Siyasət

Qubad İbadoğlu – Mübariz Mənsimov “İŞBİRLİYİ”: FETÖ-çü “duet”i kim və necə yönləndirir?

Sharing is caring!


Azərbaycanda FETÖ terror şəbəkəsinə qarşı ötən ay səs-küylü əməliyyatın keçirilməsi və nəticədə iqtisadçı-siyasətçi Qubad İbadoğlu da daxil olmaqla bir neçə nəfərin həbs edilməsi gülənçiləri, eyni zamanda, onlarla sistemli mübarizə məsələsini yenidən xeyli aktuallaşdırıb. 

Ümumiyyətlə, ölkədə bir müddət diqqətdən və nəzarətdən kənar qalmış kimi görünən fətullahçı güruh əleyhinə xüsusi əməliyyatın gerçəkləşdirilməsi bu terrorçu şəbəkənin Azərbaycandakı dayaqlarının tam şəkildə sıradan çıxarılmasına yönəlik tədbirlərin gec də olsa, növbəti mərhələsi kimi qiymətləndirilir. 

Doğrudur, sosial şəbəkələrdə və FETÖ ilə bağlılığı şübhə doğurmayan media orqanlarında sözügedən əməliyyata, o cümlədən, aparılan həbslərə münasibət birmənalı olmasa da, tədricən ictimailəşdirilən müəyyən məlumatlar bu tədbirlərin nə qədər zəruri olduğuna dair qəti qənaət formalaşdırır. 

Bu əməliyyatdan sonra ortaya çıxan ilk sualların qısa rüzümesi bundan ibarətdir ki, yuxarıda da vurğulandığı kimi, uzun zaman “gözdən və könüldən uzaq” qalan FETÖ birdən-birə nədən xatırlandı və Azərbaycandakı gülənçilər əleyhinə bu qəfil tədbirləri hansı amillər şərtləndirdi?
Təbii, FETÖ-nün “beşiyinin” Türkiyədə olduğunu nəzərə aldıqda, bu sualların cavabının tapılması üçün qardaş ölkədəko son proseslərə nəzər salmaq lazım gəlir. Türkiyədə bu ilin mayında baş tutan prezident və parlament seçkiləri ərəfəsində, həmçinin seçki kampaniyasının yüksək templə davam etdiyi təqribən üç aylıq zaman kəsimində türk cəmiyyətində siyasi fəallığın və təbii ki gərginliyin hansı həddə çatdığını hər kəs xatırlayır. 

Qeyd etmək lazımdır ki, bu seçkilərdə AK Parti iqtidarını və Rəcəb Tayyib Ərdoğanı devirməyi özünün əsas prioriteti seçən kollektiv Qərbin nəzarətindəki bütün mümkün vasitələri bu işə cəlb etməsi Türkiyədəki bir çox dairələri, eləcə də FETÖ-nü xeyli ümidləndirərək hərəkətə keçirmişdi. Aparılan təbliğatın etforiyasına qapılan gülənçilər bu seçkiləri Ərdoğanın sonu olaraq dəyərləndirərək “səngər”dən çıxmağa hazırlaşdılar. 

Ancaq seçkilərin nəticəsi Qərbi də, gülənçi şəbəkəni də dərin xəyal qırıqlığına uğratdı. Ərdoğan ikinci turda olsa belə yenidən prezident seçildi, AK Partiya isə MHP və digər müttəfiqləri ilə birlikdə parlamentdə üstünlüyü təmin etdi. Belə bir vəziyyətdə növbəti dəfə baş qaldırmağa hazırlaşan FETÖ planlarının suya düşməsi səbəbindən Türkiyənin ən yaxın müttəfiqi, eləcə də gülənçi şəbəkənin ayaqda olduğu Azərbaycanda fəallaşmağa qərar verməli oldu. 

Gülənçilərin Azərbaycanda təşkilatlanamağa başladıqları ilkin dönəmdən məlumdur ki, FETÖ-nün strukturlaşmaq üçün seçdiyi ən münbit sahə təhsil sektorudur. Azərbaycanın müxtəlif regionlarında şəbəkəyə bağlı onlarla məktəbin istifadəyə verilməsi və həmin müəssisələrdə “potensial kadr”ların yetişdirilməsi FETÖ-nün uzaqmənzilli hədəflərinin mühüm tərkib hissəsi idi. 

O baxımdan, Azərbaycanda şəbəkə mənsublarına qarşı keçirilmiş son əməliyyat zamanı həbs edilənlərin də əsasən, bu seqmentə aid olmaları əsla təəccüblü deyil. Digər tərəfdən, haqqında danışılan əməliyyatın təşkilində Türkiyənin informativ iştirakı və ardınca Fazil Qasımovun Türkiyədə həbs edilməsi Bakı ilə Ankaranın bu işdə sinxron davrandıqlarını təsdiqləyir. 
Bu arada müxtəlif kanallarla yayılan məlumatlarda Qubad İbadoğlu ilə FETÖ-çü olduğu ifşa edilən iş adamı Mübariz Mənsimovun əlaqələrinin mövcudluğundan bəhs edilir. Fazil Qasımovun isə onların, həmçinin Türkiyədəki tələbələr və media qurumları arasında əlaqənin qurulmasında, yönəlndirilməsində birbaşa iştirak etdiyi bildirilir. Konkret desək, bu məlumatlar Qubad İbadoğlu ilə Mübariz Mənsimovun birgəliyini, FETÖ-nün tapşırıqlarını birlikdə icra etdiklərinə şübhə yeri qoymur. 

Bəhs olunan çərçivədə maraqlı məqamlardan biri də Azərbaycanda bu şəxslərə rəğbətlə yanaşan müəyyən çevrənin mövcudluğudur. O çevrəyə daxil olanlar İbadoğlu və Mənsimovla eyni mövqedədirlər. Düzdür, Mənsimova rəğbət məsələsində iş adamanın onlara mnasibətdə səxavətli davranışı mühüm rol oynasa da, onun ətrafında sırf ideolji prinsipə görə qərarlaşanlar və bu üzdən xüsusi təhlükə kəsb edənlər də var. Özü də sonuncu kateqoriyaya məxsus olanlar bürokratiya, siyasət, media, QHT, təhsil və başqa sektorlarda yerləşiblər.       

Göründüyü kimi, FETÖ-nün Azərbaycanda “lövbər saldığı” bütün sahələr strateji əhəmiyyəti olan seqmentlərdir. Bu şəbəkənin əsas fiqurları qazandıqları destruktiv təcrübə sayəsində insanların “damar”ını tuta və onların düşüncələri ilə manipulyasiya etməyi yaxşı bacarırlar. Bütün hallarda demək mümkündür ki, gülənçi şəbəkənin və onun aparıcı fiqurlarının fəaliyyətinə dair bu detalları dövlətin müvafiq orqanları da tam olaraq təsbit ediblər. Ona görə də, Türkiyə ilə Azərbaycanın FETÖ əleyhinə sıx koordinasiya şəraitində həyata keçirdikləri fəaliyyətin daha ciddi nəticələrinin olacağını gözləmək üçün yütərincə əsas var.   

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir