MARAQLI

Dərs izahı gündəm olan müəllim: “Riyaziyyatı əl ilə toxunacaq hala gətirdim” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Tələbə istədiyi zaman dərsdə iştirak edə bilər. Dərsdə iştirak etməmək də onun haqqıdır. O, dərsə bir fincan çayla da daxil ola bilər. Saqqız çeynəməsində də heç bir problem yoxdur”.

Bunu Oxu.Az-a müsahibəsində auditoriya önündə maraqlı dərs izahı ilə gündəm olan riyaziyyat müəllimi Bəhman Məmmədov (Qüdsi) deyib.

Müsahibəni təqdim edirik:

– Bəhman bəy, sosial şəbəkələrdə sizinlə bağlı maraqlı paylaşımlara rast gəldik. Qeyri-adi  üslubda dərs keçirsiniz. İstərdik, özünüz barədə oxucularımıza məlumat verəsiniz.

– Bakı Mühəndislik Universitetinin riyaziyyat-informatika kafedrasının baş müəllimiyəm. Azərbaycanda ilk dəfə olaraq riyazi “stand-up”, komediya yaratdım. Riyaziyyat klubunun yaradıcısıyam. Düşündüm ki, niyə də olmasın? Cem Yılmazdan nəyim əskikdir?!. Təklif etdilər. Mən də hazırlaşıb etdim. Tələbələrimiz də razı qaldılar.

Məqsəd imtahan öncəsi tələbələrin psixoloji durumlarını rahatlaşdırmaqdır. Bu şəkildə başladıq. Dərslərdə əyləncə var.

– “Kəsr” mövzusu ilə bağlı izahınız müzakirələrə səbəb oldu.

– Düzdür, ən çox bu mövzu müzakirə edildi. Lakin izləyənlər də gördülər ki, ora sinif otağı deyil. Akt zalında, sadəcə, “stand-up” idi. Lövhə yox idi. Oxuduğunu anlamayanlar var. Tələbələrə dərsi necə öyrənmək lazım olduğunu öyrədirdim.

Tələbə də insandır. 90 dəqiqəlik bir dərsdə heç kim mükəmməl şəkildə dinləyə bilməz. Bu, riyaziyyatdırsa, qavramaq önəmlidir. Qavramaq üçün də vizuallıq əsasdır. Dərslərdə bacardığımız qədər vizuallıq göstəririk. Orta məktəb kitablarına baxanda çətinləşdiyini görərik. Üçüncü sinfə aid dərslikdə suallara baxanda deyirəm ki, “ay Allah, bu nədir belə?”

– Müəllimliyə marağınız necə yaranıb?

– Uşaqlıq arzum olmayıb. Hətta məktəbdə çox döyülmüşəm. Məsələlərdə tənlik qura, izah edə bilmirdim. Riyaziyyata nifrət edirdim. Məktəbə getmək belə, istəmirdim. 9-cu sinifdə sanki beynim dəyişildi. 

Müəllim olandan sonra düşündüm ki, fərqli pedaqoq olum. Riyaziyyatı vizual olaraq necə canlandırmağı düşünürdüm. Gecə-gündüz bununla məşğul oldum. Riyaziyyatı əl ilə toxunulan bir hala gətirəcək Pifaqor riyaziyyat elmini qurdum. Buradakı məqsəd sırf uşaqların riyaziyyata əl ilə toxunmalarıdır. Belə bir mərkəz Nyu-Yorkda var. Hazırda Xırdalanda da var. Gəlib riyaziyyata əl ilə toxunurlar. Riyaziyyata toxunmaq önəmlidir. İbtidai siniflərdə vizuallaşdırma son dərəcədə vacibdir.

– Neçə ildir dərs deyirsiniz?

– İlk dəfə 1993-ü ildə müəllimlik fəaliyyətinə başlamışam. Uzun müddət məktəblərdə müəllim olaraq çalışmışam. Mingəçevirdə altı, Şəkidə dörd il xüsusi fəaliyyətim olub. Qubada və Sumqayıtda da çalışmışam. BMU 2016-cı ildə yaradılıb. Ondan öncə Qafqaz Universitetində çalışırdım.

– Bəzən gənc müəllimlər tələbələri dərs prosesinə cəlb etməkdə çətinlik çəkirlər. Bunun üçün müxtəlif metodlara üz tuturlar. Sırf tələbələri cəlb etmək üçünmü bu yola üz tutdunuz?

Tələbələrimiz uşaq təfəkküründən çıxıblar. İlk şərt sinif demokratiyasının mükəmməl olmasıdır. Tələbə də, müəllim də azad olmalıdırlar. Tələbə istədiyi zaman dərsdə iştirak edə bilər. Dərsdə iştirak etməmək də onun haqqıdır. O, dərsə bir fincan çayla da daxil ola bilər. Saqqız çeynəməsində də heç bir problem yoxdur. Saqqız çeynəmək faydalıdır. Çünki beyin daha çox işləyir, ən azı, yatmır. Tələbə azad ruhda dərsə davam etməlidir.

Tələbə də insandır. Diqqəti dağıla bilər. Fiziki cəhətdən yorulubsa, yorğunluq məşqləri edilir. Dərsdə əyləncə olmalıdır. Sən nə qədər mükəmməl müəllim olsan da, baxıla bilən bir veriliş hazırlamasan, camaat “kanal”ı dəyişəcək. Müəllim buna məcburdur.

Müəllim uşaqların psixologiyasını bilməli, şagirdlərin istəyini nəzərə almalıdır. Yoxsa bəzi müəllimlər deyirlər ki, “şagird məndən sonra dərsə girməsin, hər kəs sakit dayansın”. Anlamırlar ki, şagird, tələbə robot deyil. Ümumiyyətlə, belə bir insan yoxdur.

İşinizdə bundan sonra hansı yeniliklər etmək istəyirsiniz?

Mütləq şəkildə istəyirəm. Bu yaxınlarda “Riyaziyyatı yeyirəm” adlı kitabım dərc olunacaq. “Uşaqlarımız riyaziyyatımızın tarixini bilmirlər” adlı kitabım var. Çünki onlar riyaziyyat dərslərində ancaq cəbri açıb, işləyirlər. Həndəsəni açanda ancaq dünya alimlərinin adlarını görürlər. Görürlər ki, burada heç bir türkün adı yoxdur. Onlara riyaziyyatın tarixi ilə bağlı kitab yazdım ki, görsünlər, kökündə türklər də var.

Daha sonra “Əyləncəli riyaziyyat” kitabını çap etdirdim ki, uşaqlar, gənclər riyaziyyatı əyləncəli halda görə bilsinlər. Uşaqda məntiqi təfəkkürün növləri var – yaradıcı, tənqidi təfəkkür. Təfəkkür növlərini də inkişaf etdirməliyik. Bunların da inkişaf yolu motivasiyadır. Tək yol riyaziyyatdır. Uşağın analiz qabiliyyətini, mühakiməni də inkişaf etdirən riyaziyyatdır. Beyindəki 120 milyard neyronun bir-biri ilə rabitə qurmasına çalışmanın ilk yolu riyaziyyatdır.

Tələbə dərsi sevə bilər. Amma sən model olmaq məcburiyyətindəsən. Uşaqlar bir model görməlidirlər. Tələbələrin əksəriyyəti aşiqdir, sevib-ayrılanlar da var. Hamısının dərdi var. Maddi, ailə sıxıntısı çəkənlərə də rast gəlinir. Onların hamısı dərdlənən zaman onlarla maraqlananda tələbə yenidən doğulduğunu və həyata qayıtdığını hiss edir. Hər şey riyaziyyat, dərs deyil. Tələbənin ruh dünyasında yenilik yaratmaq lazımdır.

– Sizin fikrinizcə, əsl müəllim necə olmalıdır?

– Müəllimlik nə cürdürsə, o cür deyə bilərik. Dində bir hədis var: Bütün insanlar həlak oldular, sadəcə, müəllimlər sağ qaldılar; bütün müəllimlər də həlak oldular, sadəcə, elmi ilə alim olanlar sağ qaldılar; bütün elmi ilə alim olanlar da həlak oldular, ancaq öz elmində səmimi olanlar qaldılar. Səmimiyyət vacibdir. Şagirdlərə qarşı təmənnasız sevgi olmalıdır. Hər şey maddiyyat deyil.

Həmkarlarınıza nələr tövsiyə edərdiniz?

– Gənc pedaqoqlar təcrübələrini pulsuz satan müəllimlərin təcrübələrindən istifadə etsinlər. Bir-birini sevsinlər. Bu gün müəllimlər orta məktəbə gedəndə hərdən az qalırlar, bir-birilərini parçalasınlar. Riyaziyyat müəllimləri həftədə ən azı bir dəfə bir yerə yığılmalıdırlar. İzahlar verməli, fərqlilik axtarmalıdırlar. Hər müəllimin metodu başqa cür olur. Pedaqoq riyaziyyatı görünən hala necə gətirməyin yolunu düşünməlidir.

– Tələbələrinizdən gözləntiləriniz nədir?

– Şagirdlərimdən və tələbələrimdən, sadəcə, vəfa duyğusunu gözləyirəm. Vəfa duyğusundan ciddi şəkildə yoxsul bir nəsil gəlir. Təhlükədir.

– Təhsilimizdə hansı yeniliklərin olmasını istərdiniz?

– Artıq əzbərçilik sistemindən çıxmalıyıq. Bütün düsturları robot kimi uşaqlara əzbərlətmək düzgün deyil. Unutqanlıq olacaq. Unudulan bir şeyə də ehtiyac yoxdur. Təhsil hər şey unudulduqdan sonra yaddaşda qalanlardır. Bu gün Bəhmanın nələr yadında qalıbsa, elm, təhsil odur. Bilgi yükü təmizlənməlidir. Mənasız düsturları çoxaldıblar. Elə hal olur ki, insan riyaziyyata nifrət edir. Müəllim şagirdinə riyaziyyata gedən yolları öyrətməlidir.

Müəllim olmaq istəyən gənclərə nələr tövsiyə edərdiniz? Şagirdləri və tələbələri bu sahəyə necə yönəltmək olar?

– Müəllim heç kəsə möhtac olmamalıdır. Müəllim əsla maddi sıxıntı çəkməməlidir. Müəllim evdən çıxıb məktəbə gəlir, uşağı acdırsa, ehtiyacını ödəyəcəyi pulu yoxdursa, müəllimlikdən söhbət etməsin. Əsla belə bir şey ola bilməz. Maddiyyat mükəmməl olmalıdır. O zaman təhsil də inkişaf edəcək.

– Necə oldu ki, “Qüdsi” təxəllüsünü götürdünüz?

– İşimizlə bağlı İsrailə göndərilmişdik. Oradan Qüdsə getdik. Bir ay orada qaldım. Ona görə də belə təxəllüs götürdüm.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir