Müsahibə

Bakıda dünya çempionu olan atıcı: “Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub” – MÜSAHİBƏ

Sharing is caring!


Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir. Bu gün kişilər arasında 50 metr məsafəyə üç mövqedən atəş açma yarışı keçirilib. Sözügedən kateqoriyada Avstriya təmsilçisi Aleksandr Şmirl qalib olub.

O, mükafatlandırma mərasimindən sonra müsahibə verib. 33 yaşlı atlet əvvəlcə təəssüratlarını bölüşüb:

“Bu gün mənim üçün çox gözəl gündür. Təsnifat mərhələsində istəyimə nail olub, finala vəsiqə qazandım. Medallar uğrunda mübarizə aparan səkkiz idmançının hər biri çox güclü və peşəkar idi. Bütün diqqətimi yarışa və öz çıxışıma yönəldə bildim. Nəticədə istəyimə nail olaraq qızıl medal qazandım. 

– Bu, Azərbaycana neçənci səfərinizdir və təəssüratlarınız necədir?

– Bura 8-ci gəlişimdir. Azərbaycanda ilk dəfə 10 il bundan əvvəl olmuşam. Hər gəlişimdə paytaxtınızda dəyişiklikləri görürəm. Bakı zaman keçdikcə daha da gözəlləşir. Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub. Bakı Atıcılıq Mərkəzi çox mükəmməldir. Burada yarışmaq xoşuma gəlir.

– Qızıl medalı kimə həsr edirsiniz?

– Bu medalı məni dəstəkləyən, yanımda olan və ən çətin anımda qələbəyə təhrik edən hər kəsə həsr edirəm.

– Təsnifat mərhələsində dəqiq atışlarla yadda qaldınız. Finalda da eyni formada çıxış etdiniz. Bu, çox nadir hallarda olur. Adətən fərqli nəticələr qeydə alınır. Buna necə nail oldunuz?

– Haqlısınız, mən təsnifatda yaxşı çıxış etdim. Bundan sonra final üçün diqqətimi toparlamağa çalışdım. Əsas mərhələ çox da çətin olmadı. Çünki startdan yaxşı xal topladım və sona qədər bu cür davam etdim.

– “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandınız. Bu barədə nə düşünürsünüz?

– Əvvəlki illərdə olimpiadalara qatılmaq yönündə şanssızlıq yaşamışdım. Buna görə lisenziya qazanmamışdım. Çox şadam ki, Paris-2024-də iştirak edə biləcəyəm. Amma mənə görə ən böyük nailiyyət dünya çempionu olmaqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir