Siyasət

“Mənsimovun erməni iş adamlarına qazandırdıqlarının cinayətlərdə istifadə edilməsi mümkündür” – RƏY + FOTO

Sharing is caring!


“Mübariz Mənsimovun erməni iş adamlarına qazandırdıqlarının xalqımıza qarşı cinayətlərdə istifadə edilməsi mümkündür”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan terrorizmin istənilən formasına qarşı öz milli maraqlarını qorumaq əzmindədir.

Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq terrorla əlaqəsi olan, eləcə də dövlət maraqlarımıza qarşı çıxması ehtimal olunan hər bir şübhəli haqqında bütün tədbirlər görülməlidir:

“Müvafiq dövlət qurumlarımızın sonuncu əməliyyatlarından sonra bir daha aydın oldu ki, ölkədə FETÖ terror təşkilatı hələ də siyasi-ideoloji terror törətmək imkanlarına malikdir və bunu etməkdən əsla çəkinmir”.

Deputat diqqətə çatdırıb ki, hazırda yerli mətbuatda iş adamı Mübariz Mənsimovun FETÖ terror təşkilatı ilə əlaqələrinin olması barədə çoxsaylı informasiyalar yayılır, ittihamlar irəli sürülür:

“Qarşı tərəf isə bu iddialarla bağlı ictimai rəyi təmin edəcək heç bir açıqlama, yaxud izahat vermir. Bununla da ictimai şübhə və ittihamlar daha da dərinləşir. Mübariz Mənsimovun erməni iş adamları ilə ortaqlıq etməsi və əldə edilən gəlirlərdən Qarabağda yaşayan erməni terrorçularının xalqımıza qarşı ən müxtəlif cinayətlərdə istifadə etməsi də tamamilə mümkün ola bilər.

Nəticə etibarilə Termenciyanlar ABŞ-də mövcud olan erməni lobbisinin fəal üzvləridir və 30 illik işğal dövründə, elə indi də ermənilərə maddi dəstək vermələri tamamilə mümkündür. Dolayısı ilə Termenciyanın ortaqları da ona maliyyə imkanları qazandırdıqları üçün terrora dəstəkdə elə ortaq sayıla bilərlər. Ona görə də qardaş ölkə Türkiyədə Mübariz Mənsimovun hansı ittihamlar əsasında vaxtilə həbs edildiyi də maraqlıdır”.

Xeyriyyəçilik məsələsinə gəldikdə, Hikmət Babaoğlu əlavə edib ki, bu, FETÖ terror təşkilatının əsas silahlarından biridir:

“İctimai şüuru belə xeyirxahlıqlarla manipulyasiya edərək terrorçudan bir xilasedici obrazı yaradırlar. Bu xilasedici kiminsə xəstəsini sağaldır, kiməsə maddi dəstək göstərir, hansısa media qurumunu maliyyələşdirir, kiminsə təhsil haqqını ödəyir və beləliklə, ehtiyacı olan insanları özünün təbliğatçısına, ictimai rəyi isə özünün tərəfdaşına çevirir. Bundan sonra hakimiyyəti hədəfə alaraq ona iddia edir. Bu gün FETÖ yandaşlarının hansı kritik nöqtələrdə olduqları haqqında müvafiq dövlət qurumlarımızın dəqiq məlumatı olmalıdır, bunun alternativi yoxdur. Azərbaycan dövləti yol verə bilməz ki, xalqımızın qanı-canı hesabına əldə etdiyi qələbəni FETÖ, Soros yaxud başqa bir zərərli təşkilat ermənilər qarşısında gözdən düşürsün. “Dəmir yumruq” bizə bütün düşmənlərimizə qarşı lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir