Müsahibə

İtaliyalı Olimpiya çempionu Azərbaycan atıcılarına nə məsləhət verdi? – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında İtaliyanın ən güclü stend atıcısı iştirak edir.

Cessika Rossi 2012-ci ildə London Olimpiadasında qızıl medal qazanıb. 31 yaşlı atlet üç dəfə dünya çempionu, iki dəfə Avropa çempionu, bir dəfə Avropa Oyunlarının qalibi və bir dəfə Dünya Kubokunun finalında ən yaxşı adını qazanıb.

Cessika Rossi Oxu.Az-a müsahibəsində atıcılığı seçməsi, qazandığı uğurlar, atıcılıq sənətinin əsas sirləri ilə bağlı sualları cavablandırıb.

– Növbəti dəfə səfər etdiyiniz Azərbaycanla bağlı təəssüratınızı eşitmək maraqlıdır.

– Bu, Azərbaycana dördüncü səfərimdir. Açığı, Bakının hər yerini gəzmək imkanım olmayıb. Yalnız İçərişəhəri qeyd edə bilərəm ki, oradakı qədimlik diqqətimi çəkdi. Xatırlayıram, səfərlərimin birində Bakıda “Formula-1” yarışları keçirilirdi. Ümumi götürsək, buranı çox bəyənirəm.

– İştirakçılar Bakı Atıcılıq Mərkəzi haqqında yüksək fikirdədirlər. Maraqlıdır, paytaxtımızdakı mərkəzin xüsusi özəlliyi nədir?

– Dünyanın bir çox mərkəzlərində olmuşam. Deyim ki, Bakı Atıcılıq Mərkəzi ən yaxşılardan biridir. Buranı daha çox ona görə bəyənirəm ki, stend, tapança və tüfəng atışlarının hamısı eyni ərazidə təşkil olunub. Üstəlik, hotel binası da uzaqda deyil. Atəş meydançaları texniki baxımdan saz vəziyyətdədir. Bir sözlə, buradakı rahatlıq və gözəllik ürəyimcədir.

– İlk dəfə neçə yaşında atış açmağa başlamısınız?

– 12 yaşım var idi.

– Qızların daha çox maraq göstərdiyi gimnastika, üzgüçülük, voleybol, həndbol kimi idman növləri varkən niyə məhz atıcılıq?

– Çünki atam atıcılıqla məşğul idi və uşaq vaxtı məni özü ilə poliqonlara aparırdı. Ona görə də kiçik yaşlarımdan tüfəngə daha çox maraq göstərmişəm.

– Beynəlxalq İdman Atıcılıq Federasiyasının italiyalı prezidenti Lusiano Rossi ilə qohumluğunuz var?

– (gülür) Xeyr, qohum deyilik. Sadəcə, Rossi İtaliyada məşhur soyaddır deyə ikimizdə də eynilik təşkil edir.

– Ova gedirsiniz?

– Xeyr-xeyr. İllər öncə ovdan atıcılığa gələnlərin sayı çox idi. Əksəriyyət əlinə ilk dəfə ov tüfəngi alıb. Ancaq indi bu sahəyə daha çox idman növü kimi maraq göstərib gəlirlər.

– Uğurlu atıcı olmaq üçün nə etmək lazımdır? Məsələn, gündə neçə saat məşq edirsiniz?

– Normalda atəş meydançalarında günümün beş-altı saatını keçirirəm. Qış aylarında atış müddəti az olur, diqqətimi daha çox qapalı məkanlarda idmana ayırıram. Adi vaxtlarda həftədə beş-altı gün, gündə beş-altı saat atış edirəmsə, mötəbər turnirlər ərəfəsində məşqlərə daha çox zaman ayırmalı oluram.

– Atıcılıq xərc tələb edən idman növüdür. Şəxsi sponsorunuz varmı?

– Şəxsi yox, texniki xərclər üzrə sponsorumuz var.

– 2012-ci ildə, 20 yaşınızda London Olimpiadasında qızıl medal qazanmışdınız. Həmin uğura təəccüblənmişdiniz?

– Həmin vaxt ideal formadaydım. Hətta Olimpiadadan bir il əvvəl dünya çempionu olmuşdum. Olimpiadaya inamlı qatılmışdım və qarşıma medal qazanmaq tələbini qoymuşdum. Hətta dünya rekordunu qırmaq haqda düşünürdüm. “Qızıl” qazansam da, rekord istəyim baş tutmamışdı.

– 2012-ci ildəki “qızıl” hələ ki birinci və sonuncudur. Rio və Tokio Olimpiadalarını medalla başa vurmağınıza nə mane oldu?

– Hər yarışın öz tarixçəsi var. Bəli, Londondakı unudulmazdır. Təbii, sonrakı yarışlarda da eyni uğura imza atmaq istəyirdim. “Rio-2016”da finala çox yaxın idim. Ancaq qaydaların dəyişməsi səbəbindən medalsız qaldım. Tokio Olimpiadasında isə finalda yarışmağım üçün bir xal çatmamışdı. Ümumi nəticələrə baxsaq, olimpiadalarda uğursuz olduğumu düşünmürəm.

– Yaxşı atıcı olmağın sirri nədədir?

– İşə, sənətə bağlı olmaq olduqca vacibdir. Əzmkarlıq və xarakter də mütləqdir. Və ən vacibi, məşqlərə ciddi yanaşmaq.

– Azərbaycanlı atıcı qızlar üçün yaradılan şəraiti görürsünüz. Lakin hələ ki təcrübəsizdirlər, təcrübəlilərdə isə son anda nəsə çatmır. Uğurlu idmançı kimi onlara nə kimi tövsiyələr verə bilərsiniz?

– İdmanda qətiyyət çox vacibdir. Onlara səylə məşq etməyi və uduzduqları yarışlardan sonra ruhdan düşməməyi tövsiyə edə bilərəm. Çünki hər yarışın özü böyük təcrübədir. Məşq, məşq, məşq…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir