Siyasət

“No war”çılar ermənilərin Xocalıda törətdiklərini unudublar, yoxsa bilə-bilə xəyanət yolu tuturlar?” – ŞƏRH

Sharing is caring!


“Çox təəssüf ki, cəmiyyətimizdə bəzən özünü yeni bir mövqe sahibi hesab edən şəxslər meydana çıxır. Təbii ki, bu cür insanların dövlət maraqları, Vətən torpaqları, ərazi bütövlüyü, suverenlik haqqında aydın təsəvvürləri ya ümumiyyətlə mövcud deyil, ya da onlar tamamilə kənar dairələrin maraqlarına xidmət edirlər”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu deyib. Onun fikrincə, ermənilər də Azərbaycanı aqressor adlandırırlarsa, deməli, “no war”çılar özlərini Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanın cəbhəsində hiss edirlər:

“Necə unutmaq olar ki, bizim xalqımızı tarix boyu kütləvi qırğınlara, soyqırımlarına məruz qoyan xalq ermənilər idi? Biz hələ də separatçıların təxribatlarının qarşısını alırıq. Bu halda “no war”çılar necə Azərbaycana, öz ölkələrinə qarşı əsassız ittihamlar səsləndirə bilərlər? Biz sülhü, təhlükəsizliyi real olaraq təmin etmək imkanında olan tək dövlətik. Torpaqlarımızı gücümüz hesabına işğaldan azad etdik. İkinci Dünya müharibəsindən sonra heç bir ölkə öz torpaqlarını bu cür effektiv şəkildə işğaldan azad edə bilməmişdi. Azərbaycan bunu bacardı.

Azərbaycan öz resursları ilə ermənilərin 30 il ərzində viran qoyduğu şəhərləri, kəndləri yenidən qurur. Çünki ermənilər orada daşı daş üstündə qoymayıblar. “No war”çılar ermənilərin Xocalıda törətdiklərini unudublar, yoxsa bilə-bilə xəyanət tonlu fikirlər səsləndirirlər?”

Elşad Mirbəşiroğlu qeyd edib ki, Ermənistanın Azərbaycan xalqı qarşısında çox böyük cavabdehliyi mövcuddur:

“Ermənistan, birincisi, Azərbaycan dövlətinə vurmuş olduğu zərəri ödəməlidir. Ermənilərin bizə qarşı ödəməli olduğu çox böyük mənəvi, vicdani, hətta hüquqi məsuliyyəti var. Onların əli minlərlə soydaşımızın qanına bulaşıb. Azərbaycanlıların başına müsibətlər gətirən, vəhşiliklər törədən erməniləri məğlub etməklə onlara öz yerini göstərməyi bacardıq, gələcək nəsilləri erməni bəlasından xilas etdik. Azərbaycanın, eləcə də bölgənin təhlükəsizliyi istiqamətində önəmli addım atdıq. Bütün bunları təqdir etmək əvəzinə, özünü “no war”çılar adlandıranlar ölkəsindən, xalqından, dövlətindən başqa hamıya xidmət edirlər və bu da xəyanət yoludur”.

Qeyd edək ki, avqustun 15-də özünü “no war”çılar adlandıran bir qrup gənc tədbir keçirib. Onlar Azərbaycanı “işğalçı dövlət”, “aqressor”, Azərbaycan xalqını isə “işğalçı rejimi dəstəkləyən kütlə” adlandırıb, şəhid və qazi ailələrini təhqir ediblər. Xaricdən maliyyələşən bu insanlar cəmiyyətimizin ayrı-ayrı üzvləri tərəfindən sərt tənqid olunublar.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir