Siyasət

Qərbi Azərbaycan Xronikası: “Qayıdıb ömrümün sonunadək orada yaşamaq istəyirəm” – VİDEO

Sharing is caring!


Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Bugünkü buraxılış Qərbi Azərbaycandan iki dəfə deportasiya olunmuş, Ellər (dəyişdirilmiş adı Abovyan) rayonunun Nurnus kənd sakini Nəcəf Şabanovun “Həyat Hekayəsi”nə həsr olunub.

O, 1949-cu ildə 4 yaşında olarkən doğulub boya-başa çatdığı kənddən didərgin düşdüyünü, 1961-ci ildə doğma kəndinə qayıtdığını və nəhayət, 1988-ci ildə yenidən deportasiyaya məruz qaldığını bildirib.

Verilişdə keçmişdə ermənilərin vəhşilikləri ilə bağlı babalarının, ata-anasının və özünün real şahidi olduğu hadisələrdən söz açılıb.

N.Şabanov “Sovet Ermənistanı” qəzetinin redaksiyasında şöbə müdiri və məsul katib vəzifələrində, eyni zamanda Ermənistan Radio və Televiziya Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor vəzifələrində işləyərkən ermənilərin göstərdiyi fərqli münasibətdən danışıb.

Onun sözlərinə görə, “Sovet Ermənistanı” qəzetinin redaksiyasında azərbaycanlılara təzyiqlər az olsa da, amma radioda çox idi:

“Çünki radionun rəhbəri Vedi rayonunun keçmiş birinci katibi Zaven Poqosyan idi. Onu respublikada hamı ən qatı daşnak kimi tanıyırdı. O, komitənin sədri idi, onu sədr qoymuşdular. Ora demək olar ki, daşnak yuvası idi”.

N.Şabanov ziyalı, ağsaqqal kimi tarixi torpaqlarımıza qayıdışla bağlı fikirlərini də bölüşüb:

“Mənim bu gün öz kəndimizin suyu üçün ürəyim əsir. İstərdim qayıdım, heç olmasa ömrümün sonunadək orada yaşayım. İnanıram ki, gec-tez biz ora qayıdacağıq. Bəlkə bir müddət çəkdi, amma mütləq qayıdacağıq. O günləri, o suyu, o havanı, o meyvəni, o dadı balalarımın çoxu gördü. İndi istəyirəm ki, nəvələrim görsün. Ya qismət, Allah o gündən pay versin!”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi-mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi, “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir