Siyasət

“ATƏT sədrinin dedikləri Ukraynada işləyir, Azərbaycanda yox?” – RƏY + FOTO

Sharing is caring!


“ATƏT sədrinin dedikləri Ukraynada işləyir, Azərbaycanda yox? Avropa İttifaqı Rusiyanın bu cəhdini hətta humanitar məqsədli olsa belə, birtərəfli hərbi müdaxilə kimi qiymətləndirirdi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, bu gün dünyada baş verən işğal, müharibə, zorakılıq hallarının əksəriyyəti beynəlxalq hüququn onu qəbul edən beynəlxalq ictimaiyyət tərəfindən pozulması nəticəsində baş verir:

“Böyük dövlətlərin və beynəlxalq təşkilatların öz maraqlarına uyğun olaraq tətbiq etdikləri ikili standartlar onlara qarşı bumeranq effekti ilə nəticələnir. Bu gün bizdən öz ərazimizdə bütün qanuni prosedurlar əsasında fəaliyyət göstərən sərhəd-keçid məntəqəmizin açılmasını tələb edənlər nədənsə cəmi doqquz il öncə Rusiyanın Ukrayna ərazisinə humanitar karvan göndərməsinə qarşı çıxır, bunu ərazi bütövlüyünə qəsd kimi qiymətləndirirdilər”.

Deputat xatırladıb ki, 2014-cü ildə Rusiya Ukraynanın Donbas ərazisinə humanitar yardım göndərmək məqsədilə BMT TŞ-də məsələ qaldırmışdı:

“Bu təşəbbüs dərhal rədd edilmişdi, beynəlxalq birlik Moskvanın bu niyyətinə qarşı çıxmışdı. İnandırıcı deyil, ancaq ola bilsin, yadlarından çıxıb. ABŞ-nin BMT-dəki nümayəndəsi bunu başqa ölkənin ərazisinə birbaşa müdaxilə cəhdi kimi qiymətləndirirdi. ATƏT isə sədrinin dili ilə bəyan edirdi ki, humanitar yardım ərazi bütövlüyünə hörmət edilməklə həyata keçirilər bilər. Necə olur, özlərinə lazım olanda ərazi bütövlüyündən danışırlar, birtərəfli aksiyanı işğal cəhd kimi qiymətləndirirlər, bizdən isə Ermənistandan göndərilən yüklər üçün sərhədlərin açılmasını tələb edirlər?

Rusiya o vaxt məsələni BMT TŞ-də qaldırmışdı, xarici işlər naziri bununla bağlı xüsusi müraciət etmişdi. İndi isə Ermənistan nə müraciət edir, nə icazə alır, Yerevandan naməlum yükləri Azərbaycan sərhədinə doğru yollayır. Həmin beynəlxalq birliyin təmsilçiləri isə tökülüb gəlirlər sərhədə ki, bir ovuc separatçı acdır, yükləri ərazinizə buraxın. Hansı məntiqlə? ATƏT sədrinin dedikləri Ukraynada işləyir, Azərbaycanda yox? Avropa Birliyi Rusiyanın bu cəhdini hətta humanitar məqsədli olsa belə, birtərəfli hərbi müdaxilə kimi qiymətləndirirdi. Bu gün isə Avropa Birliyinin ayrı-ayrı dövlətləri doqquz il öncəki mövqelərinin tam əksini sərgiləyirlər. Nə dəyişib?”

E.Allahverdiyev bildirib ki, dünya birliyi bir yana, bu gün Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir:

“Belə olduğu halda, özlərinin tanıdıqları ərazi bütövlüyünə qarşı etdikləri qəsd cəhdi beynəlxalq hüququn hansı prinsipindən qaynaqlanır? Bu, Azərbaycana qarşı yazılmamış ikili standartlar prinsipinin bariz nümunəsidir. Azərbaycan xalqı 30 il ərzində dünya birliyinin beynəlxalq hüququ ayaq altına alıb tətbiq etdiyi ikili standartlardan əziyyət çəkib. Ərazimizin beşdəbiri işğal olunub, bir milyonadək qaçqın və məcburi köçkün vətəndaşımız olmazın şəraitdə yaşamaq məcburiyyətində qalıb. Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş və öz ölkəsində məcburi köçkün olaraq ehtiyac içində həyatlarını davam etdirən, 15 ildən çox müddətdə quru torpağın üstündə, çadır şəhərciklərində yaşayan camaatımızın halına yanan olmayıb. Əksinə, adlarını vasitəçi qoyanlar üzərlərinə götürdükləri missiyanı yerinə yetirmək bir yana, hələ bizi məcbur etmək istəyiblər ki, reallıqla barışaq, yurdumuzu işğal etmiş erməniyə göz yumaq. Beynəlxalq hüquq bir kənara, onların hansı mənəvi haqları çatır ki, bizdən bir ovuc separatçının şıltaqlığına görə sərhədlərimizin açılmasını tələb edirlər?

Bu gün BMT-nin baş katibi bizə müraciət edir ki, bütün hüquqi prosedurlara, yerli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun şəkildə fəaliyyət göstərən sərhəd-keçid məntəqəsini açaraq Ermənistandan heç bir müraciət və icazə olmadan göndərilən yükü öz ərazimizə buraxaq. Görəsən, onun BMT-nin özünün qəbul etdiyi dörd qətnamənin 30 il ərzində icrasız qaldığından xəbəri varmı?”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir