Siyasət

Ermənistanın rəsmi statistikası da azərbaycanlılara qarşı deportasiya faktını təsdiq edir – RƏY

Sharing is caring!


“Qərbi Azərbaycan İcması İctimai Birliyinin BMT-nin İnsan hüquqları üzrə Ali Komissarına müraciəti Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarının bərpasına çağırışdır. Bu müraciətin mətnində əksini tapmış bütün tələblər beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

O qeyd edib ki, ötən müddət ərzində Qərbi Azərbaycan İcması tərəfindən müxtəlif beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə ünvanlanmış müraciətlərdə, yayılmış bəyanat və açıqlamalarda 1987-91-ci illərdə Ermənistandan məcburi şəkildə deportasiya edilmiş azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin nəticələri barədə kifayət qədər tutarlı faktlar öz əksini tapıb.

R.Məmmədov deyib ki, İnsan Hüquqları üzrə Ali Komissarlığın əsas fəaliyyət istiqamətlərindən biri ciddi insan hüquqları pozuntularına qarşı tədbir görməkdir:

“Ali Komissar insan hüquqları sahəsində yeni standartların, normaların hazırlanmasında iştirak etməklə yanaşı, eyni zamanda, beynəlxalq birlik tərəfindən qəbul edilmiş ümumi qaydalara riayət olunmasına nəzarət edir. Bu sahədə problemlərin aşkara çıxarılıb zəruri tədbirlər görülməsi üçün BMT-nin digər təsisatları ilə əlaqələndirilmiş fəaliyyət göstərir. Bu baxımdan, yüzminlərlə azərbaycanlının Ermənistandan kütləvi deportasiyası faktına insan hüquqları ilə məşğul olan BMT institutu olaraq, bu qurumun münasibət bildirməsi bilavasitə onun üzərinə düşən vəzifədir”.

Deputatın sözlərinə görə, Qərbi Azərbaycan İcmasının müraciətində Ermənistan tərəfindən qovulmuş azərbaycanlıların hüquqlarının pozulması, onların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaq hüququnun bərpasının zəruriliyi vurğulanıb. BMT-nin İnsan hüquqları üzrə Ali Komissarından bu məsələ ilə bağlı informasiya mübadiləsi, hesabatların hazırlanması, ictimai vəkillik fəaliyyətinin aparılması və birgə iştirakın təşviq edilməsi çağırışı qeyd edilib:

“Bu çağırışın, ümumilikdə müraciətin əsas motivi ondan ibarətdir ki, azərbaycanlıların Ermənistandan deportasiyası tarixi faktdır və beynəlxalq ictimaiyyətin bu etnik təmizləmə faktına konkret formada, beynəlxalq hüquqa uyğun ədalətli qiymət verməsinə ehtiyac var. 1988-ci ilə qədər Ermənistan ərazisində 250 min nəfərdən çox azərbaycanlı yaşayıb və bu fakt bir çox tarixi sənədlərdə öz təsdiqini tapıb. 1991-ci ildən sonra isə Ermənistan ərazisində bir nəfər də azərbaycanlı qalmayıb. Ermənistanda aparılan əhalinin siyahıyaalınmasına dair sənədlər də bunu təsdiq edir. Yəni faktiki olaraq, tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövlətinin özünün rəsmi təsdiq etdiyi statistika belə azərbaycanlılara qarşı deportasiya faktını açıq şəkildə ortaya qoyur. Deportasiya isə insanlıq əleyhinə cinayətdir, ona görə də Ermənistandan qovulmuş azərbaycanlılar bu məsələyə beynəlxalq birlikdən ədalətli, obyektiv qiymət gözləyirlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir