Müsahibə

Peter Dunai: “Qan sazişi”nə girən macar qəbilələrinin türk dünyası ilə əlaqələri var idi” – MÜSAHİBƏ

Sharing is caring!


Bu həftə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştə səfər edib. Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Serbiya, Bosniya və Herseqovinanın liderləri, Rusiyanın Tatarıstan Respublikasının rəisi və bir çox digər dünya siyasi xadimləri, o cümlədən Çexiya, Avstriya və Sloveniyanın keçmiş baş nazirləri də həmçinin Macarıstanın paytaxtında olublar.

Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Macarıstanın Milli bayramı – Müqəddəs İştvan Günü münasibətilə Budapeştdə keçirilən qəbulda iştirak ediblər.

Bu nə bayramıdır və Macarıstan üçün niyə bu qədər əhəmiyyətlidir? Oxu.Az-ın əməkdaşı ilə macarıstanlı jurnalist, analitik Peter Dunai arasında söhbət məhz bu sualla başlayıb:

– Müqəddəs İştvan bizdə macar dövlətçiliyinin banisi hesab olunur. Bu, simvolik bir fiqurdur. Onun necə görünüşə sahib olduğunu heç kim bilmir, onun heç bir dənə də olsun şəkli yoxdur. Lakin buna baxmayaraq, o, Macarıstan cəmiyyəti və dövləti üçün çox mühüm tarixi şəxsiyyətdir.

– Macarıstan üçün türk dövlətlərinin rəhbərlərinin ölkənin milli bayramı günü Budapeştə uçması, üstəlik, hətta Tatarıstan Rəisi Rüstəm Minnixanovun da orada olması nə dərəcədə önəmlidir?

– Gəlin mən birinci Tatarıstan Rəisi Rüstəm Minnixanovun gəlişindən başlayım. Bu ona görə vacibdir ki, o, Türkiyə, Macarıstan və Qətərlə danışıqlarda Rusiyanı təmsil edib, çünki Qətər əmiri Təmim bin Həməd Al Tani də bizim qonağımız idi. Bu, çox maraqlı bir hadisədir. Macarıstanın özünü aid etdiyi türk dünyası vasitəsilə ərəb ölkələri ilə əlaqələri var.

Bizim bir çox köklərimiz var və biz onları unutmuruq. Biz həm Avropa, həm də Şərqlə bağlıyıq və bu, macarların milli şüurunda çox aydın görünür.

Düzdür, bizim müxalifətimiz siyasi mənada yalnız Qərbə, Avropa İttifaqı istiqamətinə yönəlib. Hökumət isə həm Avropa İttifaqı, həm NATO, həm də türk dövlətləri, şərti olaraq Şərq ilə münasibətləri yüksək qiymətləndirir. Bizdə türk adət-ənənələri çox geniş yayılıb. Yeri gəlmişkən, macar dilində türk dilindən alınmış təxminən 500 söz var.

Gəlin Müqəddəs İştvana qayıdaq. O, indiki Ukrayna ərazisində yaşayıb, indi orada Xerson bölgəsi, Dnepr çayı yerləşir. İndiki macarların əcdadları yaşamaq üçün daha yaxşı yer axtararaq oradan tədricən qərbə üz tutdular. Orada qan üzərində and içərək saziş bağlayan yeddi macar qəbiləsi və ya tayfası yaşayırdı.

– Və bunlardan biri türk tayfası idi?

– Ümumən yeddi tayfanın hər birində türk komponenti olub. Geyimə, silahlara, qədim döyüş taktikalarına diqqət yetirin. Macarlarda və türklərdə bunlar eynidir. Axı mən Azərbaycanda və Türkiyədə olmuşam və onların qədim qılınclarını, yaraq-əsbablarını görmüşəm. Onlar macarlarınkı ilə tamamilə eynidir. Bu isə çox şeyi deyir. “Qan sazişi” bağlayan bütün macar tayfalarının türk dünyası ilə əlaqələri var idi.

– Budapeştdə keçirilən görüşlərdə müzakirə olunan mövzulardan biri də energetika olub. Budapeşt və Bakı Azərbaycan qazının Macarıstana tədarükünün təqribən bir milyard kubmetrə çatdırılması haqqında saziş imzalayıblar.

– Macarıstan üçün bu, çox vacibdir, çünki Rusiya qazı digəri ilə əvəz edilir. Biz Rusiya qazından və energetikasından çox ciddi asılıyıq və artıq bu asılılıqdan xilas olmaq istəyirik. Bu, tam olaraq alınmayacaq, lakin bizim üçün ən yaxşı variant Azərbaycandır. Üstəlik, artıq hər şey hazırdır. Təbii qaz, qaz kəməri, boruların keçdiyi dost ölkələr – Türkiyə və Gürcüstan var. Türkmənistan da var, ancaq Aşqabad məsələsində bir əngəl var. Türkmənistan qazını çatdırmaq üçün Xəzər dənizinin dibi ilə boru kəməri çəkmək lazımdır, lakin bu, artıq gələcəyin işidir.

– Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycana səfərə dəvət edib. Bizim liderlərimiz kifayət qədər tez-tez görüşür və söhbət edirlər…

– İş burasındadır ki, Macarıstan da qarşılıqlı əməkdaşlıq xəzinəsinə nə isə əlavə etməlidir. Azərbaycan bizi qazla təchiz edir, bəs biz Azərbaycan üçün nə edə bilərik? Biz kənd təsərrüfatına aid ola biləcək tam bir əməkdaşlıq qurmalıyıq, axı bizim yaxşı texnologiyalarımız, toxumlarımız var, iqlimimiz isə Azərbaycanın iqliminə bənzəyir.

Digər məqam isə elektronikadır. Macarıstan bu sahənin inkişafında maraqlıdır və biz birgə müəssisələr yarada, üçüncü ölkələri bu işə cəlb edə bilərik.

Digər mövzu isə hərbi sənayedir. Macarıstanda sürətləndirilmiş templə müdafiə müəssisələri yaradılır. Bundan başqa, bizdə alman texnologiyaları var. Alman silahları isə dünyanın ən yaxşı silahlarından hesab olunur. Macarıstanda alman tankları, zirehli maşınları və partlayıcı maddələr istehsal ediləcək. Düşünürəm ki, Azərbaycan bu sahədə əməkdaşlıqda maraqlıdır.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir