Siyasət

Paşinyan Kremlə qarşı üç kart oynadı: Bakı ilə Moskvanın mümkün razılaşması nə olacaq? – TƏHLİL

Sharing is caring!

Ermənistan Rusiyanın sinirlərinə toxunmağa davam edir və Moskva da əsəbindən İrəvanı baltalamaq üçün uyğun fürsətlər və vaxt axtarışındadır.

Azərbaycan-Ermənistan münasibətlərinin normal axara düşməsi üçün səylərdə Rusiyanın monopoliya yaratmaq cəhdləri İrəvanın ikibaşlı, sürüşkən mövqeyi səbəbilə etibarsız status qazanır.

Ən azından Moskva belə düşünür, üstəgəl Ermənistanın sürətlə Qərb istiqamətinə yuvarlanmasını nəzərə alsaq, Kremldəki narahatlığın dərəcəsinin nə qədər böyük olduğunu görə bilərik.

Lakin Moskva yüz illərdir əlində kukla kimi saxladığı və o tərəf-bu tərəfə oynatdığı erməni amilinin indi ona naxələf çıxmasından doğan narahatlıqlarını cəza mexanizminə çevirməyi planlaşdırır.

Son günlər isə Ermənistan siyasi rəhbərliyində anti-Rusiya əhval-ruhiyyəsi daha da körüklənib, şəxsən baş nazir Nikol Paşinyan Cənubi Qafqazdakı proseslərdə rol ala bilməyən irrasional qüvvələrə güvənərək Kremli aşkar tərzdə tənbeh edir.

Şuşa-Xankəndi yolundakı aksiyalar fonunda Paşinyan üç kartı Moskvaya qarşı oynadı:

1. Rusiya sülhməramlı kontingentinin funksionallığını itirdiyinə dair işarələr verdi, yəni rus qoşunları Laçın yolunu nəzarətdə saxlamaqla bağlı öhdəliklərini yerinə yetirmir;

2. Paşinyan bu fikirlərinin praktiki şəkildə nəyə istiqamətləndiyini göstərmək üçün Qarabağa BMT və ATƏT-in faktaraşdırıcı missiyasının göndərilməsi çağırışlarını səsləndirir;

3. Bunlar da azmış kimi, Paşinyan Moskvada planlaşdırılan Azərbaycan-Rusiya-Ermənistan xarici işlər nazirlərinin görüşünə öz baş diplomatını göndərməkdən imtina etdi.

Azərbaycan da Rusiya sülhməramlılarının 10 Noyabr Bəyanatında təsbit edilən formatda fəaliyyətini tələb edir, lakin Bakı ilə İrəvanın məntiqi fərqli meyarlara əsaslanır. Bakının əlində təsir imkanları çoxdur, üstəgəl Azərbaycan Qərblə Rusiya arasındakı balansı qalib obrazda asanlıqla öz xeyrinə çevirə bilmək üçün çoxgedişli manevrlərə sahibdir. Moskva da, Qərb də bunu nəzərə alırlar.

Paşinyanın isə Rusiya sülhməramlılarına qəzəb püskürməsi üçün düz-əməlli bir əsası da yoxdur, çünki həmin qoşunlar Qarabağdakı erməni əhalinin qayğısına qalır və Azərbaycanın suveren hüquqlarının bərpasında maneələr yaratmağa çalışır.

Düzdür, Rusiya üçün Qarabağdakı ermənilərin hüquqları önəmli deyil, sadəcə, gələcəkdə barmaq yerləri saxlamaq üçün yenidən erməni amilindən gen-bol istifadə edilir, hərçənd ki, Bakı prosesləri öz xeyrinə çevirə bilmək imkanlarını inkişaf etdirir.

Moskvanın ambisiyaları, Bakının müqaviməti, Azərbaycan-Türkiyə müttəfiqliyi, Azərbaycan-Rusiya münasibətlərindəki müsbət tendensiyalar olmasaydı, bəlkə də, bu fikri söyləməkdə çətinlik çəkərdik.

Deməli, buradan belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycanla Rusiyanın anlaşmaq ehtimalı daha çoxdur və bunun baş verəcəyi də görünəcək.

Ermənistan yenidən ortada qalaraq vurnuxacaq, lakin Moskva İrəvanın xətalarını bağışlamayacaq və Bakıya sərhədlərin delimitasiyasındakı dəstəyinin dozasını artıracaq.

Bakı ilə Moskvanın Qarabağdakı mübahisə yaradan məsələlərdə çəkişməsi davam edəcək. Rusiya Azərbaycana məxsus qızıl yataqlarının talanmasından əl çəkmədiyindən iki dövlət bir-birinə qarşı kartlar qoymağı sürətləndirəcək, lakin nəticədə ortaq məxrəc tapılacaq.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir