Ölkə

Deputat: “Azərbaycanda yenidən sərt karantinin tətbiqi məqsədəuyğundurmu?”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü deputat Vüqar Bayramov koronavirus ilə bağlı paylaşım edib.

Onun sözlərinə görə, Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək uzadılıb:

“Bir sıra Avropa ölkələri yenidən sərt karantinin tətbiqinə başlayırlar. Belə görünür ki, yoluxma sayının artması dünyanı yenidən sərt karantinə qayıtmağa məcbur edir. Azərbaycanda yenidən sərt karantinin tətbiqi məqsədəuyğundurmu?

Ölkəmizin haqq savaşı apardığını və bu vacib məqamlarda real sektorun arxa cəbhə kimi fəaliyyətinə daha çox ehtiyac duyulduğunu nəzərə alsaq sərt karantin rejiminə qayıtmağı məqsədəuyğun hesab etmirik.

Digər tərəfdən, sərt karantin bütün hallarda məşğulluğa təsir göstərir və özəl sektorda iş yerlərinin sayını azaldır. Bu baxımdan, özəl sektorun mövcud qaydalar ilə fəaliyyətini davam etdirməsi daha məqsədəuyğundur. Amma yoluxma sayı kəskin artarsa, o zaman karantin rejiminin sərtləşdirilməsi istisna edilmir.

Deməli, sərt karantin tətbiq edilib-edilməməsi də hər birimizdən asılıdır. Yoluxma sayının minimuma endirilməsi üçün hər birimizin pandemiya qaydalarına əməl etməyimiz çox və əvvəllər olduğundan daha vacibdir”.

“Dünən isə, ölkəmizdə koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu, o deməkdir ki, yalnız bir gündə xəstəxanalarımızdakı 648 çarpayı virusa yoluxanlara verilib və həmin vətəndaşlarımızın müalicəsi üçün əlavə həkimlər ayrılıb.

Hər savaşda şəhid və yaralılar olur. Əvvəllər də qeyd etdiyimiz kimi, bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca yaralılarımıza baxacaq həkim və çarpayı yeri azalır. Qarabağ savaşında qələbəmiz və əsgərlərimizin sağlamlığı naminə pandemiya qaydalarına əməl edək.

Deməli, qaydalara əməl etməyimiz yalnız sərt karantin rejiminin qayıtmaması üçün deyil, həm də haqq işimizə dəstək olmağımız baxımdan vacibdir. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”, – deyə deputat qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir