Müsahibə

Engin Özer: “Fransanı sevən çox deyil, hətta fransızların özləri də Fransanı sevmirlər” – MÜSAHİBƏ

Sharing is caring!


Hərbi qiyamın baş verdiyi və Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığı Nigerdə ​​nə baş verir, Türkiyənin bu ölkədə maraqları varmı, niyə Fransa bu ölkədəki mövqelərini əldən vermək istəmir və Afrika qitəsinin mərkəzində yerləşən bu ölkədəki hadisələr gələcəkdə hansı məcrada inkişaf edəcək?

Oxu.Az-a müsahibəsində türkiyəli politoloq, afrikaşünas, “Afrikanın Səsi” layihəsinin rəhbəri Engin Özer yuxarıda qeyd olunan suallara cavab verib.

– Sizcə, Fransa və ABŞ-nin Nigerdə ​​əks-çevriliş təşkil etmək və öz qoşunlarını bu ölkəyə yeritmək ehtimalı nə dərəcədə böyükdür?

– ABŞ-dən başlayaq. Əminəm ki, Vaşinqtonun belə planları yoxdur. Amma Fransa artıq bəyan edib ki, yeni hökumət Fransanın bölgədəki maraqlarına müdaxilə edərsə, hərbi əməliyyatlara başlaya bilər. Bu, diplomatik dildə deyilsə də, kifayət qədər aydın şəkildə vurğulandı. Başqa bir sual ondan ibarətdir ki, bu prosesdə hansı qoşunlar iştirak edə bilər?

Birincisi, intervensiya planını hazırlamaq iqtidarında olan Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) var. İkincisi, Fransa təkbaşına əks-çevriliş həyata keçirməyə cəhd edə, yaxud hansısa hərbi koalisiya yarada bilər. Mənim fikrimcə, ikinci variant daha çox ehtimal olunandır. Nigerdə Fransanın ​​1 500 nəfərə qədər elit hərbi bölmələri var. Ona görə də qeyd etdiyim ehtimalın həyata keçməsi mümkündür.

– Rusiyanın özəl hərbi şirkəti “Vaqner” Nigerdə ​​peyda olsa (KİV-də vaxtaşırı onların bu ölkəyə göndərilməsi ehtimalı barədə məlumatlar verilir), bu, qüvvələr balansına necə təsir edəcək?

– Etiraf etmək lazımdır ki, Fransanın çox yaxşı, təlim keçmiş bölməsi var – bu, Xarici Legiondur. Onlar bir neçə günlük Fransanın özəl hərbi şirkətinə çevrilib “Vaqner”ə qarşı çıxış edə bilərlər. Yeri gəlmişkən, istəyirəm biləsiniz ki, Fransa Xarici Legionunun heyətinin 30 faizə qədərini etnik ukraynalılar təşkil edir. Beləliklə, onlar “Vaqner”i zərərsizləşdirə biləcəklər.

Rusiya Ukrayna ilə müharibə aparır, orada ilişib qalıb. Afrikada isə kəskin logistika problemləri mövcuddur. Rusiya Federasiyası Nigerlə həmsərhəd deyil. Fransanın isə qoşunların sürətli şəkildə hərəkətini təmin etmək üçün daha çox imkanları var, üstəlik, 1 500-ə yaxın fransız əsgəri, dediyim kimi, Nigerdədir və oranı tərk etmək fikrində deyil. Ona görə də “Vaqner” orada heç nəyi həll etməyəcək. Əgər əks-çevriliş olarsa, o zaman hamı bir-birini ittiham etməyə başlayacaq və Afrikanın bu hissəsində xaosun yeni mərhələsi başlayacaq.

– Eyni zamanda, Nigerin yeni “hakimiyyət orqanları” 1977-ci il müqaviləsinin denonsasiyasını (beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin digərinə fəaliyyətinin birtərəfli qaydada dayandırması haqqında bəyanat verməsi – red.) əsas gətirərək Fransadan sentyabra qədər bütün qoşunlarını ölkədən çıxarmağı tələb edib.

– Fransa son vaxtlara qədər Afrikanın Sahel bölgəsində cihadçılara qarşı yönəlmiş “Barxan” əməliyyatı əsasında Nigerdə ​​idi. Lakin bundan xeyli əvvəl, hələ 1977-ci ildə Fransa ilə Niger arasında, həqiqətən də, Fransa qoşunlarının bu ölkədə ola biləcəyi ilə bağlı müqavilə imzalanmışdı. Bu, uzunmüddətli bir razılaşma idi və buna görə də Paris öz bölmələrini geri çəkməkdən imtina etdiyini bəyan etmək üçün arqumentə malik idi. Burada vacib bir məqam var – qiyamçıları heç də bütün Niger ordusu dəstəkləmir, bunu nəzərə almaq lazımdır.

– Yeri gəlmişkən, bu yaxınlarda çevrilişdən sonra Niger vətəndaşları antimüstəmləkəçi bir aksiya keçirdilər və bu nümayişlərdən birində Rusiya bayraqları ilə yanaşı, Türkiyə bayraqları da açılmışdı…

– Mən hesab edirəm ki, bunu işləyib-hazırlayan Yevgeni Priqojinin (“Vaqner” özəl hərbi şirkətinin rəhbəri – red.) strukturlarıdır. Onun Nigerdə ​​işləyən çoxlu siyasi texnoloqları və məsləhətçiləri var. Onlar Türkiyə varlığının görüntüsünü yaratmağa, xalqın Türkiyəni istəməsi görüntüsünü yaratmağa çalışırlar. Onlar baş verən real mənzərənin görünməməsi üçün sadəcə, suyu bulandırırlar.

– Fransaya qayıtsaq, onun Afrikadakı mövqeləri ildən-ilə zəifləyir.

– Bəli, bu, aşkar faktdır.

– Necə düşünürsünüz, fransızlar Nigerdə ​​qalmağa nail olacaqlar?

– Gəlin Mərkəzi Afrika Respublikasından başlayaq. Fransızların özləri də oradan getmək istəyirdilər. Mərkəzi Afrika Respublikası dünyanın ən kasıb və qeyri-sabit ölkələrindən biridir və Mərkəzi Afrika Respublikasında antiterror əməliyyatında iştirak etməli olan Fransanın ölkəni tərk etməsi Paris üçün böyük itki deyil. Bunun ardınca növbə antifransız əhvali-ruhiyyəsinin çoxdan mövcud olduğu Burkina-Fasoya gəldi. Sonra Malidən geri çəkilmə baş verdi və bu, fransızlar üçün sonuncu “qırmızı xətt” oldu. Beləliklə, onlar Nigerdə qalmağa çalışacaqlar.

Fransa Afrikada zəifləyir, özünün iqtisadi problemlərinə görə Afrika ölkələrinə uzun müddətdir investisiya qoymur. Amma Nigerdən, yenə deyirəm, getmək istəməyəcək. Strateji baxımdan bu ölkə böyük əhəmiyyət kəsb edir, o, fransızlar üçün çox vacib olan Liviya ilə həmsərhəddir. Hamı Nigerdə ​​uran hasilatı haqqında danışır, amma əslində, Fransanın nüvə sənayesində Nigerdən hasil etdiyi uranın payı 17 faiz təşkil edir. Bu çoxdur, amma kritik həddə deyil. Ən önəmlisi ölkənin strateji yerləşməsidir. Fransanı sevən çox deyil, hətta fransızların özləri də Fransanı sevmirlər. Amma obyektivlik naminə qeyd etmək lazımdır ki, Niger son vaxtlara qədər Fransaya dost ölkə idi və indi də əhalinin nəzərəçarpacaq hissəsi Parisə rəğbət bəsləyir.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir