Müsahibə

Azərbaycan Minifutbol Federasiyasının prezidenti: “Ancaq çempionluğu fikirləşirik” – MÜSAHİBƏ

Sharing is caring!


“Zirə” ilk dəfə qatıldığı minifutbol üzrə Çempionlar Liqasında bürünc medal qazanıb. “Birbaşa Bakı” klubu isə yarışda 1/4 finala qədər irəliləyə bilib.

Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” klubunun prezidenti Taleh Nəsibov Rumıniyanın Oradea şəhərində keçirilən yarışda əldə olunan nailiyyətlə bağlı “Report”un suallarını cavablandırıb.

– “Zirə” ilk dəfə iştirak etdiyi yarışda bürünc medal əldə etdi. Klub prezidenti və federasiya rəsmisi kimi təəssüratlarınız necədir?

– Milli komandamız Avropa çempionu olandan sonra federasiya tərəfindən bir çox işlər görülüb. Ölkənin minifutbol klublarının və çempionatının daha səviyyəli olması üçün işlərə start verdik. Son mövsüm 17 komandadan ibarət Azərbaycan çempionatı keçirildi və səviyyənin artmasının şahidi olduq. “Birbaşa Bakı” ardıcıl ikinci il Çempionlar Liqasında mübarizə apardı. Komanda bu dəfə olduğu kimi, debütündə də 1/4 finalda məğlub olmuşdu. Lakin ötən illə müqayisədə bu il onların göstərdikləri oyun daha yüksək səviyyədə idi. Rumıniyada digər federasiyaların rəhbərləri ilə görüşlərimiz oldu. Onlar hər iki təmsilçimizin turnirin favoritlərdən olduğunu söyləyirdilər. Bizə deyirdilər ki, sırf sizin klublara qarşı tam fərqli hazırlıq gedir. Fikir mübadiləsi aparanda hamısı eyni sözü deyirdi. Bizim klublara qarşı başqa cür hazırlaşmağa başladıqlarını söyləyirdilər. Həm “Zirə”nin, həm də “Birbaşa Bakı”nın sosial şəbəkələrdəki oyunlarına baxıblar və hamısını təhlil ediblər. Bu, bir tərəfdən bizim üçün pis idi. Amma görüşlərin canlı yayımlanması, sosial şəbəkələrdə yerləşdirilməsi idman növü baxımından yaxşıdır. Rəqiblər bizi çox yaxşı təhlil etmişdilər. Başlatdığımız işin bəhrəsini gördük. “Zirə”nin isə bürünc medal qazanması bizim üçün tarixi qələbədir, həm də qürurvericidir. Gördüyümüz bütün çatışmazlıqları aradan qaldıraraq daha yaxşı nəticələr əldə etməyə çalışacağıq.

– Rumıniyadakı turnirin təşkilatçılığı necə idi?

– Orada bir çox çatışmazlıqlar var idi. Biz bunu onlara bildirdik. Mayda Bakıda təşkil etdiyimiz yarışı onlara nümunə gətirdik. Özləri də bizimlə tam razı idilər və deyirdilər ki, Bakıdakı turnir yüksək səviyyədə baş tutub, həmçinin Avropa və dünya çempionatı səviyyəsində olub. Hətta federasiyamızdan nələrsə öyrəndiklərini və bu yöndə işlərə başladıqlarını da vurğuladılar. Avropa və Dünya Minifutbol Federasiyası daim bizimlə ünsiyyətdədir, məsləhətləşmələr aparır. Minifubol meydançalarının tikintisi və ot örtüyü ilə bağlı müəyyən sualları olur. Biz də bu sahədə peşəkar olduğumuz üçün öz tövsiyələrimizi veririk. “Azfar Group” şirkəti olaraq daim ölkədən kənarda keçirilən bütün sərgilərə qatılırıq və yeniliklərin hamısından xəbərdarıq. Turnirin Oradea şəhərində keçirildiyini nəzərə alsaq, təşkilatçılığın qənaətbəxş olunduğunu deyə bilərik. Bu şəhərdə belə idman qurğularının olması sevindirici hal idi. Daha yaxşı təşkilatçılıq etmək mümkün idi. Bu, sırf mənim və digər federasiya rəsmilərinin gözündən yayınmayan məsələlərdir. Sıravi insanlar həmin detalları görə bilmirlər.

– Bir günə iki oyunun salınması komandalara necə təsir edirdi?

– Hər gün bir matçın keçirilməsi yaxşı olardı. Oyunçularda uyğunlaşma üçün az vaxt var idi və bu da komandaya təsir edirdi. Yüngülvari çətinliyin olduğunu hiss edirdim. Məşqçi heyəti də futbolçuların motivasiyasının yüksək olması üçün çalışırdılar. Oyunçular səhər uduzduqları oyuna görə istər-istəməz ruh düşkünlüyü yaşayırdılar və 6-7 saat ərzində toparlanmalı idilər. Açığı, bu müddət ərzində yenidən uyğunlaşmaq çətin olur. Onun öhdəsindən gəlsələr belə, çətinlik çəkdikləri görünürdü. Hər günə bir qarşılaşmanın salınması yaxşı olardı.

– Qarşıdakı illərdə “Zirə”, “Birbaşa Bakı” və ya Azərbaycanın hansısa kollektivi Çempionlar Liqasında qalib ola bilərmi?

– Əlbəttə. Məqsədimiz budur. Orxan Məmmədovun Azərbaycanda minifutbolun inkişafında xüsusi zəhməti var. Qarşımıza qoyulan hədəflərdən biri də odur ki, ölkə təmsilçilərindən biri kuboku Azərbaycana gətirməlidir. Federasiya olaraq əlimizdən gələni edirik. Yarışlarımızın səviyyəsini daha da artırırıq. Bütün oyunları canlı yayımlamağa çalışırıq. Tennis Akademiyasındakı meydançanın örtüyünün dəyişdirilməsi yönündə danışıqlar gedir. Gələcəkdə sırf yarışlara uyğun arenaların tikintisini planlaşdırırıq. İnanıram ki, gələcəkdə Azərbaycanın minifutbol klubunun Çempionlar Liqası və ya Avropa Kuboku turnirində birinci olacağını görəcəyik.

– Minifutbol üzrə milli komandamız barədə danışmağınızı istərdik. Qarşıdakı dünya çempionatında hədəfləriniz nə olacaq? Avropa çempionatındakı uğuru təkrarlamaq mümkündür?

– Bu suala hərtərəfli cavab vermək olar. Milli komandamızdan bunu gözləyirik, çünki çox yaxşı hazırlaşırıq. Təlim-məşq toplanışları təşkil edirik. Artıq oyunçu seçimi daha genişdir. Çünki son çempionatda siyahı daha da genişlənib. Daha yaxşı və komandaya uyğun futbolçuları seçməyə çalışacağıq. Biz deyəndə, əlbəttə ki, söhbət məşqçilər heyətindən gedir. Biz zəif komanda deyilik. Rəhbər şəxs kimi hər zaman deyəcəyəm ki, biz qalib gəlməliyik, yarışda ilk üç yerdən birini tutmalıyıq. Əziyyət çəkmişik və bəhrəsini görmək istəyirik. Amma bu, futboldur. Hər şey ola bilər. Güclü hazırlaşsanız da, hansısa səbəbdən uğursuzluqla üzləşə bilərsən. Amma biz oraya dünya çempionu olmaq üçün gedirik. Qrupdan çıxmaq, 1/8 finala yüksəlmək kimi hədəflərimiz yoxdur. Ancaq çempionluğu fikirləşirik. Mənim və federasiyamız üçün uğur çempionluqdur. Amma dünya çempionatında ilk “üçlük”də yer alsaq, böyük nailiyyət və uğur hesab ediləcək.

– Minifutbol komandalarının yaradılması ilə bağlı futbol klublarına müraciət etmisiniz. Təşəbbüs kimdən gəldi?

– Orxan müəllimin tövsiyəsi ilə peşəkar futbol klublarına məktub ünvanladıq. Bir çoxları bunu müsbət qarşıladılar. Bir aydan sonra komandaların adları açıqlanacaq.

– Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov da öz komandasını yaratmaq istəyir…

– Bəli. O da müraciət ünvanlayıb. Çox həvəslidir. Müsbət qarşıladıq və onlara dəstək olmağa hazırıq. Əfran İsmayılov komandasının keçmiş futbolçulardan ibarət olduğunu söylədi. Dediyinə görə, çox iddialı olacaq. Onlar Azərbaycanda çempion olub Çempionlar Liqasında iştirak etməyi və kuboku ölkəmizə gətirməyi planlaşdırırlar. Bu isə bizi sevindirir. Hətta federasiya olaraq çalışacağıq ki, növbəti il bu turnirdə üç komandamız iştirak etsin. Klubun yaradılmasından sonra digər keçmiş futbolçular da motivasiya əldə edib yenisini qura bilərlər. Amma klubların yaradılması üçün federasiyanın nizamnaməsinə də mütləq əməl edilməlidir. Reqlament və müəyyən qaydalar var.

– Futbol klublarının neçəsi sizə müsbət cavab verib?

– Hamısının müsbət cavab verdiyini deməzdim. Amma bir çoxları fikir bildiriblər. İkisi dəqiq iştirak edəcək. Adlarını daha sonra açıqlayacağıq. Digərləri hələlik təsdiqləməyiblər.

– Azərbaycan çempionatı nə vaxt başlayır?

– Startı noyabrın 15-də planlaşdırırıq. Bu həm də dünya çempionatı ilə bağlıdır. Təxminən bir ay ərzində bütün komandaların siyahısı hazır olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir