Müsahibə

Panu Huuhtanen: “Ərdoğan haqlıdır, Finlandiya radikal kürd fəalları müdafiə edir” – HELSİNKİDƏN MÜSAHİBƏ

Sharing is caring!

Ankara Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyində israrlı olmağa davam edir. Ötən şənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Stokholm və Helsinkinin terrorçulara təhlükəsiz sığınacaq verməkdən imtina etməli olduqlarını təkrarladı.

Türkiyə İsveç və Finlandiyada tərəfdarları sakit şəkildə yaşayan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə bağlı Helsinki və Stokholmun mövqeyindən qəzəblənir, Ankaranın terrorçuluqda təqsirləndirilən şəxslərin ekstradisiyası ilə bağlı tələbləri isə bu ölkələrin səlahiyyətliləri tərəfindən təmin edilmir. Baxmayaraq ki, PKK Avropa İttifaqı səviyyəsində terror təşkilatı kimi tanınır. Buna görə də Türkiyə Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı danışıqları bloklayır.

Finlandiyada çoxları Türkiyə prezidentinin fikri ilə razılaşır. Belə ki, finlandiyalı tanınmış siyasətçi və jurnalist Panu Huuhtanen Oxu.Az-a müsahibəsində Rəcəb Tayyib Ərdoğanın Skandinaviyadakı kürd təhlükəsi ilə bağlı açıqlamalarının tamamilə ədalətli olduğunu bildirib.

Qeyd edək ki, ötən həftə Helsinki Şəhər Məhkəməsi jurnalist və Finlandiya parlamentində deputatlığa namizəd Panu Huuhtanenə hücumda iştirak edən kürd fəal Aso Viyanı şərti həbslə cəzalandırmaq qərarına gəlib. Ona ümumilikdə üç kürd hücum edib. Onlardan ikisi dəyənək, digəri isə təpiklə zərbə endirib:

– Təəssüf ki, onlardan yalnız biri cəzalandırıldı. Mən ictimaiyyətin bilməsini istəyirəm ki, PKK kürdləri Helsinki küçələrində Finlandiya parlamentinə namizədləri döyürlər. Finlandiyada kürdlər küçələrdə zorakılıq və anarxiya yaymaq üçün ifrat solçu “Antifa” terror təşkilatına qoşulub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya dövlət hakimiyyətinin hətta ən radikal kürd fəallarını belə himayə etməsi fikrini mənim yaşadığım təcrübə təsdiqləyir. Finlandiya hakimiyyəti illərdir ki, kürd siyasi fəalların Finlandiyada radikal addımlar atmasına icazə verir, onların fəaliyyətinə göz yumur. Helsinkidəki kürd nümayişlərində PKK bayraqları dalğalanır və Finlandiyada kürdlərin çirkin davranışlarını tənqid edən Finlandiya parlamentinə namizədi dəyənəklə döymələrinə icazə verilir. Rəsmi Helsinki hətta məhkəmədə də PKK-nı müdafiə edir.

2012-ci ildən Finlandiyanın paytaxtı Helsinkidə kürd siyasi fəallara küçələrdə iğtişaşlar törətməyə icazə verilib. Polis müdaxilə etməyib. Kürdlər pik saatlarda Helsinkinin ən işlək küçələrindən bəzilərini bağlayıb, PKK bayraqları altında Finlandiya parlamentinə basqın edib, Türkiyə səfirliyinin şüşələrini sındırıb, Finlandiya polisini daş-qalaq edib döyüblər. Kütləvi aksiyaları zamanı davamlı olaraq Ərdoğanı təhqir edərək qəbuledilməz şüarlar səsləndiriblər.

– Bəs PKK fəallarının sizə qarşı təcavüzünün səbəbi nədir?

– Mən bir jurnalist kimi kürdlərin keçirdiyi etiraz aksiyasını müşahidə etməyə gedəndən sonra kürdlərlə problem yaşamağa başladım. Baş verən hər şeyi “YouTube” hesabımda canlı yayımladım. Müvafiq video məqaləmdə var. Orada fin dilində ilkin polis araşdırmasının rəsmi sənədləri də var, onlardan aydın olur ki, kürdlər məni Ərdoğanın xeyrinə casusluqda ittiham edirlər, çünki mən Finlandiyadakı kürdlərin qeyri-qanuni siyasi fəaliyyətini ictimailəşdirirəm.

Kürdlər jurnalist fəaliyyətimə o qədər qəzəbləndilər ki, Helsinki küçələrində mənə üç dəfə hücum ediblər. Birinci dəfə itələdilər. İkinci dəfə isə polis əməkdaşlarının gözü qarşısında üz nahiyəmə zərbələr endirilib. Üçüncü dəfə isə iki kürd məni dəyənəklə döydü, biri isə çox bərk təpiklədi. Qolum sındı, bütün bədənimdə xəsarətlər var idi. 2019-cu ildəki bu hücum zamanı mən Finlandiya parlament seçkilərində namizəd idim. Kürd siyasi fəallarının lideri Səid Moradi isə sol partiyanın namizədi ilə eyni seçkilərdə iştirak edirdi. Görünür, mən siyasi fəaliyyətimdə Helsinki küçələrində törətdikləri iğtişaşları tənqid etdiyim üçün kürdlər tərəfindən döyülmüşəm.

-Amma iş yenə də məhkəməyə qədər gedib…

– Finlandiya polisi mənə qarşı siyasi zorakılıq sayılan hücumu araşdırmaqda çox çəkingən davrandı. Polisin əlində sözsüz ki, uzun illər iğtişaşlarda iştirak etmiş ən zorakı kürd fəalların tam siyahısı var idi. Lakin polisin araşdırmasında bu məlumatdan istifadə edilməyib. Belə ki, polisin zəif fəaliyyəti və prokurorluğun fəaliyyəti nəticəsində məhkəməyə nisbətən zəif iş gedib. İttiham tərəfi şərti həbs cəzası istəyib. Nəticədə isə yalnız Aso Viyan adlı bir kürd cəzalandırıldı.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir