Siyasət

XX əsr Azərbaycan mədəniyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Sharing is caring!

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin kökləri qədim zamanlara gedib çıxır. XX əsr Azərbaycan mədəniyyəti isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev mədəniyyətin inkişafına xüsusi qayğı göstərən, onu zənginləşdirən, ölkədə və dünyada tanıdan rəhbər idi.
Ulu Öndər Azərbaycan mədəniyyəti haqqında deyirdi: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm də Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər”.
Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan xalqı dünya mədəniyyətində yaradıcı funksiyasını uğurla davam edirdi. Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə görkəmli söz ustaları, alim və mütəfəkkirləri Nizami Gəncəvinin 600 illiyi, Əcəmi Naxçıvaninin 850 illiyi, Nəsirəddin Tusinin 780 illiyi və digər klassiklərimizin geniş miqyasda yubileyləri keçirildi. Aşıq Ələsgərin 150 illik yubileyi, Azərbaycan teatrının 100 illiyi geniş qeyd olundu.
Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilmiş və beynəlxalq miqyasda qeyd edilmişdir.
Dahi rəhbər özü Nəsimi haqqında deyirdi: “Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir”.
Heydər Əliyevin rəhbərliyə gəlişi ilə Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilirdi.
Heydər Əliyev kinoşünaslara kino tarixinin araşdırması ilə ciddi məşğul olmağı tapşırmışdı. Kinoşünaslar arxiv sənədlərini araşdırarkən Azərbaycan kinosunun tarixi 1916-cı il deyil, əslində dünya kinosunun yaranmasından cəmi iki il yarım sonra olduğu dəqiqləşdirilmişdir.
1998-ci il 2 may tarixində, Azərbaycan tarixinin 100 illiyi ilə bağlı baş tutan “Festivallar festivalı”nda Ulu Öndər deyib: “Bu gün biz bir kəşf etdik, sübut etdik ki, Azərbaycan kinosunun tarixi 1898-ci ildən başlayır, onun 100 illiyi tamam olur. Biz 1916-cı ili başlanğıc ili hesab edirdik, lakin Azərbaycan kinosunun yaşını, əgər belə demək olarsa, 10 il, yaxud neçə il artırmaq ümumən heç də sadə məsələ deyildi. Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi o, Azərbaycana gəlib”.
Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bir çox tarixi filmin yaranmasına şərait yaratmaqla yanaşı, eyni zamanda “Ulduzlar sönmür”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Nizami” və başqa filmlərin çəkilişi prosesini də nəzarətdə saxlayıb. Hətta çəkilişləri də izləyib. Onu da qeyd etmək lazımdır ki, həmin dövrdə yaranan tarixi filmlərin büdcəsi sovet dövründə çəkilən filmlərin büdcəsindən qat-qat artıq olub.
Ulu Öndər teatrı çox sevirdi. Mədəniyyət və incəsənətin böyük hamisi olan Heydər Əliyev işinin çoxluğuna baxmayaraq əksər tamaşalara, premyeralara gedər, tamaşadan sonra isə səhnə arxasına keçərək yaradıcı kollektivlə görüşər, onlara öz tövsiyyə və tapşırıqlarını verərdi. Teatr sənətinin məna və mahiyyətini, onun insanların qəlbinə, hisslərinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini dərindən bilən fenomen insan Heydər Əliyev teatr haqqında deyirdi: “Teatr müqəddəs yerdir. İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır”.
Heydər Əliyev Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verirdi. O, ədəbiyyatı, zəngin söz sənətini yüksək dəyərləndirirdi: “Bu gün ümumiyyətlə müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir”.
Bakı şəhərində Nəriman Nərimanovun, Mehdi Hüseynzadənin, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının əzəmətli abidələrinin ucaldılması Heydər Əliyevin Azərbaycan klassik ədəbiyyatına qayğısının böyük təzahürü idi.
Ulu Öndər Heydər Əliyev 1982-ci ildə – Hüseyn Cavidin anadan olmasının 100 illiyində onun İrkutskdakı məzarının aşkar edilməsinə və nəşinin oktyabrın 26-da uzaq Sibirdən Azərbaycana gətirilməsinə nail olub. Ulu Öndər şairin cənazəsini təyyarədən düşürülərkən keçirilən vida mərasimində olub və onun qızı Turan Cavidlə görüşüb, söhbət edib.
Hüseyn Cavidin nəşi oradan birbaşa doğma Naxçıvana aparılaraq torpağa tapşırılıb.
Ulu Öndər Heydər Əliyev 10 iyun 1995-ci ildə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin açılışı ilə bağlı müşavirədə çıxış edərək deyib: “Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tarixdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək”.
Məhz Heydər Əliyevin nüfuzu sayəsində XX əsr Azərbaycan ədəbiyyatının klassikləri sayılan Süleyman Rəhimova, Rəsul Rzaya, Süleyman Rüstəmə, Mirzə İbrahimova o dövrün ən yüksək mükafatlarından hesab olunan Sosialist Əməyi Qəhrəmanı adı verildi.
Klassiklərimizin, eyni zamanda yeni dövr şair və yazıçılarımız Anar, Elçin, Qabil, Məmməd Araz, Mirvarid Dilbazi və onlarla sənət adamlarının dövlət səviyyəsində yubileyləri keçirildi. Heydər Əliyev bu yubileylərdə şəxsən iştirak edir, nitq söyləyirdi.
Ulu Öndər 7 mart 1997-ci ildə xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr olunmuş tədbirdə də iştirak edərək nitq söyləmişdir: “Səməd Vurğun şeirinin böyüklüyü, eyni zamanda gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı. Səməd Vurğunun şeiri bu gün də müasirlərimizə, gənc nəslə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir, onlara vətəni, milləti, torpağı sevməyi öyrədir”.
Heydər Əliyev Azərbaycan yazıçılarının VII qurultayındakı nitqində cənub ədəbiyyatı mövzusuna da toxunmuşdu: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”.
Ulu Öndərin bu çıxışından sonra Azərbaycan Yazıçılar Birliyi Azərbaycanın cənubunda yaşayan yazıçılarla sıx əlaqə yaratmağa başladı.
Azərbaycan Yazıçılar Birliyində və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbələri açıldı. Cənubi Azərbaycan antologiyası nəşr edildi.
11 aprel 1998-ci ildə dahi şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyi qeyd olundu. Heydər Əliyev yubileydə mərasim iştirakçılarına müraciətlə demişdi: “Böyük vətənpərvər şair-filosofumuz Məhəmmədhüseyn Şəhriyar klassik irs və müasir ədəbi həyata bağlı bir sənətkar olmuşdur. O, böyük sənətkar, klassik-romantik poeziyanın mütərəqqi ənənələri ilə bədii ünsiyyətini qoruyaraq, dövrünün novator sənətkarı kimi çağdaş şeirin inkişafında müstəsna rol oynayan yeni ədəbi məktəbin yaranmasına nail olmuşdur”.
Heydər Əliyev eyni zamanda onlarla rəssamı Dövlət mükafatlarına layiq görüb. Görkəmli fırca ustalarının iş şəraitini yaxşılaşdırmaq üçün onlara emalatxanalar verilib. Eyni zamanda Ümummilli Lider emalatxanaların pulsuz olaraq onların mülkiyyətinə verilməsi üçün sərəncam imzalayıb. Rəssamların öz əsərlərini nümayiş etdirmələri üçün Hökümət Evinin yaxınlığında geniş, işıqlı sərgi salonunun açılmasına qərar verib. İndi bura Səttar Bəhlulzadənin adını daşıyır.
Bir sıra tanınmış rəssamların xatirəsi əbədiləşdirilərək, onların adına küçə adı verilib, yaşamış olduqları evlərin divarlarına onların xatirə lövhələri asılıb. Əzim Əzimzadənin, Səttar Bəhlulzadənin abidələri ucaldılıb və ev muzeyləri təşkil edilib.
17 dekabr 1994-cü ildə böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərginin açılışında Ulu Öndər Heydər Əliyev çıxış edərək deyib: “Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu, bizim fəxrimizdir. Bu, xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır”.
Müstəqil, azad Azərbaycanın qurucusu, əvəzolunmaz insan Azərbaycan xalqının xilaskarı Heydər Əliyev bütün sahələri diqqət mərkəzində saxlayırdı. Bayrağımızla, Himnimizlə qürur duyurdu. Belə ki, Dahi rəhbərin Azərbaycana qayıdışı ilə ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmiş bayraq, 5 fevral 1991-ci ildə həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikası Ali Soveti tərəfindən yenidən təsdiq edildi.
1992-ci il may ayının 27-də “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanun qəbul edildi. Qanuna əsasən 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Dövlət Himni kimi təsdiq edildi.
Böyük şəxsiyyət, dahi siyasətçi, fenomenal insan Heydər Əliyev Himnimiz haqqında deyirdi:
“Üzeyir Hacıbəyov çox gözəl, əzəmətli Dövlət Himni yaratmışdır. Mən hər dəfə ayrı-ayrı ölkələrdə Üzeyir Hacıbəyovun musiqisi ilə yaradılmış himnin səsləndiyini duyarkən qürur hissi keçirirəm. Təkcə ona görə yox ki, müstəqil Azərbaycanın Dövlət Bayrağı qalxır. Bir də ona görə ki, həqiqətən Himnin musiqisi çox cazibədardır, gözəldir”.
Bəli vətənimiz, vətənimizin atributları bizim üçün müqəddəsdir. Bu gün işğaldan azad olunmuş müqəddəs torpaqlarımızda dalğalanan üç rəngli bayrağımızı gördükdə və hər misrası qəlbimizdən keçən Himnimizi eşitdikdə qürur hissi duyuruq.
“Üç rəngli bayrağınla məsud yaşa”.
Bayrağımız, Himnimizlə birgə müstəqil Azərbaycanın qurucusu, Azərbaycanı, Azərbaycanın mədəniyyətini bütün dünyada tanıdan xalqın xilaskarı Heydər Əliyev də Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Şəhla Ağbulud
Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin sədri

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir