Müsahibə

Moldova parlamentinin sədri: “Xalqın bir hissəsi Rumıniyaya birləşməyi istəyir” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Rusiya öz ölkələrindəki kriminal aləm və ya xüsusi xidmət orqanlarına bağlı olan kriminal strukturlardan yararlanmaqdan da çəkinmir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsi zamanı Moldova parlamentinin sədri İqor Qrosu deyib.

– Demək olar, bir ildir Moldovanın da təhlükəsizliyi dünyanın əsas müzakirə mövzusudur. Ölkənizdə nə baş verir?

– Ukrayna xalqına, dostlarımıza təsir edən şeylər, əlbəttə ki, qonşulara, bizə də təsir edir. İlk növbədə humanitar məsələlərdə təsir hiss edildi. Çünki ilk məsələ ukraynalı qaçqınlara, ukraynalı həmkarlarımıza yardım etmək idi. Moldovadan tranzit kimi istifadə edib başqa ölkələrə gedənlərin, Moldovada qalanların sayı xeyli çox idi. Bunlar, əsasən, uşaqlar, yeniyetmələr, qadınlar, qocalar idi. Belə prosesin idarə edilməsi üzrə təcrübəmiz olmasa da, hesab edirəm ki, bu məsələnin öhdəsindən gələ bildik. Beynəlxalq tərəfdaşların fikirləri də bunu təsdiqləyir.

Əlbəttə, bunun təhlükəsizlik tərəfi də var. Dinc şəhərləri bombalayan, qışda energetika infrastrukturunu dağıtmaqla insanları çətin duruma salmaq istəyən Rusiyanın atdığı raketlərin Moldova hava məkanına daxil olduğu hallar da yaşanıb. Rusiyayönümlü partiyalar, kriminal aləm və s. vasitəsilə qeyri-sabitlik yaratmaq cəhdlərilə bağlı digər hallar da mövcuddur. Rusiya artıq öz ölkələrindəki kriminal aləm və ya xüsusi xidmət orqanlarına bağlı olan kriminal strukturlardan yararlanmaqdan da çəkinmir. Şükür Allaha, pozuculuq planları onlarda alınmır və alınmayacaq da. Çünki bu cür ünsürlərlə necə mübarizə aparmalı olduğumuzu bilirik. Əlbəttə, bu mübarizədə tək deyilik. Ukraynalı, rumın, avropalı, Qərb tərəfdaşlarımız bizimlədir. Ona görə də fəxrlə deyə bilərik ki, Rusiyanın bizi qazı kəsməklə bağlı şantaj etmək cəhdlərinə baxmayaraq, geri qalan qışın öhdəsindən, deyərdim, çox yaxşı gəldik. Onlar heç bir söz demədən, müzakirə aparmadan, səbəb göstərmədən qazın həcmini azaltdılar. Bununla Moldova Respublikasına təzyiq göstərmək istəyirdilər. Çünki biz açıq şəkildə Ukraynaya yardım etdiyimizi və edəcəyimizi söyləmişdik.

Bizim aydın avropayönümlü strategiyamız var və bu strategiyaya sadiqik. Bu, xalqın istəyidir və bunu son iki seçkidə – parlament və prezident seçkilərində də nümayiş etdirdi. Vətəndaşların əksəriyyəti özünü Avropa İttifaqının, Avropa mədəniyyətinin bir hissəsi kimi hiss edir. Həqiqətən də, coğrafi cəhətdən, mədəniyyət baxımından Avropanın bir hissəsiyik. Rusiyanın məlum təcavüzündən sonra dünya iki cəbhəyə ayrılıb. Bunlardan biri qara qüvvələr olan müharibə tərəfidir, mümkünsüzü edib keçmiş imperiyanı və ya Sovet İttifaqını yenidən bərpa etməyə çalışanlardır. Digər tərəf isə insan həyatının ən vacib dəyər olduğu, söz azadlığı, insan hüquqlarının ən üst səviyyədə olduğu Avropa İttifaqıdır.

– Qonşu Ukraynada bir ildən artıqdır davam edən müharibə fonunda Moldova parlamenti ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün konkret hansı qərarlar qəbul edir?

– Avropa İttifaqı və digər ölkələrlə olan sazişləri ratifikasiya edirik. Buraya həm maliyyə yardımı, həm texniki yardım, həm müxtəlif sektorlarda məsləhətləşmələr daxildir.

– Bəs ordu ilə bağlı?

– Aİ-nin “European Peace Facility” proqramı çərçivəsində müdafiə potensialının artırılması, hava məkanımızın daha yaxşı monitorinqi məqsədilə ciddi yardım almışıq. Bu, təqribən 40 milyon avro dəyərində olan yardımdır. Büdcə barədə müzakirələr gedərkən parlament çox ciddi rol oynayır. 2023-cü il üçün büdcəsində ordu üçün resursların həcmini iki dəfə artırdıq. Bu, 30 illik müstəqilliyimiz tarixində ilk belə hal idi. Təəssüf ki, sələflərimiz bu məsələyə lazımi diqqəti göstərməmişdilər.

– Dəqiq rəqəmi deyə bilərsiniz?

– 1,7 milyard Moldova leyi. Amma bu vəsait müdafiə qabiliyyətimizin gücləndirilməsinə, hərbçilərin həyatlarının yaxşılaşdırılmasına xərclənəcək.

– Bəs hərbi texnikanın alınması necə?

– O da var. Çünki hazırda arsenalımızda olanlar sovet texnikasıdır, köhnəlmiş texnikadır. Onları yeniləri ilə dəyişirik. Bizcə, bu, düzgün qərardır və gələcəkdə də bu addımı dəstəkləyəcəyik. Artıq başlamışıq. Xaricdən “Piranha” zirehli döyüş maşınları almışıq. Bunlar köhnə sovet texnikasını əvəz edəcək. Eyni zamanda, monitorinq sistemləri, radarlar və s. də alınıb.

– Necə düşünürsünüz, Rusiyanın Moldovaya da hücumu gözlənilirmi?

– Hazırda birbaşa təhdid görmürük.

– Gözlənilirmi?

– Yox, mən gözləmirəm. Çünki hazırda şərq cəbhəsində ukraynalı dostlarımız onları əməlli-başlı məşğul edir. Onların başqa problemləri var. Hazırda özləri müdafiə üçün istehkamlar qururlar. Biz buna görə ukraynalı dostlara minnətdarıq ki, onların qarşısını alıb.

– Sualı ona görə verdim ki, son vaxtlar tez-tez onların Ukrayna ərazisi ilə Moldovaya çatmağı planlaşdırdıqlarını eşidirik…

– Onlar bunu gizlətmir, bilirəm. İlkin planları da bu idi. Odessanı, Nikolayevi zəbt edib Moldovaya tərəf çıxmaq istəyirdilər. Amma Ukrayna xalqının, ordusunun sayəsində onların bu planı baş tutmadı. İndi də başqa problemlər yaşayırlar. Odur ki, birbaşa təhdid görmürəm. Bununla belə, bu, o anlama gəlmir ki, biz hazırlaşmamalıyıq və müdafiə potensialımızı gücləndirməməliyik.

– Qaqauziyada seçkilərdə Moldovadakı hazırkı hakimiyyətə qarşı olan siyasi qüvvənin qalib gəldiyi deyilir. Moldovanın hazırkı siyasi hakimiyyətinin əks cəbhədə olduğunu nəzərə alsaq, bu, ölkələr arasında siyasi gərginliyə səbəb olmayacaq ki?

– Düşünmürəm. Çünki Moldova əhalisinin əksəriyyəti Avropaya inteqrasiyanın tərəfdarıdır və son sorğular açıq-aydın göstərir ki, Moldova Respublikasının vətəndaşları özləri, övladları üçün normal yaşayış, Avropa İttifaqına inteqrasiya etməyi istəyirlər. Biz Ukrayna ilə birgə çox qısa zamanda namizəd statusu ala bilmişik. Hətta bu ağır vəziyyətdə belə, Ukrayna ilə birlikdə ilin sonuna qədər hazır olmağa və Aİ-yə qoşulmaqla bağlı danışıqların başlanması barədə qərar qəbul edilməsinə çalışırıq. Bu, çox əziyyətli iş olacaq. Amma biz hazırıq. Aİ ölkələrindən – Rumıniyadan, Baltikyanı ölkələrdən, bu proseslərdən keçmiş digər ölkələrdən texniki-ekspert dəstəyi alırıq.

– Son vaxtlar Moldovanın Rumıniyaya birləşdirilməsi məsələsini tez-tez eşidirik. Bu nə qədər realdır? Ümumiyyətlə, bu barədə referendumun keçirilməsi gözlənilirmi?

– Əhalinin bir hissəsi bu barədə açıq-aydın fikrini deyir.

– Bəs siz nə deyirsiniz?

– Mən deyirəm ki, biz bir millətik.

– Yəni bunun tərəfdarısınız?

– Mən bir olmağımızı, Moldova və Rumıniya arasında sərhəd olmamasının tərəfdarıyam.

– Siz Moldovanın Rumıniyanın tərkibində olmasının lehinəsiniz?

– Xeyr, arzulanan şeyləri həqiqət kimi göstərmək düzgün deyil. Mən real olanı deməyi üstün tuturam. Real olan isə Aİ üzvü olmaq və Moldova ilə Rumıniya arasında sərhədin yox olmasıdır. Çünki bu sərhəd Rusiya imperiyasının və Sovet İttifaqının yaratdığı maneədir. Eyni dili danışırıq, eyni dinin mənsubuyuq, eyni mədəniyyəti, tarixi bölüşdürürük. Hazırda referendum keçirilməsi məsələsi mövcud deyil. Hamımız inteqrasiya prosesinə köklənmişik. Səmimi şəkildə deyim ki, bu yol, yəni avrointeqrasiya bizə Rumıniya, Avropa İttifaqı ilə birlikdə olmağa kömək edəcək.

– Baxın, Fransa və Belçika arasında sərhəd yoxdur. Amma onlar ayrı-ayrı dövlətlərdir. Moldova və Rumıniya ilə bağlı fikriniz necədir, belə olacaq, yoxsa birləşəcəklər?

– Yox, axı dedim, bu rəmzi sərhəd olacaq, elə dediyiniz Belçika və Fransa arasında olandan. Bu elə-belə, qəfil qəbul edilməyəcək siyasi qərardır. Cəmiyyətdə çox şey müzakirə oluna bilər. Baxın, əhalinin bir hissəsi Rumıniya ilə birləşmək istəyir, ona görə də bunun müzakirə olunması təbiidir.

– Azərbaycanla parlamentlərarası əlaqə hansı səviyyədədir? Hansı yeni əməkdaşlıqlar gözlənilir?

– Arzu edirəm ki, başlatdığımız əməkdaşlığı bir qədər də dərinləşdirək. Energetika sahəsində də əməkdaşlığa başlamışıq. Bundan əlavə, investisiyaların cəlb edilməsi məsələsini də çox fəal fikirləşirik. Milli Məclisin sədri Sahibə Qafarovanı ölkəmizə səfərə dəvət etmişəm. İndi xanım Qafarovanın iş proqramında səfər üçün vaxt ayıra biləcəyi zaman kəsiyi ilə bağlı qarşı tərəfdən məlumat gözləyirik. Mən Bakıda oldum, çox yaxşı qəbul elədilər. Hətta Şuşaya getdim, oradakı bərpa və yenidənqurma işləri ilə yaxından tanış oldum. Sonra da həmkarımı Moldovaya səfərə dəvət etdim. Onu burada görməkdən çox məmnun olacağıq.

– Türkiyədəki seçkiləri necə dəyərləndirirsiniz?

– Gəlin, ikinci turun necə keçəcəyini gözləyək. Bizim üçün Türkiyə vacib tərəfdaşdır. Bu anda heç bir namizəd barədə danışmaq, onu dəyərləndirmək istəmirəm. Ərdoğan ilə görüşmək şərəfinə nail olmuşam, güclü şəxsiyyətdir. Amma dediyim kimi, hazırda heç bir namizəd barədə danışmaq istəmirəm. Arzu edirik ki, seçkilər uğurla keçirilsin, sakit, mübahisəsiz seçki olsun, xalq da arzuladığı prezidenti seçsin və Türkiyə də regionda sabitliyə zəmanət rolunu davam etdirsin.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir