Müsahibə

Ramazan Abdulatipov: “Azərbaycan Cənubi Qafqazda davamlı sülh üçün böyük səylər göstərir” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Hazırda Azərbaycan ilə Rusiyanın Dağıstan Respublikası arasında ikitərəfli əlaqələr və əməkdaşlıq yeni güc qazanır. Bu əlaqələrin inkişafına Dağıstanın sabiq başçısı Ramazan Abdulatipov mühüm töhfə verib. O, 2013-17-cü illərdə bu vəzifədə çalışıb.

R.Abdulatipov “Report”a müsahibəsində ikitərəfli münasibətlərin inkişafından danışıb, İkinci Qarabağ müharibəsi, Azərbaycan və Ermənistan arasında sülh prosesinin bərpası və bir çox digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

– 2023-cü il iyulun 17-dək Rusiyanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi olmusunuz. Bəs hazırda nə ilə məşğul olursunuz?

– Səudiyyə Ərəbistanından qayıtdıqdan sonra böyük şair, mütəfəkkir, filosof olan Rəsul Həmzətovun yüz illiyinə həsr olunan “Rəsul Həmzətovun yüz zirvəsi” adlı kitab nəşr etdirdim. Hazırda Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində professoram. Eyni zamanda, ənənəvi mədəniyyətin və dəyərlərin öyrənilməsi üzrə elmi-metodiki mərkəzin direktoru, həmçinin “Şimal-Cənub” Xəzər Beynəlxalq İnteqrasiya Klubunun sədriyəm.

– Hazırda Azərbaycanla Dağıstan arasındakı ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz?

– Mən Dağıstan rəhbərliyinə yeni təyin olunan zaman Azərbaycanla Dağıstan arasında heç bir işlək layihə yox idi. Rusiya Prezidenti Vladimir Putinlə də tarixən vahid iqtisadi və mədəni məkanda olduğumuz sərhəd dövlətləri ilə əməkdaşlığa diqqət yetirməyin zəruriliyindən danışdım. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən zaman da ​​bu məsələni müzakirə etdik.

Qeyd edim ki, İlham Əliyev Dərbənd şəhərinin 2 000 illik yubileyinin keçirilməsinə böyük töhfə vermiş, yubiley hazırlıqları ilə bağlı layihənin həyata keçirilməsinə 600 milyon rubldan çox vəsait ayırmışdı. O vaxt istirahət bağı yaradılmış, Heydər Əliyevin büstü qoyulmuş, Nizami parkı abadlaşdırılmış və digər işlər görülmüşdü.

Real iqtisadi layihələrə gəlincə, biz kənd təsərrüfatı və logistika sahəsində layihələrin həyata keçirilməsi üçün təməlin qoyulmasına nail olduq. Dağıstanın hazırkı rəhbəri Sergey Məlikov da bununla bağlı böyük işlər görür. Azərbaycan bir çox məsələlərdə Dağıstanın yaxşı tərəfdaşıdır və təbii ki, iqtisadi və mədəni əlaqələri daha fəal inkişaf etdirmək lazımdır. Rusiyanın millətlərlə iş üzrə naziri vəzifəsində çalışanda Abbas Abbasovla Xaçmazda Azərbaycandakı Dağıstan diasporunun və Dağıstandakı Azərbaycan diasporunun şəraiti ilə bağlı xüsusi müqavilə imzaladıq.

– Azərbaycan-Rusiya əlaqələrinin inkişafında Dağıstan amili necə rol oynayır?

– Ümumiyyətlə, Dağıstan Azərbaycan-Rusiya əlaqələrinin inkişafının əsas hissəsi olmalıdır. Üstəlik, bizim çox sıx tarixi münasibətlərimiz var. Xüsusilə vurğulamaq lazımdır ki, Heydər Əliyevlə Vladimir Putin arasında çox yaxşı münasibətlər olub. Hazırda mehriban və dostluq münasibətləri İlham Əliyev tərəfindən dəstəklənir. Ən çətin məsələləri, xüsusən də Qarabağla bağlı məsələləri rəhbərlərimiz birgə həll edirlər. Bu gün bəziləri deyirlər ki, Rusiya Ermənistana xəyanət edib. Amma əslində, Rusiya Azərbaycanla Ermənistan arasında həmişə etibarlı vasitəçi kimi çıxış edib və etməkdə davam edir.

– Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqaz regionunun inkişafı ilə bağlı yeni səhifə açıb. Bəs bu, Rusiyanın Şimali Qafqaz respublikaları üçün nə məna kəsb edir?

– Qarabağ məsələsi ətrafında gərginlik hələ mən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində məsləhətçi kimi işlədiyim vaxtdan başlayıb. O zaman da, indi də bu, Qarabağda yaşayan ermənilərin özlərinin deyil, ABŞ, Fransa və digər ölkələrdəki erməni diasporlarının addımlarının nəticəsi idi. İndi də biz ABŞ və Fransanın iki ölkə arasında münasibətlərin normallaşmasına necə müdaxilə etdiyini görürük. İlham Əliyevin və Azərbaycan xalqının qəhrəmancasına səyləri ilə bu problem artıq həllini tapıb. Ermənistan isə Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb. Xatırlayıram ki, Heydər Əliyev bu problemi vaxtında həll etmək üçün resursların olmamasından necə narahat idi. Amma erməni tərəfinə dünyanın hər yerindən böyük diaspor hər zaman kömək edirdi. Atasının vəsiyyətinə əsasən, İlham Əliyev resurs və güc topladı və bu böyük məsələni çox bacarıqla həll etdi, çoxlu dostlar qazandı. Rusiya və Türkiyədən böyük dəstək var idi. İlham Əliyevin istedadı, cəsarəti və diplomatiyası sayəsində bu çətin problem həll olundu.

Uzun müddətdir ki, siyasətdəyəm. Həmişə bir çox siyasətçiləri, xüsusən də biganə münasibət bəsləmədiyim siyasətçilərin fəaliyyətini izləyirəm. Mən uzun illər ərzində İlham Əliyevin yürütdüyü siyasəti izləmişəm və bu illər ərzində o, bir dəfə də olsun, bir sözündə belə, səhvə yol verməyib. İkinci Qarabağ müharibəsində qalibiyyət böyük qələbədir. Ermənilər bu fürsətdən istifadə etsələr, bu qələbə onlara da sülh gətirməlidir. Münaqişənin bitdiyini başa düşmək vacibdir! Bu qələbənin Şimali Qafqaz respublikaları üçün əhəmiyyətinə gəlincə, mən dini amilləri bir-biri ilə toqquşdurmaq istəmirəm, lakin eyni zamanda, söyləyə bilərəm ki, bütün Şimali Qafqaz xalqları Azərbaycana görə nigaran idilər. Bu ona görə deyil ki, onlar Ermənistanla düşməndirlər. Onlar, sadəcə olaraq, həqiqətin kimin tərəfində olduğunu yaxşı bilirdilər.

– Sizcə, indi tərəflər davamlı sülhə nail olmaq üçün səylərini səfərbər etməlidirmi?

– Düşünürəm ki, mümkün qədər tez bu vəziyyətdən istifadə edilməli və Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh sazişi imzalanmalıdır. Prezident İlham Əliyevin bu istiqamətdə çox düzgün mövqeyi var. Erməni diasporları öz xalqlarını və bütövlükdə Qafqazı ələ salmağı dayandırmalıdırlar. Qafqaza sülh lazımdır. Bununla əlaqədar mən İlham Əliyevə “Qafqazda etnik və dini münaqişələrin tənzimlənməsinin sivilizasiyalı yolla əsasları” layihəsini təqdim etdim. Hesab edirəm ki, bu, Qafqaz-Rusiya münasibətləri kontekstində də vacibdir. Cənubi Qafqaz ölkələrinin inkişafı üçün ilk növbədə Rusiya ilə köhnə iqtisadi və mədəni əlaqələri saxlamaq vacibdir.

– Azərbaycan və Dağıstan Xəzər dənizinin ekoloji problemlərinin həllində necə əməkdaşlıq edə bilərlər?

– Əslində, Xəzərin ekologiyası ilə bağlı xeyli problemlər var. Xəzər sammitinin yekunları üzrə kommünikenin imzalanmasına baxmayaraq, təəssüf ki, onun müddəalarının həyata keçirilməsinə başlanıldığını görmürəm. Bundan başqa, Xəzər dənizindən ölkələrimizin və xalqlarımızın inkişafı naminə daha da çox istifadə etmək üçün böyük səylər göstərilməlidir. Bu məqamda xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Xəzərdə kifayət qədər yaxşı və fəal işləyir. Bizə bütövlükdə Xəzər regionu üçün hərtərəfli, əlaqələndirilmiş proqram lazımdır. Bu, vahid direksiya vasitəsilə də ola bilər. Bununla bağlı hər kəsin maraqları nəzərə alınmaqla birgə işləməliyik. Dəniz yolu ilə sərnişindaşımalarının həyata keçirilməsinin vaxtı çoxdan çatıb, bu, çox sərfəlidir. Amma bununla bağlı böyük imkanlardan istifadə edilmir. Xəzər zəngin göldür, xalqlarımızın və ölkələrimizin həyatında böyük rol oynaya bilər və oynamalıdır.

Daha çox foto burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir