Müsahibə

Xidmət rəisi: “Ağac kəsilməsinə görə cərimələrin miqdarı beş dəfəyə qədər artırılacaq” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Vətəndaşlar bir ara İrandan qırqovul yumurtaları gətirirdilər. Qırqovul bəzəkli quş olduğu üçün çox populyardır. Gömrükdən keçəndə onun sənədi, sertifikatı yoxlanılır, hətta gömrük bəyannaməsində də qeyd olunur. Sabah vətəndaş onu artırırsa, özü üçün saxlayırsa, hətta kəsib-yeyirsə, biz ona heç nə deyə bilmərik. Çünki bu, Azərbaycan təbiətindən əldə edilməyib”.

Bunu Oxu.Az-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. Xidmət rəisi işbazlar tərəfindən vətəndaşların aldadılma metodları, eləcə də vətəndaşların özlərinin qəsdən və ya qeyri-ixtiyari törətdikləri qanunsuzluqlar, yaşıllıqlara münasibətdə hüquqları, çimərliklərin təmizliyinə görə məsuliyyət və digər mövzular barədə sualları cavablandırıb. Müsahibəni təqdim edirik:

– Son vaxtlar daha çox paytaxtda yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi faktlarına rast gəlirik. Nazirlik tərəfindən edilən cərimələrə, aparılan maarifləndirici tədbirlərə rəğmən, bu hallar niyə azalmır?

– Həqiqətən, bu gün üçün kifayət qədər aktual, cəmiyyəti həm narahat edən, həm qıcıqlandıran bir məsələdir. Nəzərə almalıyıq ki, aparılan statistika, keçirilən monitorinqlər və müstəqil ekspertlərin müşahidələri göstərir ki, ağacların kəsilməsi halları ilbəil azalır. Yəni təkcə Bakının yox, ölkəmizin timsalında bunu deyə bilərik. Əgər beş il əvvəl ölkə üzrə ağacların qanunsuz kəsilməsi 55 min kubmetr həddində idisə, son bir il ərzində bu rəqəm 10 min kubmetrə düşüb, yəni beş dəfə azalıb. O cümlədən Bakı şəhəri ərazisinə nəzər salsaq, çox az sayda nöqsanlar aşkar edildiyini görürük. Aşkarlanan pozuntular isə iki-üç ağacın kəsilməsi, haradasa bir ağacın budağının qırılması kimi faktlardır. Amma bu özü də həm narahatedici, həm qıcıqlandırıcı faktordur. Xüsusi olaraq Bakı şəhərinin daha çox diqqət çəkməsinin səbəbi vətəndaş cəmiyyətinin aktivliyidir. Eləcə də Abşeron yarımadasının təbiəti, təbii faktorları, torpağı elədir ki, bir ağacın əkilməsi, boya-başa çatması uzun illər və böyük zəhmət tələb edir. O səbəbdən, əlbəttə ki, hər bir ağac qiymətlidir.

Nə qədər maarifləndirici işlər aparsaq da, nə qədər müvafiq tədbirlər görsək də, təəssüf ki, bu hallar hələ də var. Bu işlərdə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik. Hazırda daha çox rast gəlinən, xüsusən Bakı şəhərində mənzil-tikinti kooperativlərinin (MTK), tikinti şirkətlərinin yol verdiyi pozuntulardır. Bu cür nöqsanlar aşkarlanan zaman onlar qanunvericilik üzrə çox ciddi formada cəzalandırılırlar.

– Hikmət müəllim, aşkarlanan nöqsanlarla bağlı hüquqi və fiziki şəxslər barəsində nə qədər protokol tərtib olunub?

– Xüsusən yaşıllıqlarla bağlı çoxlu sayda protokol tərtib olunur. Onların bir hissəsi hansısa kənd ərazisində bir şəxs tərəfindən bilmədən kəsilən bir-iki ağac və ya ağac zədələnmələri ilə əlaqəli olur. Yəni bunları saysaq, əlbəttə, yüzlərlə protokol tərtib edildiyini demək olar. Keçən il yaşıllıqların məhv edilməsinə dair 1 963 fakt müəyyən edilib və aktlaşdırılıb. Onlardan 223-ü cinayət tərkibi yaratdığından hüquq-mühafizə orqanlarına göndərilib. Ziyan məbləği isə 2 milyon 550 min manat təşkil edib. Cari ilin üç ayı ərzində isə 480 fakt aşkarlanıb və 67 fakt hüquq-mühafizə orqanlarına göndərilib. Dəymiş ziyan isə 863 min manat təşkil edib. Elə fürsət düşmüşkən, bu proseslərdə sıx əməkdaşlıq üçün Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə (DİN) birgə fəaliyyət və operativ reaksiyalar üçün təşəkkür edirəm.

Qanun pozuntularının əksəriyyəti, bayaq qeyd etdiyim kimi, MTK-lar  tərəfindən Bakı şəhəri ərazisində, əksər hallarda gecə vaxtlarında ağacların çıxarılması ilə bağlıdır. Heç kim düşünməsin ki, bu hallar nəzarətsiz qalır, nazirliyin kifayət qədər texnoloji imkanları var. Yəni fakt o deyil ki, gəldi, ağac kəsimi aşkarladı, rəsmiləşdirdi və getdi. Xeyr, elə deyil. Bütün bunlar kompleks tədbirlər formasında aparılır. Bizim bu gün peyk görüntülərini əldə etmək imkanlarımız var. İstənilən zaman peyk görüntüləri ilə müqayisəli şəkildə həmin ərazidə nə baş verdiyinə nəzarət edə bilirik. Məsələn, yaşıllıq olan ərazidə ağacların sayı azalıbsa, müvafiq seyrəklik varsa, bunu aşkarlamaq mümkündür.

– Ağacları daha çox gecə saatlarında kəsirlər. Necə fikirləşirsiniz, ağacların kəsilməməsi üçün görülən tədbirlər daha da gücləndirilməli deyilmi?

– Sizinlə razıyam, birinci növbədə, preventiv tədbirlər aparılmalıdır. Profilaktik tədbirlər özü də maarifləndirmə prosesində mühüm rol oynayır. Burada kütləvi informasiya vasitələrinin də rolu böyükdür. Ən azından, bir oxucu bunu oxuyur, başa düşür və tətbiq edir. Dağ kəndlərində yaşayan şəxslər də məlumatlandırılmalıdır ki, qaydalara əməl etsinlər.

Bu günə qədər hansısa bir vətəndaşın ağacı kəsdiyinə rast gələndə irəli sürdüyü səbəb təəssüf doğururdu. Çoxları deyirdilər ki, ağac mənə mane olurdu, kəsdim. Yaxud da ağacın aşma təhlükəsi var idi, kəsdik. Lakin başa düşmürlər ki, bunun üçün sadə bir müraciət etmək kifayətdir. Aidiyyəti qurumlar o ağacı qanuni yolla, müvafiq formada kəsib, bir neçə günün içində götürə bilərlər. Amma özbaşına ağac kəsilməsi aşkar edilərsə, ən yaxşı halda cərimə tətbiq edilir, ən pis halda isə hətta həbs qərarı verilir. Bütün bunlar isə sadəcə, qanunvericiliyi bilməməzlikdən baş verir.

Digər tərəfdən isə qanunvericiliyi bilərək cəzasızlığa ümid edib, bu addımı atan MTK-lar da var. Onlar bilirlər ki, ağac kəsmək qadağandır, cəriməsi var, amma düşünürlər ki, aşkar olunmayacaq. Yaxud da bu faktdan hansısa yollarla kənarda qalıb, məsuliyyətdən qaça biləcəklər. Lakin yanılırlar, qanun hər kəs üçün eynidir.

Üçüncü bir məsələ isə qanunlarımızın işlək olmasıdır. Qanunların sərtliyi, bütün halları əhatə etməsi əhəmiyyətlidir. Bu gün biz yaşıllıqların mühafizəsi haqqında qanunvericilikdən irəli gələn bir neçə qaydanın daha da sərtləşməsi ilə bağlı işlər görürük. Layihələr hazırlanıb, müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Çox kiçik razılaşmalarımız qalıb və ondan sonra artıq təsdiq üçün təqdim ediləcək.

– Yaşıllıqlarn qorunması ilə bağlı cərimələrin sərtləşdirilməsi dedikdə tam olaraq nəyi nəzərdə tutursunuz?

– Biz yaşıllıqların mühafizəsi ilə bağlı kiçik cərimələri bir neçə dəfə artıracağıq. Yaşıllıqların məhv edilməsinə, ağacların kəsilməsinə yol verənlər kiçik bir cərimə ilə canlarını qurtarırdılarsa, o cərimələrin miqdarı bir neçə dəfə artacaq. Məsələn, Bakı şəhəri üzrə yaşıllığa dəymiş ziyanla bağlı müvafiq əmsallar üç dəfə çox idisə, artıq beş dəfə çox olacaq. Rayonlarda təbiətə vurulan ziyan nəticəsində cərimə 100 manat idisə, Bakı şəhərində 300 manatdır. Amma bütün bu cərimələrin miqdarı beş dəfəyə qədər artırılacaq. Çünki bu əmsallar Bakı şəhəri, Sumqayıt, Gəncə ərazisində yaşıllığı mühafizə etmək üçün tətbiq edilirdi. Yeni sərtləşmələrə görə, hansısa regionda ağac kəsilməsinə görə ödənilən 100-200 manatlıq cərimələr Bakı üzrə 1 000 manata qədər qaldırılacaq. Eləcə də cinayət tərkibinin yaranması məsələsi ilə bağlı artıq yeni əmsallar təyin ediləcək. Müvafiq əmsallar İnzibati Xətalar Məcəlləsinə (İXM), Cinayət Məcəlləsinə (CM) uyğun tərtib edilib.

Qaydalar elə hazırlanır ki, hətta bir orta diametrli ağacın kəsilməsi cinayət tərkibi yaratmış olacaq. Yəni artıq vətəndaş, xüsusən şirkətlər onlara “maneçilik” törədən bir ağac barəsində daha diqqətli olmağa məcbur olacaqlar. Onlar başa düşməlidirlər ki, bir ağacın qanunsuz kəsilməsi cərimə və həbs qərarına qədər gətirib çıxara bilər.

– Təəssüf ki, mühafizə tədbirləri təkmilləşdikcə ağacların məhv edilməsi də daha “kreativ” üsullarla aparılır. Bəzən tikintiyə başlamazdan aylar əvvəl ağacların kökünə kimyəvi maddələr tökülür, ya da betonlanır. Bu kimi hallarla bağlı necə, vətəndaş müraciəti olurmu?

– Tarixən cinayətkarlar daim təkmilləşiblər, paralel olaraq kriminalistika elmi də təkmilləşməyə məcbur qalıb. Son illər qeyd etdiyiniz üsullara əl atanlar çoxalıblar. Əsasən, vətəndaşlar deyil, müəyyən şirkətlər, sahibkarlar öz obyektlərinin qarşısında olan ağacları məhv etmək üçün belə edirlər. Ağac heç vaxt mane ola bilməz.

İlk növbədə vətəndaş cəmiyyətinin aktivliyini danmaq olmaz. Mən sizə deyim ki, sahibkar, vətəndaş nöqsana yol verdiyi andan çox az müddət sonra bizə məlumatlar gəlir. Gəlin razılaşaq ki, heç bir qurum və yaxud təşkilat bütün ağacların yanına, yaşıllıq ərazilərə kamera qoymaq və ya mühafizəçi təyin etmək gücündə deyil. Amma vətəndaşlardan gün ərzində alınan onlarla məlumatın dəqiqləşdirilməsi, yerində baxış keçirilməsi mümkündür. Bəzi hallarda hansısa bir qurumuş ağacın götürülməsi faktı olur.

Hazırda aktual məsələlərdən biri xüsusi zərərvericilərin şam ağaclarına vurduğu ziyandır. Bu hallarda həmin ağaclar dərhal götürülməlidir və bu, qanunidir. Bu halda Dövlət Ekoloji Ekspertiza Agentliyi öz rəyini verir, mütəxəssis rəyi əsasında proses həyata keçirilir. Vətəndaşa da səbəbi izah edilir. Amma hər bir halda biz vətəndaşlara proseslərə həssas yanaşdıqları üçün minnətdarlıq edirik. Onlardan belə hallara şahid olduqları zaman nazirliyin “168” çağrı mərkəzinə müraciət etmələrini rica edirik. Bütün müraciətləri yerində dəqiqləşdiririk, əgər qanun pozuntusu varsa, tədbir görürük. Vətəndaş çox operativ məlumat verməklə neçə ağacın, yaşıllıq sahənin məhv olmasının qarşısını almış olur.

Məsələn, vətəndaş müraciəti gəlir ki, filan ərazidə hasarlanma işləri gedir. Ehtimal yaranır ki, həmin ərazidə yaxın zamanda yaşıllıqlar kəsiləcək. Biz dərhal vətəndaşın müraciəti əsasında əraziyə gedirik. Baxış keçirilir, hasarlanma varsa, daxilində olan ağaclar sayılır, sahibkara təhvil verilir. Ona izah olunur ki, yaşıllığın başına hər hansı hadisə gələrsə, məsuliyyəti sahibkarın üzərinə düşür və bu, cinayət məsuliyyətinə səbəb ola bilər. Belə olan halda bir vətəndaş zəngi yaşıllıq ərazinin mühafizə olunmasına kömək etmiş olur.

– Ağacların mühafizəsi məqsədilə köçürülmə prosesində insanları çaşdıran məsələ var. İstərdim, ağacların köçürülməsinin meyarlarına və burada ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin roluna toxunasınız.

– Köçürmə, ümumiyyətlə, qanunla icazə verilən haldır. Onun da özünün normaları, hüquqi əsasları var. Qanunvericilikdə ağacların köçürülməsi anlayışı xüsusi meyarlara görə həyata keçirilir. O meyarlara mütləq mənada əməl edilməlidir. Məsələn, əgər əsaslandırılıbsa ki, o ağacların yerində hansısa bir strateji obyekt tikiləcək, hansısa dövlət əhəmiyyətli yol çəkiləcək, şəhərsalma nöqteyi-nəzərindən çox vacib bir ərazidir, oradakı ağacların köçürülməsi vacibdir, bu halda rəy verilə bilər. Amma yenə də qanunvericilik müəyyən edir ki, ağacın en kəsiyi üzrə diametri 26 sm-ə qədərdirsə, o ağac köçürülə bilər. Yəni belə ağacın başqa yerdə əkildiyi təqdirdə yaşama ehtimalı 100 faizdir.

Amma ağacın en kəsiyi üzrə diametri 30, 40, 50 sm və daha böyükdürsə, onun köçürülməsi qadağandır. Çünki onların yaşama ehtimalı çox azdır. Bu cür ağacların köçürülməsi ilə kəsilməsi eyni nəticəyə gətirib çıxarır. Eləcə də ağacların köçürülmə müddəti var. Hər mövsümdə ağac köçürülməsi prosesi həyata keçirilə bilməz. İyun, iyul, avqust aylarında ağaclar köçürülə bilməz. Qalan doqquz ay ərzində ağacların bioloji aktiv dövrü sayılır və həmin dövrdə ağac köçürülməsi həyata keçirilə bilər.

Xüsusilə onu da qeyd edim ki, ağac köçürülməsi prosesi vətəndaşın və ya sahibkarın şəxsi təşəbbüsü ilə həyata keçirilə bilməz. Sabah hər kəs üç-beş ağacı götürüb, “mən ağac köçürürəm” deməsin deyə, məsələyə bir az da aydınlıq gətirmək istərdim. Bu prosesə ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin mütəxəssisləri tərəfindən rəy verilməlidir. Müvafiq qurum müraciət edir, həmin müraciətə 30 iş günü ərzində yerində baxış keçirilir, rəy verilir. Yekunda xidmət tərəfindən köçürülən əraziyə icazə verildiyi halda, həmçinin aqrotexniki qulluqla bağlı məsələyə müsbət rəy verdikdən sonra proses həyata keçirilə bilər.

– Bəzən bələdiyyələr torpaq sahələrini satanda ərazidəki ağaclar şəxsi mülk adlandırılan əraziyə düşür. Vətəndaş ərazini hasarlayır və şəxsi mülkiyyətimdir deyib, ağacları kəsir. Bu zaman protokol tərtib edilə bilərmi?

– Bu məsələni də çox doğru qeyd edirsiniz. Qanunvericilikdə çox dəqiq müəyyən edilib ki, hansı halda vətəndaş ona məxsus olan mülkiyyətdə ağacları kəsə bilər. Özbaşına ağac kəsimi ola bilməz. Yəni bununla bağlı torpaq mülkiyyəti tam pay hüququnda vətəndaşa məxsusdursa, çıxarışlı, müvafiq bütün sənədləri olan xüsusi mülkiyyətdirsə, eləcə də torpaq sahəsi yaşayış məntəqəsi kateqoriyasına aid olmaqla onun mülkiyyətindədirsə, vətəndaş o halda ağaclarla bağlı müəyyən addımları ata bilər. Torpaqların müvafiq kateqoriyası var, heç vətəndaş onunla maraqlanmır. Hamı elə bilir ki, torpaq öz mülkiyyətidirsə, onunla hər istədiyini edə bilər.

Biz əksər hallarda vətəndaş mülkiyyətinə aid olan, amma yaşayış məntəqəsi olmayan və ya mülkiyyətində olmayan, sadəcə, uzunmüddətli istifadəsində olan torpaqlarda ağac kəsmək istəyən vətəndaşlara rast gəlirik. Amma vətəndaş hətta mülkiyyətində olan torpaqda belə, xüsusən meşə ağaclarına qarşı maksimum ehtiyatlı davranmalıdır. Hətta xüsusi mülkiyyətində olan torpaqda xüsusi kriteriyalar daxilində meyvə ağacları ilə bağlı mütəmadi dəyişmə prosesini həyata keçirə bilər. Çünki meyvə ağacları, bilirsiniz, müəyyən müddət bar verdikdən sonra artıq barı kəsilir, azalır və ya quruyur. Təbii ki, anlaşılandır ki, vətəndaş onu dəyişib, əvəzinə başqa bir meyvə ağacını əkmək marağındadır. O da yenə də öz xüsusi mülkiyyətindədirsə.

Amma tutaq ki, bunun mülkiyyəti olan yerdə, sizin dediyiniz kimi, 50-60 il yaşı olan böyük sərv, şam, palıd ağacı varsa, sabah mülkiyyəti alan kimi ağacları kəsməyə cəhd etməsi yolverilməzdir. Bu nə qanunvericilik, nə insani, nə də bizim mənəvi dəyərlərimiz nöqteyi-nəzərindən doğru deyil.

– Bəzən rayonlarda, xüsusilə də Quba yolunda rast gəlinən mənzərədən danışaq. Qəçrəş istiqamətində yolboyu ağacların altında masalar qoyublar. Yağışdan qorunmaq üçün ağac budaqlarına iplər bağlayıb, kiçik çətirlər düzəldirlər. Bundan başqa, aydın məsələdir ki, ağacların dibinə atılan məişət tullantılarının hamısı torpağa qarışmır. Bu özü də ağaclara ciddi ziyan vurur. Belə hallarla bağlı hansı qabaqlayıcı tədbirlər görülür?

– Tamamilə haqlısınız. Nəzərə almalıyıq ki, insan istismarçıdır. Yəni havadan tutmuş, təbii sərvətlərə qədər hər bir şeyi istismar edirik. İnsanın fəaliyyəti təbiətə ancaq ziyan vurur. Təbiət deyir ki, mənimlə işin olmasın, xeyrini istəmirəm. Əslində, təbii bərpa üçün imkan yaratdığımız və insanların buraxılmadıqları meşələrdə ağacların inkişafı qısa müddətdə cəngəllik effekti yaradır. Biz bunu görürük. Üç-beş il ərzində bu nəticəni alırıq. O meşələrə ki insan daxil olur, nəyisə istismar edir, orada, əlbəttə ki, həmin effekti ala bilmirik. Təbii ki, ağacın altında oturmaq da, ağacın dibinə hansısa tullantıları – çay və s. atmaq da, yaxud onun budaqlarını qırmaq da ağaca ziyandır.

Amma bu gün bizim qəbul etdiyimiz və etmək istəmədiyimiz reallıqlar var ki, biz təbiətdə olan zaman istər-istəməz onu istismarı edirik. Nəzərə almalıyıq ki, heç bir sahibkar, heç bir vətəndaş ağacın altına masa qoyub iaşə obyekti kimi istifadə edə bilməz. Bu, qanunla yolverilməzdir. Onlar qanunla meşə fondu torpaqlarına aiddir. Lap digər kateqoriyalı torpaqları da vətəndaş müvafiq icazəsi olduğu halda, müvafiq öhdəlik götürdükdən sonra istifadə edə bilər. Həmin o yaşıllıqlar, onların mühafizəsi ilə bağlı xüsusən müvafiq icarə müqaviləsi mövcuddur. Həmin müqavilə əsasında qarşı tərəf sadalanan öhdəlikləri qəbul etdikdən sonra hər hansı fəaliyyəti həyata keçirə bilər. O öhdəlikdən kənara çıxan sahibkar, artıq müvafiq orqanlar qarşısında tam məsuliyyət daşıyır.

Qaldı ki meşə yanğınlarına səbəb olan tonqal qalanması məsələsinə, bu da hər yerdə olmaz, qadağandır. Tonqal qalanması yalnız xüsusi müəyyən edilmiş piknik ərazilər, hansının ki, təhlükəsizliyinə 100 faiz zəmanət verilir, o ərazilərdə mümkündür. Bunun üçün müvafiq icazə nişanları da quraşdırılıb. Digər hallarda bu, tamamilə qadağandır. Yəni buna həm Fövqəladə Hallar Nazirliyi, həm bizim nazirliyin müvafiq xidmətləri çox ciddi nəzarət edirlər. Çünki son illər meşə yanğınları bütün dünyada artıb, Azərbaycanda da təəssüf ki, meşə yanğınları baş verir. Bu baxımdan təbiəti qorumaq üçün təhlükəsizlik şərtlərinə əməl etmək vacibdir.

– Ağac kəsilmələri ilə bağlı bir məqamı da vurğulamaq istərdim. Belə faktlara Bakı, Sumqayıt, Gəncə Abşeronda, yoxsa regionlarda daha çox rast gəlinir?

– Bu gün hansısa bir ucqar regionda kəsilən ağacın sayı ümumilikdə Bakı şəhərində kəsilən ağacların sayını üstələyir. Amma sadəcə, həmin bölgə uzaqda yerləşdiyindən, yaxud ictimaiyyətin diqqətini cəlb etmədiyindən onu yalnız müvafiq orqanlar görür. Biz nəzarət prosesində o faktları qeydə alırıq. Həmin vətəndaşa qarşı müvafiq cəza tətbiq olunur. Çox sayda ağac kəsimi aşkarlanırsa, cinayət tərkibi yaranır və müvafiq orqanlara müraciət olunur. Amma Bakı şəhərində vətəndaş aktivliyi daha çox olduğundan nəzərə çarpır.

Bəzən bir fakta görə Bakıda altı-yeddi vətəndaş müraciəti daxil olur. Amma Gədəbəyin hansısa ucqar kəndində bir vətəndaş evinin qabağında 50 ağacı kəsib-tökübsə, o barədə ictimaiyyətin məlumatı olmur. Faktı bizim müvafiq xidmət əməkdaşları müəyyən edir və dərhal tədbir görürlər. Bir daha deyirəm ki, müvafiq cəzası verilir. O baxımdan deyə bilmərik ki, Bakı şəhərində bu daha çox baş verir. Sadəcə, Bakı şəhərində və yaxud Sumqayıtda baş verən faktlar daha çox ictimaiyyətin diqqətində olur.

– Bəzi restoranlarda qadağan olunmuş quş ətlərinin – qırqovul, turac, eləcə də dənizdən tutulan nərə balıqlarının təklif edildiyi deyilir. Bu bəzən müştərinin diqqətini cəlb etmək üçün atılan addım ola bilir. Amma bilmək istərdim, belə faktlar tərəfinizdən aşkarlanıbmı?

– Restoranlarda qanunla qadağan edilmiş heyvan ətləri, dediyiniz kimi, qırqovul, turac ətlərinin təklif edilməsi qanunvericiliklə tənzimlənir. Mövsümündən asılı olaraq qışda digər heyvan ətlərinin də satıldığı deyilir. Birinci növbədə bu məsələyə Qida Təhlükəsizliyi Agentliyi cavabdehdir. Bu, onların səlahiyyətindədir. Çünki o heyvanlar təbiətdən götürülübsə, onların mənşə sertifikatı, sanitar-gigiyena sertifikatı olmayacaq. Həmin quş, heyvan hansı heyvani xəstəliyin daşıyıcısıdır, heç kim bilə bilməz. Yadınızdadırsa, bir neçə il əvvəl quş qripi bütün dünyanı götürmüşdü. İndi də müəyyən bölgələrdə buna rast gəlinir. Ona görə belə hallar olanda yenə vətəndaş aktivliyi olmalıdır. Bizə müraciət olunarsa, biz, təbii ki, AQTA-nı məlumatlandıracağıq. Agentlik tərəfindən həmin obyektlərə nəzarət olunacaq, orada yoxlama aparılacaq. Dəfələrlə belə faktlar olub və həmin obyekt sahibləri ciddi cərimə olunublar.

Eyni zamanda, bir məsələni də qeyd etmək istəyirəm ki, çox hallarda obyekt sahibləri vətəndaşları cəlb etmək üçün belə yalan reklam yayırlar. Yoxlamalar zamanı müəyyən edilir ki, turac adı ilə satılan başqa bir quş növü olub. Eləcə də hansısa bir vəhşi heyvanın adını menyuda yazırlar, amma sonra laboratoriya yoxlamalarında məlum olur ki, o heç adıçəkilən heyvan deyil. Hətta bu yaxınlarda Xəzər sahilində bir obyektin nərə balıqlarının satışı ilə məşğul olduğuna dair məlumat daxil olmuşdu. Bilirsiniz ki, dənizdən nərə balığının tutulması qadağandır. Biz orada böyük bir qrupla araşdırma apardıq. Burada həm Su Nəqliyyatında Polis İdarəsi, həm AQTA, həm bizim xidmətin əməkdaşları araşdırma apardılar. Laboratoriya yoxlaması zamanı məlum oldu ki, onların, demək olar ki, hamısı süni yetişdirilmiş nərə balıqlarıdır. Azərbaycanda süni nərə balığı yetişdirən zavodlar da var. Amma vətəndaşı cəlb etmək üçün süni yetişdirilən balığı dəniz balığı kimi qələmə verib, daha baha qiymətə satırlar. Yəni o baxımdan müştəriləri də aldanmamağa çağırırıq.

– Bəs vətəndaşların şəxsən qırqovul, turac saxlaması, çoxaltması mümkündürmü? Sosial şəbəkədə bir neçə şəxs bu quşları saxladığını və hətta kəsib-yediyini qeyd edib. Bu hallar nə zaman qanun pozuntusu hesab olunur?

– Bəli, o faktlar var. Əlbəttə ki, qanunvericilikdə bu məsələ də tənzimlənir. Vətəndaş bu cür nadir quşları öz həyətində saxlaya bilər. Amma sabah qanunvericiliyin məhrumiyyətləri ilə üz-üzə gəlmək istəmirsə, onun mənşəyi barədə əlində sertifikatı, sənədi olmalıdır. Yəni bu gün vətəndaş gedib meşədən turac və yaxud digər quşun yumurtasını götürüb evində inkubator şəraitində çoxaldıb, artırırsa, artıq qanunvericiliyi pozmuş olur. Çünki onun təbiətdən o yumurtanı götürməyə də icazəsi yoxdur. Yaxud da hansısa əsaslarla onu götürmək üçün müvafiq icazə almalıdır.

Bizimlə sərhəd ölkələrdən belə quşların yumurtalarının gətirilməsi faktları müşahidə edilir. Vətəndaşlar, bildiyimə görə, İran İslam Respublikasından bir müddət əvvəl qırqovul yumurtaları gətirirdilər. Qırqovul bəzəkli quş olduğu üçün daha çox populyardır. Gömrükdən keçəndə artıq onun sənədi, sertifikatı yoxlanılır, hətta gömrük bəyannaməsində də qeyd olunur. Sabah vətəndaş onu artırırsa, özü üçün saxlayırsa, hətta sizin dediyiniz kimi, kəsib-yeyirsə belə, biz ona heç nə deyə bilmərik. Çünki bu, Azərbaycan təbiətindən əldə edilməyib.

Amma əks halda – yəni heç bir sənədi, sertifikatı yoxdursa, belə çıxır ki, vətəndaş o yumurtanı təbiətdən əldə edib. Bu da gələcəkdə onun təbiətdə artmasının qarşısını almaq kimi qiymətləndirilir. Bu halda, əlbəttə ki, vətəndaş müvafiq qanunvericiliyə uyğun olaraq cərimələnəcək. O yetişdirdiyi quşlar da təbiətə geri qaytarılacaq.

– Çimərlik mövsümü ilə bağlı dəfələrlə aksiyalar keçirmisiniz. Bu məsələ ilə bağlı proseslər başlayıbmı?

– Ümumiyyətlə, o işlər çimərlik mövsümündə həyata keçirilir. Bu prosesi nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi həyata keçirir. İdarə əməkdaşları Xəzər dənizindən nümunələr götürürlər. Yəni dənizin çirkliliyi barədə, hansı hissədə su arealı daha təmizdir, su akvatoriyası daha uyğundur – ictimaiyyətə məlumat verilir. Çimərliklərin təmizlənməsi ilə bağlı nazirlik tərəfindən könüllü aksiyalar keçirilir. Ona görə fürsətdən istifadə edərək, bir məqama toxunmaq istəyirəm. Bu mənim üçün həssas məsələdir. Bəzən vətəndaşlar elə düşünürlər ki, harasa çirklənirsə, ETSN oranı təmizləməlidir. Xeyr, bu, belə deyil. Hər bir ərazinin sahibi var. Çimərlik hansısa bələdiyyənin mülkiyyəti, hansısa icra nümayəndəliyinə aid olan bir torpaqdır. Oranın təmizliyinə cavabdeh birbaşa bələdiyyə, icra hakimiyyətidir. Yaxud hansısa bir şəhər ətrafında zibillik varsa, birbaşa cavabdehlik bələdiyyənin üzərindədir.

ETSN və bizim təmsil etdiyimiz xidmət nəzarət qurumudur, yəni o ərazilərdə çirklənmə varsa, tullantılar atılıbsa, həmin bələdiyyəni cərimə edən və aidiyyəti qurumu oranı təmizləməyə təhrik edən qurumlardır. Nazirlik bir sıra hallarda iməciliklərdə tullantıların təmizlənməsi, dəniz ətrafının qorunması, tullantılardan yığılmasında iştirak edir. Lakin cəmiyyət bilməlidir ki, məişət tullantıların idarə olunması bələdiyyə orqanlarının borcudur. Əhali üçün təmiz ətraf mühiti təmin etməyə, tullantılardan təmizləməyə, tullantılar üçün xüsusi yerlərin ayrılmasına, onların daşınmasına nəzarət edən qurum bələdiyyələrdir. Bu, birbaşa onların öhdəliyidir ki, məişət tullantılarını düzgün formada idarə etsinlər.

– Sumqayıt bulvarının bir hissəsində tikinti aparıldığı və kənd təsərrüfatı məhsullarının becərilməsi ilə bağlı məlumatlar paylaşılmışdı. Hətta orada bir neçə ağac əkildiyi də deyilirdi. Məsələ ilə bağlı bir neçə şəxs barəsində hüquqi müstəvidə ölçü də götürüldü. Belə hallarda yenə də ağaclara, canlı orqanizmlərə ziyan dəyir. Bu proseslər necə tənzimlənir?

– Düzü, bu məsələ ilə bağlı dəqiq məlumatım yoxdur. Amma düz deyirsiniz, elə bir şey varsa, müvafiq tədbirlər görülməlidir. Orada əkilən ağacların taleyindən danışsaq, həmin bulvarın bir inkişaf planı var. Yəni o bulvarda nə, harada, necə yerləşməlidirsə, bu, əvvəlcədən təsdiq olunmuş plan əsasında həyata keçirilir. Təsdiq olunmuş plan əsasında, əgər o ağaclar həmin əraziyə uyğun deyilsə, kiminsə baxışı ilə əkilibsə, təbii ki, onlar çıxarılmalıdır. Amma o ağacların, bitkilərin sonrakı taleyi ciddi nəzarətə götürülməlidir. Əlbəttə ki, biz o ağacları elə-belə buraxası deyilik. Onlar canlı varlıqlardır. Biz onların köçürülməsini, onlara aqrotexniki qulluq olunmasını təmin edəcəyik. Bilirsiniz ki, bu il Heydər Əliyev ilidir. Heydər Əliyevin 100 illiyi ilə bağlı hər ay onminlərlə ağac əkilir.

– Bu ilin sonuna qədər nə qədər ağacın əkilməsi nəzərdə tutulur?

– İl sonuna qədər üç milyon ağacın əkilməsi planlaşdırılır.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir