Müsahibə

Fərrux Mahmudov: “Təklif gələndə “Neftçi”dəki işimin çətin alınacağı düşünülürdü” – MÜSAHİBƏ

Sharing is caring!


“Neftçi”nin yeni prezidenti (baş icraçı direktoru) Fərrux Mahmudov təyinatının ardından müsahibə verib.

F.Mahmudovun Prosport.az-a verdiyi müsahibəni təqdim edirik:

– Maraqlıdır, “Neftçi”yə təyinatınızın olacağı barədə sizə məlumat nə vaxt gəldi və sirr deyilsə, deyərdiniz, bu təklif kim tərəfindən gəldi?

– Bu təklif üç-dörd həftə var ki, müzakirə olunurdu. Bir neçə məqama görə “Neftçi”dəki işimin çətinliklə alınacağı düşünülürdü. Bildiyiniz kimi, Azərbaycan Basketbol Federasiyasında da çalışırdım. Orada isə işlərin həcmi kifayət qədər böyükdür. “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) Müşahidə Şurasının üzvləri ilə bir neçə görüşdən sonra qərara gəldik ki, klubda bu vəzifəni qəbul edim.

– Basketbol Federasiyasında da demək olar ki, eyni vəzifəni – icraçı direktor vəzifəsini daşıyırdınız. Bildiyim qədəri ilə oradan rəsmi şəkildə ayrılmamısınız. Hər halda federasiyanın bu barədə qərarı ilə rastlaşmamışıq. İki yerdə fəaliyyətinizi davam etdirməyi düşünürsünüzmü, yoxsa iki iş bir-birinə mane olduğundan, oradan ayrılacaqsınız?

– Artıq dünəndən etibarən oradan rəsmi olaraq ayrılmışam. Amma bir neçə ay uyğunlaşma dövrü olacaq. Elə bu müddət də “Neftçi” Müşahidə Şurasının üzvləri ilə müzakirə olunurdu. Çünki basketbolda çox kiçik bir zamanda qurduğumuz işi birdən-birə atmaq düzgün olmazdı. Və hamı buna müsbət baxıb bu qərara gəldi.

– “Neftçi”də prezident vəzifəsi ən məsuliyyətli vəzifələrdən biridir. Siz “Neftçi”nin yeddinci prezidentisiniz. İlk görmək istədiyiniz iş nələr olacaq?

– Bəli, böyük azarkeş kütləsinə malik olan flaqman klubunda belə vəzifə daşımaq çox böyük məsuliyyətdir. Bu adi bir klub deyil. Uşaqlıqdan gözümüzü açıb bu kluba azarkeşlik etmişik. Klubun uğurunda və uduzan vaxtlarında hər zaman yanında olmuşuq. Hal-hazırda klub xoşagəlməz günlərindən birini yaşayır. Amma inanıram ki, bu müvəqqətidir. Gördüyünüz kimi, komanda yenilənir, fikirlər dəyişilir, idarəetmə fərqlənir. Bu uğura aparacaq bir yoldur. Bir az səbir edək, hər şey öz yoluna oturacaq və klub yenidən öz parlaq günlərini qaytaracaq.

– Hazırda “Jelezniçar”la UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin oyunu üçün Bosniya və Herseqovinanın paytaxtı Sarayevodasınız. Belə fikir formalaşıb ki, yeni “Neftçi” üçün cari mövsüm əsas hədəf Azərbaycan çempionluğu olduğundan, avrokuboklarda çıxış ikinci məsələdir…

– Hər iki hədəf gündəmdədir. Öz azarkeşlərimizi sevindirmək bizim borcumuzdur. Klub rəhbəri olaraq buradan azarkeşlərimizə səslənmək istəyirəm. “Neftçi” üçün yeni dövr başlayıb, bu dövr bir neçə yenilik gətirəcək. Bu, vaxt aparan prosesdir, xahişim odur ki, bizimlə olun. Bizim ürək döyüntülərimiz sizin ürək döyüntüsü ilə bir ritmdə olmalıdır. Siz bizi, biz sizi hiss etməliyik. İdman idarəetmə komandası öz işini peşəkar şəkildə görür. Şahid olduğunuz kimi komandaya yeni baş məşqçi, məşqçilər heyəti, oyunçular cəlb olunur. İnsan resurslarının idarə edilməsi, ayrılmış maliyyənin düzgün və səmərəli istifadə edilməsi, azarkeş, ictimaiyyət, media ilə düzgün kommunikasiyanın qurulması barədə də yeniliklərin şahidi olacaqsınız.

– Son sualım basketbolla bağlı olacaq. Federasiyada son işiniz hava limanında Avropa çempionatının C divizionunun qalibi olmuş 16 yaşadək qızlardan ibarət millimizi qarşılamaq oldu. Bu uğur sizin də ayağınıza yazıla bilər. Demək olarmı ki, federasiyada qapını bərk çırpdınız?

– (Gülür) Qızlardan ibarət U-16 milli komandamızın Avropanın C divizionunun qalibi olması çox sevindirici haldır. Azərbaycan basketbol tarixində bu bir ilkdir. Qızlarımızla fəxr edirəm. Onları qarşılamamaq olardımı?! Öncə də söylədiyim kimi, basketbolda uyğunlaşma dövrü yaşanacaq və siz məni hələ orada görə bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir