəhbərlərinə açıq məktub ünvanladı. Açıq məktub erməni KİV-lərində yayımlandıqdan dərhal sonra Serjə yaxınlığı ilə tanınan politoloqlar da hərəkətə keçdilər. Tiqran Abramyan, Artak Zakaryan gecəni yatmadan mövzu ilə bağlı müxtəlif açıqlamalar verərək sanki “mən də buradayam” mesajı verdilər. Sözügedən şəxslər Serjin müdafiəçiləri sayılırlar və onunla bağlı istənilən hadisədə xüsusi aktivlik, canfəşanlıq göstərirlər. Görünür, Serj hakimiyyətə qayıtmaq xülyasından onlara da pay söz verib.

Qarabağ klanını yenidən aktivləşdirmək, hakimiyyətə yiyələnmək, sülh müqaviləsi imzalanmasını gecikdirmək Sarqsyanın əsas arzusudur. Görünür, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı aparılan danışıqlar Serjikin yuxusunu ərşə çəkib. Çünki sülh müqaviləsi imzalandıqdan sonra separatçı və quldur, müharibə cinayətlərinə imza atmış Qarabağ klanı üçün yolun sonu görünəcək. O son isə yaxındadır.

Amma məktub Serjin gözlədiyi effekti vermədi və erməni KİV-lərində 3-5 çeynənmiş fikirdən o yana keçmədi. Serj bir müddətlik fasilə vermək qərarına gəldi. Son günlər isə Ermənistanı yenidən bürüyən etiraz, müxalifətin aktivləşməsi, sentyabr ayına kütləvi mitinqlərin təyin edilməsi məsələsində Sarqsyanın da barmağının olması Paşinyanın nəzərindən yayınmayıb. Bu səbəbdən Serjə qarşı məhkəmə rıçaqı yenidən işə salınıb. Yuxarıda da qeyd etdiyimiz kimi, bu dəfə hədəf Minasyandır. O Minasyan ki, uzun müddət Vatikanda Ermənistanın səfiri postunu tutub və Paşinyan siyasətini tənqid yox, təhqir etməklə tanınır. Minasyan “Dzor İES”in satışı ilə bağlı açılan cinayət işi çərçivəsində istintaqa cəlb edilib. Bu iş 2020-ci ildə açılıb və keçmiş müdafiə naziri Seyran Ohanyanın da adı bu məsələdə hallanıb.

Ermənistanda son dövrlər Rusiyaya qarşı yeni kampaniyaya start verilməsi fonunda Serji sıradan çıxarmaq istəyi başadüşüləndir. Çünki Serj Sarkisyan müsahibələrində dəfələrlə Nikol Paşinyanı Rusiya ilə münasibətləri pisləşdirməkdə ittiham edib. Dəfələrlə açıqlamalarında Rusiya ilə münasibətlərdən bəhs edən Sarqsyan bununla da şimaldakı müəyyən dairələrə mesaj ötürür, dəstək axtarırdı. Deyəsən hətta o dəstəyi tapmışdı da.

Son baş verən hadisələr isə eks-prezidentin yenidən hakimiyyətə yiyələnmək arzusunu alovlandırıb. Bu məsələdə həm Rusiyadakı dayaqlarından, həm də Avropadakı dayaqlarından istifadə etmək üçün hərəkətə keçəcəyi gün kimi aydındır. Paşinyan isə Serjin bu arzusunu növbəti dəfə ürəyində qoymaq üçün ilk olaraq Avropadakı dayaqlarını sarsıtmaq qərarına gəlib. Həm Vatikanda, həm də Avropada “yaxşı dostları” olan Minasyan Serjin kürəkəni olduğu üçün Paşinyanın qəzəb oxuna tuş gəlib. Görünür, Paşinyan bu dəfə konkret olaraq Serji tam tərki-silah etmək, sonra isə onu həbsə göndərmək niyyətindədir. Həm də Paşinyan Minasyana qarşı qaldırtdığı cinayət işi Serjə bir mesaj da sayıla bilər. Baş nazir eks-prezidentə “əlimdə kifayət qədər material var, kürəkəninlə başlayıb səninlə bitirə bilərəm” mesajını da ötürmüş sayılır. Bununla da sentyabrda başlaması planlaşdırılan mitinqlərdə Serjin namizəd kimi, lider kimi ortaya atılmasının qarşısını almış sayıla bilər. Zatən erməni müxalifətinin liderlərindən sayılan Armen Aşotyan artıq həbsdədir. Koçaryanın başı ailəsinin əmlakına qoyulan həbsə qarışıb. Erməni müxalifətinin isə Taquhi Tovmasyan, İşxanyan, Andranik Tevonyan kimi orta səviyyəli “liderlər”ə ümid etməkdən başqa çarəsi qalmayıb…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir