Müsahibə

Dominikan səfiri: “Bəzi Azərbaycan vətəndaşlarının viza üçün müraciətinə ehtiyac yoxdur” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Ankara və Bakı fərqli şəhərlərdir və hər birinin öz ritmi var. Bakıda qədimliklə müasirliyin vəhdəti var”.

Bu sözləri “Report”un Türkiyə bürosuna müsahibəsi zamanı Dominikan Respublikasının Azərbaycan və Türkiyədəki səfiri, Ankarada iqamət edən Elvis Antonio Alam Loran deyib.

Müsahibəni təqdim edirik:

– Cənab səfir, bu ilin may ayında birbaşa reyslərin açılması ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) rəhbərliyi ilə görüşünüz olub. Dominikan Respublikası ilə Azərbaycan arasında birbaşa uçuşların açılması və iki ölkə arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı hansı yenilik var?

– Biz ATAA İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla son aylarda bir neçə görüş keçirmişik və ilk növbədə Azərbaycandan olan tur operatorları üçün Dominikana bir tanışlıq səfəri hazırlayırıq. Ola bilsin ki, gələcəkdə Bakıdan Dominikanın paytaxtı Santo-Dominqo şəhərinə reyslər təşkil edilsin. Biz bunun fərqindəyik ki, Bakı təkcə sərnişinlər üçün deyil, həm də ölkəmizlə Qafqaz və Mərkəzi Asiya arasında ticarət mərkəzi ola bilər. Hər iki ölkə viza prosedurunu asanlaşdırmaq üçün çalışır. Hazırda Dominikana səyahət etmək istəyən və pasportunda ABŞ və ya Şengen vizası olan Azərbaycan vətəndaşının müraciət etməsinə ehtiyac yoxdur. Bu sadaladıqlarım yoxdursa, viza üçün Ankaradakı səfirliyimizə müraciət oluna bilər. Bu prosedur üçün 10 gündən az vaxt tələb olunur.

Bizim məqsədimiz Azərbaycandan Dominikana səfər edən turistlərin sayını artırmaqdır. Odur ki, hesab edirəm, Dominikanla Azərbaycan arasında birbaşa aviareyslərin açılması hər iki ölkəyə turist axınına xidmət edə bilər.

– Azərbaycanda Dominikan Günlərinin keçiriləcəyini bildirmişdiniz. Tədbir nə vaxta gözlənilir?

– Azərbaycanda Dominikan günlərinin keçiriləcəyi vaxt üçün hələ ki dəqiq tarix müəyyən edilməyib. Amma buna baxmayaraq, deyə bilərəm ki, bu tədbiri 2024-cü ildə reallaşdırmaq üçün çalışırıq. Mən bu fikrin tərəfdarıyam ki, bir ölkənin sərvəti onun mədəni müxtəlifliyidir. Dominikan da Azərbaycan kimi zəngin, mədəni müxtəlifliyə malikdir. Bizim böyük mədəni irsimiz, nəfis yeməklərimiz, gözəl rəqslərimiz var. Ölkəmiz kənd təsərrüfatında, xüsusilə tropik meyvə istehsalı sahəsində mühüm potensiala malikdir. Dünyada bir nömrəli üzvi banan və orqanik kakao istehsalçısı olaraq tanınırıq. Ona görə məhsullarımızla yanaşı, mənəvi dəyərlərimizi əks etdirən ünsürləri Azərbaycana gətirmək istəyirik. Biz Azərbaycanla diplomatik, mədəni və iqtisadi əlaqələrimizi ən yüksək səviyyəyə çatdırmaqda maraqlıyıq.

– Azərbaycana son səfərinizin məqsədi nə idi?

– Qoşulmama Hərəkatının Bakıda keçirilən toplantısında iştirak etmək üçün Bakıya getdim. Bu toplantıda Dominikan Qadın İşləri Nazirliyinin bölmələrarası əlaqələndirmə üzrə müavini Melesia Mireya Almonte Taveras da iştirak edirdi. Bu, həmin kateqoriyadan olan rəsmi şəxsin Azərbaycana ilk səfəridir, ölkənizə olan marağın göstəricisidir. Sammit zamanı Azərbaycanın Ailə, Qadın və Uşaq Komitəsinin sədri Bahar Muradova ilə görüşmək imkanımız oldu. Həm də Azərbaycanın mühüm iş adamları ilə görüşlər keçirdik. Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndəsi səfir Elçin Bəşirovu ziyarət etdik. Elçin Bəşirovla görüşdə bir sıra maraq doğuran mövzuları, o cümlədən xarici ticarət əlaqələrimizin artması və ilin ilk 11 ayında sayı mindən çox olan Azərbaycan vətəndaşlarının Dominikana səfərini müzakirə etdik.

– Siz demişdiniz ki, Dominikan Latın Amerikası ölkələri arasında ən qədim mədəniyyətə malikdir, Latın Amerikasında ilk şəhər, ilk xəstəxana, ilk universitet sizin ölkənizdə açılıb. Azərbaycan və Dominikan arasında təhsil mübadiləsində nələr etmək olar?

– Mədəni mübadilə və təhsil müəssisələri arasında əlaqələr də gələn il üçün gündəmimizdədir. Niyə də olmasın? Biz sizin səlahiyyətlilərlə əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün əməkdaşlıq edirik. Mən Dominikanın Azərbaycanda ilk səfiriyəm. Əlaqələrimiz yeni qurulur və inkişaf prosesindədir. Təkcə bu il Bakıda üç dəfə olmuşam.

– Bakıya ümumilikdə neçə dəfə getmisiniz?

– Beş dəfə. Ailəmlə bərabər də getmişik. Onlar da Bakını sevirlər.

– Bakı ilə Ankaranı müqayisə edəndə nə kimi fərqliliklər görürsünüz?

– Ankara və Bakı fərqli şəhərlərdir və hər birinin öz ritmi var. Bakıda qədimliklə müasirliyin vəhdəti var. Bu şəhərin arxitekturasına baxanda memarlıq xəzinəsində əks olunmuş qədim tarixini görmək olar. Bakıda Dominikan vətəndaşları ilə görüşmək imkanımız yarandı və onlar Azərbaycanda yaşamaqdan məmnunluqlarını bildirdilər. Azərbaycanlılar da bizim insanlarımız kimi mehriban və istiqanlı olduqlarına görə vətəndaşlarımız üçün Bakıda təhlükəsizlik yaşamaq ən önəmli faktorlardandır. Onu da deyim ki, Dominikan da siyasi və iqtisadi baxımdan regionun ən sabit ölkələri sırasındadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir