Siyasət

Ermənistanın BMT fiaskosu: ABŞ və Paşinyana qarşı ittihamlar səngimir – ŞƏRH + FOTO

Sharing is caring!


Gözlənilənlər və proqnozlar özünü doğrultdu. Şübhə yox idi ki, BMT Təhlükəsizlik Şurasındakı (TŞ) uğursuzluqdan sonra erməni cəmiyyətində hakimiyyətə qarşı ittihamlara start veriləcək. Total hücum kampaniyasında baş nazir Nikol Paşinyan satqınlıqda, milli maraqları qurban verməkdə ittiham edilir. Erməni tərəfi Qarabağda “humanitar böhran”, Laçın-Xankəndi yolunun açılmasına dair hansısa müraciət, qətnamə, hətta bu qəbildən müəyyən bir sənəd qəbul ediləcəyinə ümid edirdi. Lakin Fransanın təzyiq və təsiri ilə bir sıra təşkilat və dövlətlər həqiqətdən uzaq fikirlər səsləndirməyə üstünlük versələr də, yekunda sənəd qəbul etmədən dağılışıblar.

Beləliklə də, fransız nümayəndənin riyakarlıq və böhtana köklənən çıxışı ciddi dəstək tapmadı. Nə qədər erməni mövqeyindən irəli gələn çıxışlar olsa da, beynəlxalq aləm erməni hay-küyünün əsassız olduğunu təsdiqlədi. Bununla da, müzakirələrin nəticəsini Ermənistan və onun himayəçisi Fransanın növbəti məğlubiyyəti adlandırmaq olar. Sayca üçüncü olan bu fiasko erməni cəmiyyəti, media və diasporunda pessimist əhvali-ruhiyyə yaratsa da, onlar yenə də erməni xislətindən əl çəkmək niyyətində deyillər. Ermənistanın BMT-dəki nümayəndəliyindən tutmuş hər kəs yarıtmaz fəaliyyətdə ittiham olunur.

Maraqlı budur ki, Ermənistanda və onun hüdudlarından kənarda hakimiyyətə qarşı total hücumlarla yanaşı, beynəlxalq birliyə qarşı da hücumlar start götürüb. Hakimiyyətlə yanaşı, revanşist qüvvələr və xaricdəki erməni lobbisi fövqəldövlətləri, beynəlxalq ictimaiyyəti ittiham etməyə başlayıb. Ermənistan və diaspor üçün xüsusilə ABŞ-nin mövqeyi gözlənilməz olub. İrəvanın bütün ümidi də məhz ona idi. Görünür, elə bu səbəbdən də Birləşmiş Ştatlardakı erməni diasporu Bayden administrasiyasını BMT TŞ-dəki təşəbbüslərinin iflasında ittiham edib.

Amerika Erməni Milli Komitəsinin yaydığı bəyanata diqqət yetirək. “ABŞ qabaqda olmalı və BMT TŞ-yə və beynəlxalq cəmiyyətə rəhbərlik etməlidir. Liderliyin iflası”, – deyə bəyanatda bildirilib. Göründüyü kimi, ermənilər uğursuzluğun səbəbkarı kimi hər kəsi ittiham edirlər, bir özlərindən başqa.

Eyni vəziyyəti elə Ermənistanın daxilində də hiss etmək olar. Separatçılar arasında pessimist əhvali-ruhiyyə daha qabarıq özünü göstərir. Məsələn, qondarma qurumun keçmiş funksionerləri David Babayan və Ruben Vardanyan TŞ-də müzakirələrin Azərbaycanın sözün əsl mənasında qələbəsinə gətirib çıxaracağını irəli sürüblər. “Əgər belə davam edəcəksə, Qarabağ sərt addımlara gedəcək. Oturub acından ölməyəcəyik ki? Ya biz qalıb mübarizə aparmalı, ya da hər şeyə tüpürüb getməliyik”, – deyə D.Babayan vurğulayıb. Onunla həmfikir olan Ruben Vardanyan isə BMT-ni Qarabağda vəziyyət barədə dəqiq anlayışı olmamaqda ittiham edib.

Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov da hakimiyyəti uğursuzluqda ittiham edir.

“Biz BMT Təhlükəsizlik Şurasının iclasından faydalandıq, ya yox? Bir şey aydındır: ən yüksək beynəlxalq səviyyədə biz bir daha bəyan etməyə icazə verdik ki, Qarabağ Azərbaycanın bir hissəsidir. Nikol Paşinyanın xuntasının “nailiyyəti” budur”, – deyə keçmiş vitse-spiker vurğulayıb.

Bununla yanaşı, vəziyyətə obyektiv qiymət verən ermənilərə hələ rast gəlmək mümkündür. Məsələn, erməni beynəlxalq ekspert Sergey Melkonyan hesab edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının iclasında öz məqsədlərinə nail olmayıb. Onun sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrlə kifayət qədər iş görməyib, ona görə də bəzi dövlətlərin bəyanatları ermənilər üçün xoşagəlməz hala gəlib.

Politoloq, “Voskanapat” analitik mərkəzinin təsisçisi Qrant Melik-Şahnazaryan isə uğursuzluqda birbaşa baş nazir Nikol Paşinyanı ittiham edib. Onun sözlərinə görə, Qarabağın Azərbaycan ərazisi olduğu artıq reallaşır.

“Azərbaycanın Ermənistandan olan nümayəndəsi (Paşinyan nəzərdə tutulur – müəl.) bu dəfə də əla iş gördü: o, BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı və hamının Qarabağı bir daha Azərbaycanın ərazisi kimi tanımasını təmin etdi”, – deyə erməni ekspert bəyan edib.

“Paşinyan isə xalqın qarşısında durub bəhanələr uydurmağa başlayacaq. Deyəcək ki, biz hər şeyi etdik, hətta Təhlükəsizlik Şurasının iclasını da çağırdıq, amma gördüyünüz kimi, hamı deyir ki, Ağdamdan keçən yol açılmalıdır. Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınmalıdır. Ona görə də mən az qala əminəm ki, iclas İrəvanın yox, Bakının tələbi ilə keçirilib. Bakı böyük iş gördü və onların agenti İrəvanda olmasaydı, azərbaycanlılar heç vaxt bu problemi həll edə bilməzdilər”, – Şahnazaryan deyib.

Erməni mediasındakı ittihamlar da fərqli deyil. TŞ-də yaşananlar hakimiyyətə müxalif media tərəfindən “TŞ şou” kimi qələmə verilib.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, erməni cəmiyyəti xəstə təfəkkürün əsiri olmaqda davam edir. Bu təfəkkürdən çıxmaq üçün isə görünür, on, hətta yüzilliklər gərək olacaq.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir