Cəmiyyət

Qatarla səyahətə maraq artır: Gələcəkdə hansı dəyişikliklər gözlənilir? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Sharing is caring!


Azərbaycanda dəmir yolu ilə həm sərnişindaşıma, həm də yükdaşıma gəlirləri nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, bu ilin sentyabr ayında 631 204 sərnişin qatarlarla səyahət edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatına görə, bu rəqəm 2022-ci ilin göstəricisindən 46 faiz çoxdur.

Müşahidələrimiz onu göstərir ki, son vaxtlar şəhərdə avtomobillərin çoxluğu, tıxacların yaranması əhalinin dəmiryol nəqliyyatına marağını artırıb. Təsadüfi deyil ki, ADY bu il ərzində beş milyona yaxın sərnişinə xidmət edib.

Maraqlıdır, sərnişinlərin qatarla səyahətə marağını nəzərə alaraq, yaxın gələcəkdə hansısa planlar varmı? Ümumiyyətlə, tıxacların qarşısının alınmasında dəmiryol nəqliyyatı nə dərəcə əhəmiyyətlidir?

“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Yarım milyarddan artıq gəlir…

Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Sənubər Nəzərova açıqlamasında bildirib ki, qurum 2022-ci ildə 2021-ci illə müqayisədə yarım milyarddan artıq gəlir əldə edib:

“Gəlirlərimizin əldə olunmasında 88 faiz yükdaşımaların payına düşür. Çünki biz beynəlxalq nəqliyyat dəhlizləri üzrə Azərbaycanı təmsil edirik”.

Sərnişin axını…

Dəmiryol nəqliyyatına marağın artmasına gəldikdə isə, qurum rəsmisi vurğulayıb ki, gələn il daha çox sərnişin tələbatını qarşılamaq üçün ADY yeni qatarlar istifadəyə verəcək:

“İnsanlar vaxtında və təhlükəsiz mənzil başına çatmaq üçün sürətli sərnişin qatarları xidmətinə daha çox üstünlük verirlər. Xüsusilə, Abşeron dairəvi dəmiryolu xətti üzrə, Sumqayıt-Pirşağı-Bakı, Sumqayıt-Xırdalan-Bakı istiqamətində daha çox sərnişin axını müşahidə olunur. Biz o tələbatı qarşılamaq üçün tədris ilinin əvvəllərində, bayram günlərində marşruta əlavə reyslər təyin edirik”.

“10 yeni qatarımız olacaq”

S.Nəzərova bildirib ki, növbəti ildən 10 yeni qatarla sərnişin tələbatını qarşılayacaqlar:

“Bu yaxınlarda əlavə ekspress qatarlarımız da yola düşdü. Aralıq stansiyada dayanmadan Bakı-Sumqayıt, Sumqayıt-Bakı istiqamətində daha minlərlə sərnişin mənzil başına rahat çatdırılır. O cümlədən, biz 10 ədəd “Stadler” qatarının alınması ilə bağlı bir neçə il əvvəl müqavilə imzalamışdıq. Qatarların dördü ilin sonunda, altısı isə gələn ilin əvvəlində gələcək. Yəni, gələn il ümumilikdə daha 10 yeni qatarımız olacaq və daha çox sərnişinin tələbatını qarşılamağa çalışacağıq”.

Tıxacların azaldılmasında dəmir yolunun rolu varmı?

Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinin baş müəllimi Bulud Bağırov bildirib ki, tıxacların azaldılmasında dəmiryol nəqliyyatının rolu danılmazdır:

“Dəmiryol nəqliyyatı dünyada da sərnişindaşıma, yüksək daşıma qabiliyyəti, komfort və təhlükəsizlik göstəricilərinə görə seçilir. Bu nəqliyyat növü ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən biri sayılır. Hazırda yüklər və sərnişinlər əsasən elektrik dartı sistemində işləyən qatarlarla daşınır. Bu gün Bakıda avtomobillərin sayı çoxdur və tıxaclar səbəbindən insanlar mənzil başına vaxtında çata bilmirlər. Həm əsəbləri gərilir, həm də bu nəqliyyat vasitələrinin çoxluğu havanı zəhərləyir. Bu səbəbdən əhali qatarlara yönəlir”.

Bu nəqliyyat növü digərlərindən üstündür

Mütəxəssis vurğulayıb ki, bir çox göstəricilərinə görə dəmiryol nəqliyyatının digər nəqliyyat növləri ilə müqayisədə üstünlükləri çoxdur:

“Bunlara yüksək təhlükəsizlik dərəcəsi, tıxacların olmaması, səyahət müddətində göstərilən xidmətlər daxildir. Yəni qatarlarda sanitar qovşaqlar mövcuddur, müxtəlif qida aparatları yerləşdirilə bilər. Dəmiryol nəqliyyatı insanların avtonəqliyyat vasitələrindən istifadə etməyərək, qısa vaxt ərzində getdikləri məntəqəyə çatmasını təmin etdiyi üçün insanlar buna üstünlük verirlər”.

Tramvay yolu bərpa edilməlidir

O qeyd edib ki, əgər tıxaclarla mübarizə aparmaq və qarşısını almaq istəyiriksə, dəmiryolu ilə yanaşı, tramvay yolu da fəaliyyət göstərməlidir:

“Tramvay ictimai nəqliyyatın ən əhəmiyyətli vasitələrindən biridir. Təəssüf ki, 2000-ci illərin əvvəllərində bu sistem bizdə ləğv olundu. Amma bu, səhv addım idi. Şəhərdə ictimai nəqliyyatı inkişaf etdirmək, tıxacların qarşısını almaq üçün ilk növbədə tramvay yolu bərpa edilməlidir. Məsələn, avtobus iki qoşqudan ibarət olursa, tramvay 3-4 və daha artıq qoşqudan ibarət olur. Tramvaylar da qatarlar kimi ekoloji cəhətdən önəmlidirlər. Həm hava çirklənmir, həm də insanlar rahatlıqla mənzil başına çatırlar”.

Mütəxəssis deyir ki, amma tıxac problemini tək dəmiryol nəqliyyatı ilə həll etmək mümkün deyil:

“İctimai nəqliyyatda istər təhlükəsiz, istərsə də sürətli çatdırılma baxımından qatarlar avtobuslardan əhəmiyyətlidir. Amma artıq qatarlar da buna tab gətirmir. Alternativ nəqliyyat növləri yaradılmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir