İdman

ARAF-ın baş katibi: “Bütün dünya polonun məhz çövkəndən yarandığını qəbul edir” – MÜSAHİBƏ

Sharing is caring!


Noyabrın əvvəllərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalı və çövkən üzrə ilk dünya çempionatı keçirilib.

Binə Atçılıq Mərkəzində baş tutan mundialla yanaşı, milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə cıdır yarışları və yorğa qaçışları da təşkil olunub.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa və Mərakeş millilərinin iştirakı ilə keçirilən çövkən üzrə dünya çempionatının qalibi Azərbaycan yığması olub. Komandamız Türkiyəni 7:1, Qazaxıstanı 6:0, Mərakeşi isə 4:0 hesabı ilə məğlub edərək, qızıl medalları qazanıb.

Mötəbər yarışla bağlı “Report”un suallarını cavablandıran ARAF-ın baş katibi Bəhruz Nəbiyev qonaqların təşkilatçılıqdan məmnun qaldıqlarını bildirib, gələcək hədəflərdən bəhs edib.

Həmin müsahibəni təqdim edirik:

– Başa çatan dünya çempionatı ilə bağlı təəssüratlarınız necədir?

– Dünya çempionatı ilk dəfə keçirilirdi. Milli atçılıq bizim üçün çox önəmli olduğundan, bunu həm ölkə daxilində, həm də Azərbaycanın hüdudlarından kənarda təbliğ etməyə çalışırıq. Budəfəki dünya çempionatında iştirakçı sayı 6 idi. Birinci dəfə təşkil olunduğundan, komanda sayını minimumda tənzimlədik. Amma getdikcə daha çox ölkənin bu idman növünə cəlb olunmasını planlaşdırırıq. Artıq bütün dünya polonun məhz çövkəndən yarandığını qəbul edir. Yəni çövkən polonun əsl adıdır. Bu da bizə polo ilə məşğul olan dünya yığmalarını çövkənə cəlb etmək imkanı verir. İştirakçılar özləri də deyirdilər ki, çövkən yaranmasaydı, polo da olmazdı.

– Azərbaycan millisinin yarışın qalibi olması yəqin ki, təəccüblü olmadı…

– Çox maraqlı üç oyun günü keçirdik. Gözlədiyimiz kimi, Azərbaycan yığması çempion oldu. Çünki bu idman növü digər ölkələrlə müqayisədə Azərbaycanda daha geniş yayılıb. Rəqiblərin müqavimətinə baxmayaraq, Azərbaycanın çempionluğunu gözləyirdik. Digər komandalardan isə Mərakeşin çıxışını vurğulamaq olar. Finalda məhz bu komandaya qalib gəldik.

– İştirakçı komandalar buranı hansı təəssüratlarla tərk etdilər?

– Bütün iştirakçı komandalar Azərbaycandan xoş fikirlərlə ayrıldılar. Hətta çoxu ilk dəfə ölkəmizə gəlmişdi. Burada yüksək qonaqpərvərliklə qarşılandıqlarını vurğuladılar. Yarış bitəndən sonra bizə təşəkkür məktubları ünvanlayanda da bu məqam xüsusi vurğulanırdı. Komandaları təxminən 8 gün Bakıda qonaq etdik. Onların məskunlaşdıqları məkan, gündəlik qidalanmaları, nəqliyyatı tərəfimizdən qarşılanmışdı. Hətta qonaqlar üçün şəhər turu da təşkil etmişdik. Çünki beynəlxalq turnirə evsahibliyi etdiyimiz zaman iştirakçıların Bakı, Azərbaycan, millətimiz, milli dəyərlərimiz ilə tanış olmalarını da istəyirik. Qonaqları ölkəmiz, Bakının gözəlliyi ilə tanış etmək üçün bu yarışlar səbəb olur. Azərbaycanın necə tolerant ölkə olduğunu hər kəsə nümayiş etdirdik. Çünki gələnlər arasında müxtəlif dini inancları olan insanlar var idi. Onların heç biri ayrı-seçkilik hiss etmədi. Ümumilikdə bütün qonaqlarımız Azərbaycandan yüksək təəssüratlarla ayrıldılar.

– Dünya çempionatı üçün 6 komanda az deyildi?

– Tamamilə doğrudur, dünya çempionatı üçün 6 komanda azdır. Sadəcə, bu, başlanğıc idi. Çövkənin beynəlxalq arenalarda keçirilməsinə məhz dünya çempionatı ilə start vermişik. Bu, həm də bizim üçün test idi. Polo çövkəndən yaransa da, aralarında müəyyən fərqlər var. Poloçuları çövkənə hansı formada uyğunlaşdıra biləcəyimizi yoxladıq. Bu sınaq müsbət nəticə verdi. Rəqib komandalarda peşəkar poloçular olduğundan, çövkəni tez qavradılar. Çox az sayda qayda pozuntuları ilə üzləşdik. Oyunlar zamanı bütün künclərə kameralar yerləşdirilmişdi. Hər hansı qayda pozuntusu zamanı hakim qərarını verdikdən sonra belə, epizodun təkrar izlənilməsi mümkün idi. Finalda bir epizodla bağlı məhz videotəkrara baxdıqdan sonra qərar verildi.

Düşünürəm ki, gələcəkdə qitə çempionatları, eləcə də final mərhələsinə yüksəlmək üçün təsnifat mərhələləri təşkil etmək olar. Ən böyük istəyimiz bu idman növünü mümkün qədər çox ölkədə tanıtmaq və onların yarışlara cəlb edilməsinə nail olmaqdır.

– Qonaqlar daha çox nədən razı və ya narazı qaldılar?

– İştirakçı komandaların nümayəndələri ilə tez-tez həm fərdi, həm də kollektiv şəkildə görüşlər keçirdik. Çövkənin onlara nə dərəcədə maraqlı gəldiyini öyrənməyə çalışırdıq. Qonaqlar tərəfindən iki məsələ yüksək qiymətləndirildi. İlk növbədə oyunların çox maraqlı keçdiyini dedilər. Məsələn, poloda o qədər çox qayda pozuntusu olur ki, görüşün tempi aşağı düşür. Çövkəndə isə qaydalar sərt deyil. Hər hissəsi 15 dəqiqədən ibarət olan iki hissəlik oyun yüksək tempdə keçir. Digər məqam isə atlar idi. Bu çempionatda yalnız milli atlarımızdan istifadə edirdik. Dünya çempionatını da Milli Atçılıq Festivalı çərçivəsində təşkil etmişdik. Milli cins atların dözümlülüyü, dayanıqlılığı idmançıları təəccübləndirmişdi. Bu cür beynəlxalq tədbirlər vasitəsilə milli cins atlarımızın şöhrətinin bütün dünyaya yayılmasına nail olacağıq.

– Növbəti dünya çempionatı harada keçiriləcək?

– İkinci dünya çempionatını daha çox komandanın iştirakı ilə məhz Bakıda keçirməyi planlaşdırırıq. 2024-cü ilin sentyabrında, çox güman ki, daha çox yığmanın iştirakı ilə mundial Bakıda təşkil olunacaq. Çövkən bizim üçün qədim, ənənəvi idman növü olsa da, bir çox ölkə üçün yenidir. İlk mərhələdə bu idman növünü tanıtmalı, ətrafımıza mümkün qədər çox komanda toplamalıyıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir