Müsahibə

Həkim: “Qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Qızılcaya yoluxanlar arasında ən həssas kontingent məktəbəqədər və məktəbyaşlı uşaqlardır”.

Bunu Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Afət Əkbərova qurumun rəsmi saytına müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

– Afət xanım, öncə bilmək istərdik ki, qızılca virusu insan orqanizmi üçün nə qədər təhlükəlidir və xəstəliyə necə yoluxurlar?

– Qızılcaya yoluxanlar arasında ən həssas kontingent məktəbəqədər və məktəbyaşlı uşaqlardır. Xəstəliyin törədicisi mühitdə davamsız olduğuna baxmayaraq (təqribən iki saat ərzində məhv olur), yoluxma hava-damcı yolu ilə baş verir.

Xəstəliyi keçirməyən və peyvənd olunmayan şəxslərin qızılcaya yoluxma ehtimalı 95-96% təşkil edirsə, bunun əksi olaraq, iki doza peyvənd alanlarda orqanizmdə yaranmış anticisimlər uzun müddət virusa qarşı qoruyuculuğu təmin edir. Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən üçkomponentli QPM vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virusmənşəli xəstəliklərə qarşı olan bir peyvənddir.

Təəssüf ki, bəzi valideynlərin müxtəlif səbəblərdən immunlaşmadan imtina etməsi halları qızılca xəstəliyinin artmasına gətirib çıxarır.

– İlkin olaraq hansı əlamətlər müşahidə olunduqda qızılca xəstəliyi haqqında düşünməliyik?

– Xəstəlik özünü büruzə verməmişdən öncə xəstə inkubasiya (gizli) dövrünü keçirir. Bu dövr 6-17 gün çəkə bilər. Başlanğıcda xəstədə qripə oxşar əlamətlər, yəni halsızlıq, iştahasızlıq, uşaqlarda çəki itkisi, alt göz qapağının şişkinliyi, gözün selikli qişasının hiperemiyası, zökəm, bədən temperaturunun 37,2-37,5 dərəcəyə kimi yüksəlməsi müşahidə olunur. Məhz bu zaman qızılcaya xas spesifik əlamət olan yanağın selikli qişasında “koplik ləkələr” adlanan səpgilər görünür.

Tezliklə xəstənin hərarəti 39-40 dərəcəyə kimi yüksəlir, kəskin başağrıları, səsin kobudlaşması, işıqdan qorxma, quru öskürək başlayır. Ardıcıl olaraq yayılan, öncə qulaqların arxasında, burnun üstündə, sonra isə tədricən bütün üzü, boyun dərisini, gövdə, qollar və ayaqları tamamilə örtən səpgilər əmələ gəlir. Sağalma başlayanda səpgilər həmin ardıcıllıqla solur, piqmentləşir və bəzən yerlərində kəpəkvari qabıqlanma olur.

– Xəstə ətrafındakı insanlar üçün neçə müddət təhlükəli hesab olunur?

– Xəstə insan onunla təmasda olanlar üçün kataral (qripə bənzər simptomlar olan) dövrün sonunda və səpgilərin göründüyü ilk günlər yoluxucudur. Bu, həmin dövrdə virusun qanda maksimal konsentrasiyası ilə əlaqəlidir.

Səpgilərin üçüncü günündən virusun miqdarı azalır. Yoluxuculuq qabiliyyəti azaldığı andan qanda anticisimlər əmələ gəlməyə başlayır, nəticədə xəstəlik keçirən insanlarda bütün həyatı boyu davam edəcək immunitet yaranır. Beləliklə də təkrar yoluxma halları cəmi 0,5-1% təşkil edə bilir.

– Qızılcanın hansı fəsadları ola bilər və əhali daha çox nəyə diqqət etməlidir?

– Virus tənəffüs yollarını və mədə-bağırsaq traktını zədələdiyi üçün fəsadlar bu sistemlərə daxil olan orqanlarda özünü büruzə verə bilər. Belə ki, seroz meningit, meninqoensefalit, sinusit, laringit, traxeobronxit, otit, yevstaxit, pnevmoniya və s. ağırlaşmaların yaranmasında ikincili bakterial infeksiyanın qoşulması da öz rolunu göstərir. Bu fəsadların rastgəlmə faizi risk qrupuna aid olan şəxslərdə xüsusilə yüksəkdir.

Özünüzdə və ya yaxınlarınızda xəstəliyin hər hansı bir simptomunu müşahidə etdiyiniz təqdirdə digərlərindən təcrid olunmaq, gigiyena qaydalarına, düzgün qidalanmaya, yataq rejiminə riayət etmək və həkim nəzarəti altında olmaq tövsiyə edilir. Qızılca xəstəsi ilə təmasda olduqda isə 72 saat ərzində peyvənd və ya təmasın beşinci günündən gec olmayaraq insan immunoqlobulininin yeridilməsi məsləhət olunur.

Qeyd edim ki, qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir. Aktiv immunizasiya yolu ilə bu xəstəlikdən, eləcə də onun fəsadlarından qorunmaq mümkündür.

– Doktor, hansı yaşda uşaqlar peyvənd almalıdırlar və bununla bağlı valideynlərə tövsiyələriniz nələrdir?

– Ölkəmizə Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi vaksinlər gətirilir. Bir daha valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, obyektiv əks-göstəriş olmadan ölkədə mövcud olan peyvəndlər təqvimindən yayınma hallarına yol verməsinlər. Bu təqvimə əsasən, bir və altı yaşlarında olan bütün uşaqlar iki dəfə qızılca, epidemik parotit və ya məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin birinci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, altı yaşına çatdıqda isə peyvəndin ikinci dozası vurulmalıdır. Hər hansı səbəbdən peyvəndin ikinci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar təcili olaraq bu dozanı almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə minimum dörd həftə intervalla peyvəndin birinci və ikinci dozasını almalıdırlar.

Sonda valideynləri özlərinin və uşaqlarının sağlamlığına son dərəcə diqqətli olmağa çağırıram.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir