Siyasət

Prezident informasiya müharibəsində mübarizənin önündə gedir – ŞƏRH

Sharing is caring!


Prezident İlham Əliyev Şuşada Qlobal Media Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibə verib.

Dövlət başçısının müsahibədə dedikləri, ümumiyyətlə çıxışları Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-müəyyən və ziddiyyətli açıqlamalarına ən effektiv və tutarlı cavablardır.

Prezidentin istər beynəlxalq platformalarda, istərsə də müsahibələrdə səsləndirdiyi bəyanatlar Azərbaycanın informasiya müharibəsi üçün stimuldur. 44 günlük Vətən müharibəsində olduğu kimi, Prezident İlham Əliyev yenə də informasiya müharibəsində mübarizənin ön sıralarındadır. Bu, Azərbaycana qarşı məqsədyönlü kampaniya aparan qüvvələrə qarşı birbaşa cavabdır.

Prezident bildirib: “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq. Beləliklə, bu, artıq tamamlanmış bir nömrəli missiya idi. İndi isə biz sülh haqqında danışırıq”.

Bu sitatın özündə çox böyük məna var. Müsahibədə İlham Əliyev Ermənistanı həm sülhə dəvət edir, həm ona havadar olan dairələrə mesaj ünvanlayır, həm də Azərbaycanın zərurətlərdən irəli gələcək addımlarını sadalayır. Bu, 44 günlük müharibədə Azərbaycanın qələbəsinin xatırladılması fonunda qeyd olunur.

Digər sitat: “Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır”.

İlham Əliyevin Qarabağ ermənilərinə mesajına da diqqət etməkdə fayda var:

“Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin, onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar, başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.

Bu, çox mühüm aspektdir. Müsahibədə bu prizmada Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyini bəhanə edib Azərbaycana qarşı hədyan yağdıranlara tutarlı cavablar var.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin erməni dəyirmanına su tökən fəaliyyəti də tənqid edilir, tələb olunur ki, həmin təşkilatın Xankəndi ofisi İrəvandakına yox, Bakıdakı idarəyə tabe olmalıdır.

İlham Əliyevin tezisləri Azərbaycanın informasiya müharibəsinin bazası kimi rol oynayır. Bunun çox dərin və məzmunlu yükü var. Azərbaycanın sülhə çağırışları, Ermənistanın buna reaksiyasından asılı olaraq atılacaq addımların yol xəritəsi İlham Əliyevin bəyanatlarında öz əksini tapmaqdadır.

Cənab Prezident Azərbaycana qarşı təbliğat aparanlara mənalı cavablar verir, ölkəmizin suveren hüquqlarını xatırladır.

Prezidentin hər suala tutarlı və əhatəli cavablar verməsi onun böyük siyasi təcrübəsindən, diplomatik peşəkarlığından xəbər verir.

Müsahibəni ümumi şəkildə qiymətləndirsək, burada çox geniş gündəliyə toxunulduğunu qeyd edə bilərik.

Dövlət başçısının fikirləri təkcə ikitərəfli əlaqələrlə bağlı deyil, bu, eyni zamanda regional təhlükəsizlik üçün formulların təqdimi deməkdir.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir