İdman

Azərbaycan millisinin rəqibinin beş oyunçusu zəhərlənib

Sharing is caring!

Azərbaycanın qadın voleybol millisinin AVRO-2023-ün təsnifat mərhələsindəki rəqiblərindən olan Avstriyanın əsas heyət üzvlərindən 5-i zəhərlənib.

“Report”un məlumatına görə, bu barədə Avstriya Voleybol Assosiasiyasının rəsmi saytına yığmanın baş məşqçisi Roland Şvab açıqlama verib.

O, Qrats şəhərindəki seçmə oyunda Sloveniyaya 2:3 hesabı ilə uduzmalarını Dana Şmit, Nikolina Maroş, Aida Mehiç, Anna Oberhauzer və Tamina Huberin qarşılaşmadan əvvəl mədə-bağırsaq sistemində problemlər hiss etmələri ilə əlaqələndirib. Bu səbəbdən, Şvab görüşə çətin vəziyyətdə başladıqlarını bildirib:

“Toppaylayıcı Dana Şmit oyuna başlaya bilmədi, bu, komanda üçün ağır zərbə oldu. Lakin sonradan oyuna girdi. Onun üçün asan olmasa da, gözəl oyun nümayiş etdirdi. Dana kimi Nikolina Maros, Aida Mehiç, Anna Oberhauzer və Tamina Huber son 2 gün yataqda olub. Yenə də qələbə qazanmağa çox yaxın idik. Sloveniyaya qarşı ilk oyunla müqayisədə irəliləyiş vardı. 2 setdə onlara qalib gəldik, amma 3 set qalib gəlmək istəyirəm. Qazandığımız bir xal bizi yarışdan qopmamaq üçün saxlayır. Azərbaycanda bizə qələbə lazımdır”.

Avstriya millisinin liberosu Anna Oberhauzer də zəhərləndiklərindən, oyunun onlar üçün asan keçmədiyini qeyd edib:

“Təəssüf ki, düzgün olmayan nə isə yemişdik və oyuna yaxşı formada çıxmamışdıq. Buna baxmayaraq, biz matçda mübarizə apardıq və hətta çox yaxşı voleybol nümayiş etdirdik. Təəssüf ki, 5-ci setdə oyunu qələbə ilə başa vura bilmədik. İndi biz bərpa olunub, Azərbaycanla səfərə başlayacağıq. Ümid edirik ki, bu top-komandaya qarşı xallar toplaya biləcəyik”.

Kapitan Nikolina Maroş isə bildirib ki, əsas “6-lığ”ın bir çox oyunçusu xəstələndiyindən, oynamaq çətin olub:

“Nə etmək olar? Hər hansı xəstəlik olmadan hazırlaşa bilsək, növbəti oyunlarda mütləq daha yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi həm Bakıda, həm də Tbilisidə Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Avstriya isə həm Mariborda, həm də Qratsda Sloveniyaya müvafiq olaraq 0:3 və 2:3 hesabı ilə uduzub. Hazırda Azərbaycan 6 xalla D qrupunda 1-ci, Avstriya 1 xalla sonuncu yeri tutur.

Azərbaycan – Avstriya oyunu avqustun 28-də Bakıdakı Voleybol Mərkəzində keçiriləcək. Görüş saat 18:00-da başlayacaq. AVRO-2023 Belçika, İtaliya, Estoniya və Almaniyada təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir