İqtisadiyyat

Qusarın Xurel kəndinin qaz problemi: Meyvə ağacları oduncağa çevrilib – FOTO

Sharing is caring!

Qusar rayonunun Xurel kəndinə uzun illərdir təbii qazın çəkilməməsi sakinlərin narahatlığına səbəb olub. Kənd əhalisi evlərini qızdırmaq üçün meyvə ağaclarından istifadə edirlər.

Bu barədə “Report”un Şimal bürosuna yerli sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, kənddə qaz olmadığı üçün onlar məcburən bağda əkdikləri meyvə ağaclarını kəsərək mənzillərini qızdırırlar. Bu vəziyyət onları ciddi şəkildə narahat edir.

Çünki bağ sahələrində ağacların sayı hər keçən gün azalır, mavi yanacaqdan isə hələ də xəbər yoxdur. Sakinlər deyirlər ki, indiyə qədər dəfələrlə onlara kəndə qaz çəkiləcəyi ilə bağlı vədlər verilsə də, əməli olaraq heç bir iş görülməyib.

Məlumat üçün qeyd edək ki, Qusar rayonunun 250-dən çox yaşayış evi olan Xurel kəndində hər bir evdə qış mövsümündə orta hesabla 2 maşın odun yandırılır. Bir maşın odun sakinlərə 450-500 manat arası başa gəlir. Bu isə o deməkdir ki, bir mövsümə 900-1000 manat arası oduna vəsait tələb olunur. Bu hal həm maddi, həm də ekoloji zərər deməkdir.

Xurel kəndinin qaz problemi ilə bağlı “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, təmsil etdiyi qurumun öhdəliyi mövcuddur:

“Bu öhdəlik ondan ibarətdir ki, 2023-cü ilin sonuna qədər Azərbaycanın bütün yaşayış məntəqələrində qazlaşma prosesi tam həyata keçirilməlidir. Bu proses uğurla davam etdirilir, hazırda da bölgələrimizdə xeyli sayda işlər gedir. Xurel kəndinin də qazlaşması “Azəriqaz”ın hədəflərindən biridir. Bu kəndin də qaz problemi həll olunacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir