Siyasət

“Artıq Ağdam-Xankəndi yolu ilə humanitar yükün daşınması davam edə bilər” – ŞƏRH + FOTO

Sharing is caring!


“Rusiya Qızıl Xaç Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə göndərdiyi humanitar yardım məhz Azərbaycan ərazisindən keçərək öz son nöqtəsinə çatır. Bu, ilk növbədə dünyaya bir mesajdır ki, Azərbaycan ərazisinə daxil olan hər bir yük gömrük və sərhəd prosedurlarını keçməklə hansısa məntəqəyə və subyektə çatdırıla bilər”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, tətbiq edilən qaydalar birmənalı şəkildə Azərbaycan qanunvericiliyinin tələbləridir:

“İndi Ağdam-Xankəndi yolu ilə humanitar yükün aparılması da bütün prosedurlara uyğundur və bu, müstəqilliyimizin ən ciddi atributlarından biridir. Ən əsası da odur ki, bu təchizat, yəni humanitar yükün daşınması gələcəkdə də davam edə bilər.

Laçın yolu ilə Xankəndiyə çatdırılan yüklər ikinci bir dövlətin ərazisindən Azərbaycana daxil olduğu üçün mütləq şəkildə gömrük və sərhəd prosedurlarını keçməlidir və belə də olacaq. Hər hansı dəhlizdən söhbət gedə bilməz. Yəni kimsə bizə beynəlxalq səviyyədə təzyiq edə bilməz. Çünki Azərbaycanın öz qanunları var. Heç bir beynəlxalq norma və qanunları pozmuruq və heç kimin də təzyiqi ilə üzləşməli deyilik”.

Arzu Nağıyev xatırladıb ki, 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanata uyğun olaraq, ilk növbədə qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisini tərk etməlidirlər:

“Onlar ərazini tərk edəndə müxtəlif bəhanələr altında, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin avtomobilləri ilə və s. formada aparılmasından asılı olmayaraq, mütləq şəkildə yoxlama prosedurlarını keçəcəklər. Prosedur Azərbaycanın qanunlarına və beynəlxalq qanunlara uyğun olmalıdır. Bir daha qeyd edirik ki, Azərbaycanın özünün daxili və xarici siyasəti var, buna uyğun olaraq biz öz müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü qoruyuruq”.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə yardım edilməsi qərara alınıb.

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu bir yük avtomobili Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, “Samur” sərhəd-buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. Avtomobil bu gün səhər saatlarında Ağdam-Xankəndi yolundan keçərək Xankəndiyə çatıb.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir