Müharibə

Füzuliyə qayıdan sakin: “Diz çöküb anamın ayaqlarından öpdüm” – FOTOREPORTAJ

Sharing is caring!


44 günlük Vətən müharibəsindən sonra ilk dəfə işğaldan azad olunmuş ərazilərə ayaq basanda yaşadığım sarsıntını yəqin uzun illər keçsə də, unutmaram. Kirlənmiş, məhv olmuşdu Qafqazın incisi Qarabağ… Torpağın dili olsa, başına gətirilən müsibətlərdən ağı deyərdi, görünür, demişdi də…

Müharibədən keçən üç ilə yaxın müddətdə aparılan quruculuq işləri bu diyara yeni nəfəs, yeni həyat bəxş edir, gələcəyə ümidləri artırır. Böyük qayıdışın astanasında üç il bundan əvvəl hiss etdiklərimiz, danışdığımız, yazdığımız misraların, sözlərin məğzi də yavaş-yavaş dəyişir. İndi bu ərazilərə vandallıqdan, məhv olmaqdan yox, həyat əlamətlərindən, dirilişdən yazmaq üçün gedirik.

Saat 14:30… Füzulidə yeni salınmış şəhərciyə daxil olaraq ətrafa boylanıram. Uşaqların gülüş səslərini eşidib avtomobildən enirəm. Fotoqrafımız isə əlində tutduğu fotokameranın obyektivini onlara tuşlayır və bu anı ölümsüzləşdirmək üçün işə başlayırıq.

Şəhərciyin girişindəki parkda söhbətləşən xanımlara yaxınlaşıram.

– Necəsiniz, xala?

– Öz yurdumuzda necə ola bilərik, qızım? Əla! Bakıda hava necədir?

– Küləkli, soyuq…

– Xoş gəlmişsiniz, Füzuliyə…

– Xoş gününüzə gələk.

Onlardan bir qədər ayrılıb bizi Füzulinin “yeni” sakinləri ilə tanış etmək üçün gözləyən Məftun bəyə yaxınlaşırıq. Burada 30 ildən sonra yeni həyata başlayan ailələrlə danışmaq, söhbətləşmək üçün səbirsizlənirəm. Bu illər ərzində yaşadıqları çətinliklərdən sonra, nəhayət, üzügülən, sevinən, yurd nisgilinə son qoyulmuş insanların sevincini bölüşmək istəyirəm.

Hüseynovlar ailəsinin qonağıyıq. Qapıda bizi Anar Hüseynov qarşılayır. Evdə qonaqlar var, süfrə azərbaycanlılara məxsus təamlarla bəzədilib. Bizə də ikram etdikdən sonra söhbətə başlayırıq…

Ailə Füzulidən 1992-ci ildən qaçqın düşüb.

A.Hüseynov qaçqınlıq dövrünü – 30 il davam edən o çətin günləri təfərrüatı ilə danışır:

“Ömrümboyu Füzulidən necə getdiyimi unutmayacağam. Ev-eşiyimiz bir kənara, uşaqlıq və gəncliyimizi burada qoyub getməyə məcbur qaldıq. Kimi məcburi köçkün, kimi qaçqın dedi. Bu damğanı alın yazısı kimi daşımağa məhkum idik. 25 il qarajda yaşadım, dövlət tərəfindən Bakıda qaçqınlar üçün salınan şəhərciklərdən ev verilsə də, qəbul etmədim. “Füzuliyə qayıda bilməsəm, elə bu qarajda öləcəyəm”, – deyə and içmişdim. Elə də oldu, qayıtdıq”.

O, Füzulinin işğaldan azad edilməsi xəbərini necə eşitməsindən və bununla bağlı əhdindən də bəhs edir:

“Füzulinin işğaldan azad olunması xəbərini mənə kim versə, qarşısında diz çöküb ayaqlarından öpəcəyəm demişdim. Bu şad xəbəri anamdan eşitmək qismət oldu. Heç vaxt elə ağlamamışdım. Anamın qarşısında diz çöküb ayaqlarından öpdüm. Füzuliyə qayıdacaq ilk ailələrdən olacağımızı eşidəndə də çox sevindim. Ali Baş Komandanımız başda olmaqla bizə bu sevinci yaşadan Azərbaycan Ordusuna, əsgərlərimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, bu yolda sağlamlığından keçən qazilərimizə şəfa versin”.

Bir qədər söhbət etdikdən sonra Hüseynovlar ailəsi ilə sağollaşıb Vəliyevlər ailəsinin qapısını döyürük. Qapıda bizi 4 yaşlı Fərəh qarşılayır. Atası İsa Vəliyevin dəvəti ilə evə keçirik.

İsa bəy deyir ki, Füzulidən qızı ilə eyni yaşda olarkən, yəni 4 yaşında qaçqın düşüb:

“Yaşım çox kiçik olduğu üçün Füzuli xatirələrimdə ancaq valideynlərimin və digər böyüklərimizin danışdığı qədər qalmışdı. Müharibədən sonra bura gələndə çox pis oldum. Çünki ailəmin mənə Füzuli barədə danışdıqları ilə onun hazırkı siması çox fərqli idi. Cənnət kimi bir yer barbarcasına məhv edilmişdi”.

O, övladlarını məhz burada böyütmək istəyindən və Füzulidə tikilmiş yeni təhsil ocağından bəhs edir: “İşğaldan azad olunduğu gündən bura gəlmək üçün can atırdıq. Əhalinin siyahıyaalınması zamanı dəfələrlə Füzuliyə köçmək istəyimlə bağlı müvafiq yerlərə müraciət etmişdim və xoşbəxtlikdən doğma yurda köçən ilk ailələrdən olduq. Böyük qızım burada məktəbə gedir və məktəbi, evimizi çox sevir. Hərdən Bakıya gedəndə uşaqları özümlə aparmaq istəsəm də, Füzulidən ayrılmırlar”.

Füzulidə olarkan oranın yeni sakini, şair Qənbər Hüseynovla da həmsöhbət oluruq. Füzuli ilə bağlı yazdığı şeirlərindən danışır, bir də atasının qəbri üçün düzəltdiyi baş daşından:

“Atamın qəbrini burada qoyub getmək məni sarsıtmışdı. İllərdir bunu özümə dərd eləmişdim. Bu, bizim üçün olduqca ağrılı idi. Atamın qəbri olan yerlərdə hələ də minalar olduğu üçün başdaşını evdə saxlayıram. Həmin qəbiristanlıqda mina təhlükəsi aradan qalxan kimi atamın qəbrini ziyarət edib, əllərimlə düzəltdiyim həmin başdaşını qəbrinə yerləşdirəcəyəm.

Arzularım getdi bada,
Tənha qaldım bu dünyada,
İndi arzum yoxdur mənim,
Bu dünyadan köçəcəyəm,
Elə budur arzum mənim…

Bütün arzularım puç olmuşdu, özümə sadəcə ölüm arzulayırdım. Füzulinin havası, suyu, torpağı üçün darıxırdım. Bu gün həmin doğmalıqla birgə yaşamaq eşqim də mənə qayıdıb. Bu uğurda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Qənbər kişinin Füzuli barədə xatirələrini də dinlədikdən sonra həyətə çıxırıq. Hava qaralıb, lakin uşaqlar hələ də məhəllədə oynayırlar.

Otuz ildir sinəsinə dağlar çəkilən Füzulinin bu gün üzü gülür, siması gözəlləşir. Biz isə bu mənzərədən ruhən dincəlib yolumuza davam edirik…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir