Müsahibə

Monteneqrolu futbolçu: “Qarabağ” İtaliya A Seriyasında oynayacaq səviyyədədir” – MÜSAHİBƏ

Sharing is caring!


“Azərbaycan çempionatı oyunlarında tribunalar, demək olar ki, tamamilə boş olur. Matçlarımıza çox az adam gəlir. Bunu anlamaqda çətinlik çəkirəm. Başa düşürəm ki, avrokubok matçları fərqlidir və maraq başqadır. Amma düşünürəm ki, azarkeşlər yerli çempionata da maraq göstərsələr, futbolun inkişafına böyük təkan olar”.

Bunu Oxu.Az saytına müsahibəsində “Qarabağ”ın monteneqrolu legioneri Marko Yankoviç deyib.

Müsahibəni təqdim edirik.

– Sona səkkiz tur qalmış böyük fərqlə lidersiniz. “Qarabağ”ı artıq çempion hesab etmək olar?

– Əslində, bunu demək istəyərdim. Baxmayaraq ki, özümüzə inanırıq, amma hələ qalib olacağımız dəqiqləşməyib. Riyazi cəhətdən çempion olana qədər diqqətli olmalı, sonacan bütün matçlara köklənməliyik.

– Zədə səbəbindən bir neçə oyun buraxdınız və keçən həftə yaşıl meydanlara qayıtdınız. Özünüzü necə hiss edirsiniz? Əvvəlki formanızı bərpa etmək üçün nə qədər vaxt lazım olacaq?

– Artıq yaxşı formada olduğumu deyə bilərəm. Çünki iki həftədən artıqdır, komanda ilə birlikdə məşqlərdə iştirak edirəm. Məşqlərimiz yüksək intensivliklə keçir. Lakin istənilən halda, oyun ritmi başqadır. Bir-iki matçdan sonra əksər futbolçular normal ritmə qayıdırlar. Məndə də belə olacağını düşünürəm.

– “Qarabağ” Azərbaycanda uğurlu klub modeli hesab edilir. Müşahidələrinizə əsasən, komandanın uğurlarının səbəbini nədə görürsünüz?

– Buna lakonik cavab verəcəyəm. “Qarabağ”ın uğurları davamlı, planlı iş, çox ağır çalışmalar və doğru skautinqlə bağlıdır.

– Bu mövsüm komanda yenidən Konfrans Liqasında pley-off oynadı. Azərbaycan futbolu üçün böyük uğur hesab edilir. Ancaq azarkeşlər Çempionlar Liqasında da, Avropa Liqasında da, elə Konfrans Liqasında da daha irəli getmək potensialının olduğu qənaətindədirlər. Sizcə, həlledici məqamlarda nə çatışmadı?

– Doğrudur ki, bu yarışlarda irəli getdik. Düşünürəm ki, xüsusən “Gent”lə dueldə mərhələni keçməyə layiq idik. Bakıda azı bir qol da vursaydıq, istəyimizə çatardıq. Bunun üçün şanslarımız da var idi. Qarşılaşdığımız bütün komandalar böyük klublardır. Həm oynadıqları çempionatlarda, həm Avropada yaxşı nəticələr qazanırlar. Onların iştirak etdikləri çempionatlar da güclüdür. Həm transferlərə, həm maaşlara “Qarabağ”dan qat-qat artıq pul xərcləyirlər. Belə komandalarla mübarizə aparmaq heç də asan deyil. Bəzən bir xırda detal, kiçik bir səhv, yanlış bir ötürmə sonra özünü göstərir və bunun cəzasını çəkməli olursan.

– “Gent”i keçə bilməməyinizdə heyətdə baş verən dəyişikliklərin nə dərəcədə rolu oldu?

– Bəzi futbolçular komandamızı tərk etmişdilər, bəziləri isə zədəli idilər. Təbii ki, bunlar bizim üçün problem oldu və oyunlarda hiss etik. Mövsümə başladığımız heyətlə mübarizə aparsaydıq, şübhəsiz, həm “Gent”, həm də növbəti rəqib “Başakşehir”i mübarizədən kənarlaşdıracaqdıq.

– Azarkeşlər “Qarabağ”ı yenidən Çempionlar Liqasının qrup mərhələsində görmək istəyirlər. Sizcə, elə növbəti mövsüm bunu reallaşdırmaq potensialı varmı?

– Bəli, hər kəs bizi Çempionlar Liqasında görmək istəyir. Biz bunu hiss edirik. Ancaq heç kim bunu futbolçu və məşqçilər heyətindən çox istəyə bilməz. Çox çətin hədəfdir. Oynadığımız komandaların da məqsədi eynidir. Onlar da qrupda çıxış etmək istəyirlər. Həmişə belə matçlarda xırda detallar həlledici olur.

– Bəs özünüzün “Qarabağ”da şəxsi hədəfiniz, arzunuz nədir?

– “Qarabağ”da Çempionlar Liqasının qrupunda oynamağı çox istəyərdim. Hətta çox çətin qrupa düşsək belə, bunu arzulayıram. Eyni zamanda, Avropa Liqası və Konfrans Liqasında etdiklərimizdən daha artığını bacararıq.

– Azərbaycanda keçirdiyiniz bir ilə yaxın müddət ərzində təəssüratınız necədir?

– Kluba və şəhərə o qədər tez uyğunlaşdım ki, sanki uzun illərdir, buradayam. Hər şey həm mənim, həm də ailəmin xoşuna gəlir.

– Bəs futbolumuzun hansı özünəməxsusluqları var?

– Xüsusi bir şey qeyd edə bilmərəm. Futbol aşağı-yuxarı bir çox ölkələrdə eynidir. Sadəcə, bir məqamı vurğulamalıyam. Təəssüf ki, Azərbaycan çempionatı oyunlarında tribunalar, demək olar ki, tamamilə boş olur. Matçlarımıza çox az adam gəlir. Bunu anlamaqda çətinlik çəkirəm. Başa düşürəm ki, avrokubok matçları fərqlidir və maraq başqadır. Amma düşünürəm ki, azarkeşlər yerli çempionata da maraq göstərsələr, futbolun inkişafına böyük təkan olar.

– Tez-tez “Qarabağ”ın digər ölkələrin liqalarında necə oynayacağı ilə bağlı müqayisələr aparılır. Siz də A Seriyasında çıxış etmisiniz. Necə düşünürsünüz, “Qarabağ” İtaliya çempionatında oynaya biləcək səviyyədədir?

– Belə bir şey baş versəydi, çox maraqlı olardı. “Qarabağ” A Seriyasında oynayacaq səviyyədədir. Amma neçənci olacağını demək çətindir. A Seriyası ağır çempionatdır. Ancaq bir şeyi dəqiq bilirəm ki, azarkeşlər “Qarabağ”ın ifasında istənilən rəqibə qarşı açıq, cəlbedici oyun görəcəkdilər.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir