Cəmiyyət

Şef

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Hüseyn Özer (Hüseyin Özer): “Hər kəs böyük adam olmaq istəyərkən, mən yaxşı adam olmağı qarşıma məqsəd qoymuşdum”. 

Bu adamın qəribə görünüşünü ilk dəfə görəndə, danışığını eşidəndə düşündüm ki, adam ya rəssamdır, ya da musiqiçi. 

Amma Hüseyn bəy bir şefdir. Bizdə buna sovetdən qalma “baş aşpaz” deyirlər. Mənə görə isə şef daha uyğundur. Daha gözəl səslənir.
Şef bütün restoranın, mətbəxin ürəyidir axı. 

İndi deyəcəksiniz ki, niyə hansısa şef bizə maraqlı olsun ki? Çünki adam Londonda restoranlar şəbəkəsinin sahibidir, Mişlen ulduzu alan ilk türkdür və ən əsası çox maraqlı həyat hekayəsinə malikdir. Adamın milyonçu olması üçün nə ana-ata, nə də varlı qohum-əqrəbası dəstək olub. 

Doğulduğu ailədə qayğı, sevgi görməyən, uşaqlığını heyvanlara baxmaqla keçirən, çobanlıq edən, məktəbə getməyən, yazıb-oxumağı oradan-buradan öyrənən, 11 yaşından küçələrdə qalan, kənddən Ankaraya gələn, ictimai ayaqyolunda yatan (hər dəfə söhbət bundan gedəndə, şef “mən o ayaqyoluna minnətdaram” deyir), həyatın bütün acısını görən 74 yaşlı Hüseyn bu gün də insanlara yardım edir, ehtiyacı olanlara əl tutur. 

Yaşadığı çətinliklər isə onu bir damla belə qəddar və kobud edə bilməyib. Adam xeyirxahlıq saçır sanki. 

Nə əldə edibsə öz gücünə edib. Amma hər dəfə danışanda Türkiyəyə, Vətənimə minnətdaram deyir. Vətənimi sevirəm deyir. Həm də uzun illər Londonda yaşamasına baxmayaraq türk dilində mükəmməl danışır. Restoranlarında isə bolqar, efiopiyalı, türk və digər millətlərdən olan var. Heç kimə fərq qoymadan hər birinə eyni qayğıyla yanaşır. Bildiklərini onlarla bölüşür, onların peşəkar olması üçün çalışır.

Bu gün yaratdığı xeyriyyə fondu xeyli sayda türkiyəli uşağın təhsil alması üçün vəsait xərcləyir. Həqiqətən də, fantastik adamdır. İngiltərənin kral ailəsinin üzvləri Hüseynin restoranına yeməyə gəldiyi üçün pəncərəsində gülləkeçirməz şüşələr var. Madonna kimi məşhur qonaqları olan restoranlardan biri Londonun Oksford küçəsində yerləşir. Qısa məlumat verim ki, Oksford küçəsi, Londonun əsas küçələrindən biridir. “Vest End”də yerləşən “Vestminster Tottenham Kort” yolundan Mərmər Tağa qədər uzanır. Küçədə 300-dən çox bahalı və lüks dükanlar var. Deyilənə görə, bu küçədən hər gün yarım milyona yaxın adam keçir. Bura həm Avropanın ən işlək alış-veriş (ticarət) küçəsi, həm də çox pul xərclənilən küçələrdən biri hesab olunur. Təqribi təsvir etdiniz yəqin, belə bir küçədə restorana malik olmaq nə deməkdir…

Bəli, bir vaxtlar Ankaranın ictimai ayaqyolunda yatan Hüseynin bu gün belə bir restoranları var. Özünün də dediyi kimi, Osmanlı mətbəxinin təamlarını hazırlayır. Və dünyanın dörd bir tərəfindən Londona qonaq gələnlər bu ləzzətdən doymurlar. Gələn, yenə də gəlir.

Hüseyn şef deyir ki, acından ölməmək üçün lokantaya (restoran – red.) getdim, gündə bir dəfə yemək üçün işlədim (bir qab yeməyə), bir də gördüm ki, lokanta sahibiyəm. 

Hüseyn şef, həyatının bütün çətinliklərindən elə asan, elə yüngül danışır ki, elə bil başqasının həyat hekayəsini danışır. Bir parça kədər, ağrı, təəssüf olmadan. 

İndi bilmirəm, bəlkə də Hüseyn elə Türkiyədə qalsaydı, bir küçə uşağından küçə adamına çevriləcəkdi. Bəlkə tüfeyli olacaqdı, bəlkə cinayətkar, oğru, bəlkə də elə gənc yaşında, küçədə həyatını itirəcəkdi… Özünün dediyi kimi, “Mən Londona ingilis dilini öyrənməyə gəldim, pul qazanmağa yox. Londonun qayda-qanunu, nizam-intizamı var”. 

Hüseyn əlində olan pulla tələbələrə qoşulub Türkiyədən Londona gəlir. Düz üç gün ac qalır. Getməyə yeri yox, tanıdığı adam yox. Yenə də, küçə-küçə düşüb özünə iş axtarır. 

Bu gün milyonlarla sərvəti olan Hüseyn şef deyir ki, həmişə içimdə bir oxumaq, təhsil almaq arzum olub. Amma heç ibtidai məktəb üzü belə görməmişəm. Yazı yazmağı isə dəftərdə deyil, torpaqda daş-ağacla yazmağı öyrənmişəm.  Heç kimə lazım olmamışam, nə ana-atama, nə də bir kimsəyə…

Qeyd edim ki, uşaq yaşlarında qardaşı onu zəhərləyib öldürmək belə istəyib. Hüseyn zəhərli ənciri yeməməsi sayəsində ölümdən qurtulub.    

Bu gün Hüseyn şefin bir qız övladı var, ona da deyib ki, sizə pul-para yoxdur, gedin özünüz çalışın, qazanın. Qazancını isə təhsil almaq istəyən uşaqlar üçün öz şəxsi fonduna xərcləyir. 
Hüseyn şef, bütün müsahibələrində deyir ki, çalışacaqsan! Çalışacaqsan və dürüst olacaq. Namus ayaq arasında olmur, namus zəhmətində, verdiyin sözdə olur. Söz verdinsə, bitdi. Etməlisən!

Hüseyn şefin, bir də maraqlı qaydası var. Əgər onun restoranına gələn adam, müştəri sifariş verdiyi yeməyi sevməsə, ağız dadına uyğun olmasa Hüseyn şef mütləq onu dəyişdirəcək. Başqasını hazırlayacaq və pulunu almayacaq.  

Vallah ki, şefi dinlədikcə, onun həyatına baxdıqca deyirəm ki, görəsən o zaman niyə bizdə bəzi restoranlar bu gündədir? 

Bizdə bəzi restoranlar, kafelər var ki, pulunla yemək sifariş edirsən, adamı borclu çıxarırlar. İstər aşpazı olsun, istər təzə söz çıxıb axı “menecer”i. Şikayət edəndə isə deyirlər ki, hara istəyirsən get şikayət elə. Hirslənib çıxırsan məkandan. Heç bilmirsən ki, görəsən alınan ət, yağ haradandır, neçə aydır soyuducuda qalıb? Ya elə küçədə saxlayıblar? Heç bilmirsən ki, qarşında qoyulan qab-qacaq təmizdir, ya yox… 

Hüseyn şef deyir ki, mən ailə tərbiyəsi görmədim, heyvanlarla böyüdüm. Öküzlə, inəklə, qoyunla. Onlar nə etdilərsə, onlardan öyrəndim. Heyran olmamaq olmur axı? Sən demə heyvanların verdiyi tərbiyə insanların verdiyindən daha gözəl olurmuş. 

Bir də Hüseyn şefin qızıl qanunu var. Öz işçilərinə mütləq dadlı və keyfiyyətli yemək verər. Əvvəlcə əməkdaşların yeməyini hazırlatdırır, onları yedizdirir. Bu uşaqlar övladdır, onlara yaxşı baxmalıyıq deyir. Sonra günün menyusu və digər hazırlıqlar həyata keçirilir.

Bir də Hüseyn şef deyir ki, mən iş adamı deyiləm, mən Türkiyə Cümhuriyyətinin xaricdə əsgəriyəm! 7 gün çalışan adamam. Ölənə kimi də çalışacağam. Vətəni onun üçün heç nə eləmədən özünü yenə də Vətəninə borclu sayır. Bizdə isə bəziləri Vətəni talayıb gedirlər, xaricdə kef edirlər. Heç Allaha da borclu olmadıqlarını deyirlər. 

Hüseyn şef öz zəhməti ilə milyonçu olub, bizim bəzi “milyonçular” isə Vətəni talamaqla. Hüseyn şef, imkansız uşaqlar üçün təhsil fondu açır, bizim bəzi “iş adamlarımız” isə iki nəfərə əl tutur, bütün qəzet manşetlərinə reklam verirlər…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir