Cəmiyyət

Körpəni zibil qutusuna atan qadının işi üzrə detallar məlum oldu – FOTO

Sharing is caring!


Təxminən bir həftədir ki, zibil qutusunda tapılan yeni doğulmuş körpə ilə bağlı hadisə medianın diqqət mərkəzindədir. Bu cinayətin uşağın anası tərəfindən törədilməsi ictimaiyyəti hiddətləndirib, çoxları qadını qınamağa başlayıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (təhlükə altında saxlama) maddəsi ilə cinayət işi başlanıb. Körpənin anası Səbinə Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Dövlət hesabına ona müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Aydın Kərimov təyin edilib.

Media.Az A.Kərimovla danışıb. Vəkil bu işdə bir çox mübahisəli məqamlara işıq salıb və hadisənin bir neçə ciddi sosial problemlərin mövcudluğunu necə ortaya çıxardığına işarə edib.

Səbinə Qasımova cinayətkar, yoxsa qurbandır?

Aydin Kərimov müştərisini adekvat, təvazökar qız kimi təsvir edib. Vəkil cinayət işinin dərinliklərinə nüfuz edərək S.Qasımovadan baş verənlərin bir çox detallarını, məsələn, uşaqdan nəinki doğulduqdan sonra, hətta ondan xeyli əvvəl yaxa qurtarmaq istəməsinin səbəbini öyrənib.

A.Kərimovun sözlərinə görə, qadın boşanıb və hazırda keçmiş ərindən olan bir oğlunu böyüdür. O, ikinci övladına nikahdan kənar hamilə qalıb. A.Kərimov iddia edir ki, Səbinə Qasımovanın ailəsində mühafizəkar prinsiplər hökm sürdüyü üçün o, atasının qınaq və təzyiqindən qorxaraq öz vəziyyətini gizlədib.

“O, hamilə olduğunu gec bilib. Artıq hamiləliyə son qoymaq mümkün olmayıb. Onun qarnı kiçik olduğundan qadın öz vəziyyətini yaxınlarından gizlədə bilib. O, “qadınlıq hissəsində” əməliyyat bəhanəsi ilə xəstəxanaya gedib. Doğuşdan dərhal sonra o, körpəni uşaq evinə yerləşdirməyə çalışsa da, qadının şəxsiyyət vəsiqəsi olmadığı üçün ona rədd cavabı verilib. Qeyd edim ki, o, Daxili İşlər Nazirliyinin elektron portalı vasitəsilə doğum evinə yerləşdirilib”, – vəkil deyib.

Daha sonra S.Qasımova bu dəhşətli addıma – uşağı zibil qutusuna atmağa qərar verib.

“Uşağı niyə heç olmasa zibil qutusunun yanına qoymadığını soruşduqda, müştərim yaxınlıqda itlərin olduğunu bildirib. O, heyvanların uşağa hücum edəcəyindən qorxduğu üçün onu, həmçinin uşaq bezlərini və suyu zibil qutusuna qoyub. Qadın ancaq kiminsə uşağı gördüyünü görəndə çıxıb gedib”, – A.Kərimov bildirib.

O, əlavə edib ki, S.Qasımova bu cinayəti törədəndə nə etdiyinin fərqinə varmayıb:

“Atasıyla danışdım, mənə çox aqressiv cavab verdi… Qadın təbii ki, günahkardır. Amma hamiləlik faktını qohumlarından gizlətməsəydi, atası onu öldürəcək, həm oğlunu, həm də yeni doğulmuş qızını yetim qoyacaqdı”, – A.Kərimov vurğulayıb.

Baş verənlərdə doğuşdan sonrakı depressiyanın rolu

Müdafiəçinin fikrincə, bu işi araşdırarkən S.Qasımovanın psixi vəziyyətini də nəzərə almaq lazımdır. Onun sözlərinə görə, qadının doğuşdan sonrakı depressiyaya düşməsi ehtimalı yüksəkdir.

S.Kərimov qeyd edib ki, artıq hamiləlik dövründə müvəkkili depressiya və psixi sarsıntı vəziyyətində olub:

“O, mənə dedi ki, əvvəllər bir neçə dəfə intihara cəhd edib. Bu, artıq onun ciddi psixi problemlərinin olduğunu göstərir. Eyni zamanda, keçmiş qayınanası və qayınatası onun haqqında çox müsbət danışır, onu yaxşı ana adlandırırlar – bu çox şey deyir”, – vəkil deyib.

İstintaq orqanları və prokuror Səbinə Qasımovanın həbsi ilə bağlı məhkəməyə vəsatət verib. Lakin bu vəsatət rədd edilib, çünki məhkəmə A.Kərimovun arqumentlərini nəzərə alaraq psixofizioloji ekspertizanın keçirilməsinə qərar verib.

Vəkil bildirib ki, əgər ekpertizanın nəticələri müvəkkilinin həqiqətən psixi sağlamlıq problemlərinin olduğunu göstərsə, bu, onu cəzadan azad etməyəcək, lakin cəzanı yüngülləşdirəcək.

Səbinə Qasımova uşağı geri götürməyi planlaşdırır?

Hazırda faktla bağlı araşdırma aparılır, S.Qasımovanın reabilitasiya prosesi gedir. A.Kərimovun sözlərinə görə, qadın əməlindən peşman olub:

“Müvəkkilim uşağın vəziyyəti ilə maraqlanır. Onun sözlərinə görə, körpəni geri götürmək niyyətindədir, bu işdə anası ona dəstək olur. İndi əsas odur ki, baş verənlərdən sonra sağalsın”, – vəkil deyib.

Qeyd etmək lazımdır ki, bu hekayədə körpənin atasının rolu işıqlandırılmır. Səbinə Qasımovanın xalasının sözlərinə görə, ictimaiyyət uşağın atası haqda heç nə bilmir:

“Polis uşağın atasını tapmalıdır. O, qızına qulluq etməlidir”, – qadın söyləyib.

Körpə boksları ölkəmizdə belə hadisələrin kökünü kəsəcəkmi?

A.Kərimovun sözlərinə görə, bu hadisə ölkədə körpə bokslarına – dövlət xidmət və orqanlarının himayəsinə verilməsi məqsədilə uşağın anonim şəkildə atılması üçün xüsusi təchiz olunmuş yerlərə nə qədər ehtiyac olduğunu göstərir.

“Azərbaycan mentalitetinin xüsusiyyətlərini nəzərə alsaq, bunlar bizə lazımdır. Lakin onlar quraşdırılarsa, sistemin anonimliyi təmin edilməlidir. Bu cür “həyat pəncərələri” uşaqdan imtina edənlərin və yetimlərin sayını artırmayacaq, əksinə, kriminal vəziyyəti yaxşılaşdıracaq və doğuşdan sonrakı depressiyada və ya sadəcə olaraq anaların əli ilə uşaq ölümlərinin sayını azaldacaq”, – o, qeyd edib.

Vəkillər Kollegiyasının üzvü əlavə edib ki, doğuşdan sonra mümkün depressiya riski altında olan xəstələrin taleyinə tibb müəssisələrinin nəzarət etməsi də vacibdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir