Müharibə

Putinin müraciətindəki ştrixlər: START-a STOP – ŞƏRH

Sharing is caring!

Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibənin ildönümü ərəfəsində Federal Məclisə müraciətin ruhunu 3 hissəyə bölmək olar:

1. Qərbə yönəlik ittihamlar;

2. Ukrayna müharibəsinin başlanmasında Kiyev administrasiyasını təqsirləndirən tezislər,

3. Ukraynadakı müharibənin perspektivinə dair təhlükəli fikirlər.

Putinin Qərbi ittiham edən motivlərində yeni bir ideya yoxdur, lakin Rusiya lideri çıxışını təsirli etmək üçün ritorikasını bir az da sərtləşdirib. Sözsüz ki, əsas məqsədlərdən biri də daxildən ucala biləcək səsləri azaltmaqdır.

Bütövlükdə isə Putinin çıxışı Rusiyanın Ukrayna üzərindəki maksimalist məqsədlərdən geri çəkilmədiyinin bəyanıdır və Moskva daxildəki problemləri həll edərək məqsədlərinə doğru irəliləyiş əldə etmək istəyir.

Ancaq Rusiyanın önündə daha böyük maneə dayanır – bu, Moskvaya qarşı tərzini kəskinləşdirən NATO-dur. Xüsusilə ABŞ və Böyük Britaniya Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin NATO üçün yarada biləcəyi təhdidlərin miqyasını ən azından minimallaşdırmaqdan ötrü Ukraynaya dəstəyin həcmini böyüdürlər.

NATO Ukraynaya hərbi yardım etməklə dolayı yollarla özünü müdafiə edən mexanizmləri formalaşdırır, lakin Rusiyanın qisasçılıq niyyəti də səngimək bilmir.

Qərbin Ukraynaya silah ötürməsi Rusiyadakı aqressiyanın sərhədlərini Ukraynanın hüdudlarından da kənara çıxara bilər.

Putinin “Ukraynaya nə qədər uzaqmənzilli Qərb sistemləri gələcəksə, biz təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdırmağa məcbur olacağıq” fikrini səsləndirməsi Rusiyanın silah gətirən kanalları yıxmaq hədəsinin davamıdır.

Putin müharibə meydanında Rusiyanın üzləşdiyi taktiki uğursuzluqlar zolağının üzərini NATO-nu hədələməklə örtməyə cəhd edir. Hərçənd ki, Rusiya üçün strateji məğlubiyyət mərhələsi də başlamayıb.

Bununla belə, Rusiya özü də bilir ki, NATO ölkələrindən birinə raket atılması Moskvanın kollektiv hücumla qarşı-qarşıya gəlməsi deməkdir.

Rusiya yalnız ölkəyə hücum olacağı təqdirdə müdafiə olunmaq üçün hücum edən tərəfə cavab verə bilər, amma hazırda Ukraynadakı müharibə belə bir həddi yetişdirməyib.

Deməli, Putinin hədə tonu NATO-nu Ukraynadakı müharibədəki iştirak səviyyəsini aşağı endirmək və ya tamamilə çəkindirməyə konsentrasiya olunub.

Ola bilsin ki, Putin çıxışının NATO-ya təsir edəcəyi mövqeyindədir. Putini şirnikləndirən təamlardan biri də ABŞ-nin START müqaviləsi (Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilə) üzrə Rusiya ilə danışıqları bərpa etmək çağırışlarıdır.

Putin hesab edir ki, ABŞ belə təklifləri Rusiyanın müharibədə yarada biləcəyi nəticələrlə barışmaq üçün səsləndirir.

Ancaq Vaşinqtonun niyyətində Putini tələyə salıb Rusiyanı dalana sıxışdırmaq prinsipləri də dayana bilər.

Ağ Ev təkliflər seriyası ilə əslində Rusiyanı cürətləndirib START müqaviləsindən çıxmağa təhrik edir.

Putin də çıxışında ölkəsinin müqavilədə iştirakını dayandırdığını bildirib və deyib ki, bu, həmin sənəddən çıxmaq mənasını vermir.

Putin də bu məsələdə ehtiyatlı davranaraq ABŞ-nin sonrakı addımlarının ölçülərini götür-qoy etmək arzusundadır.

Hər halda, Rusiyanın START-ı stop etməsi Putinin nüvə şantajlarına qanuni don geyindirməsi üçün şərait yaradacaq.

Məsələnin belə bir cəhəti də ortaya çıxır ki, Rusiyanın START-da iştirakını dayandırmaq qərarı Qərbə bu sahədə çoxtərəfli sazişin hazırlanmasına təkan verə bilər.

NƏTİCƏ: Putinin hədələyici tonu NATO-nun müharibə meydanını necə yönləndirə biləcəyini müəyyən etmək üçün barometr idi.

Putin NATO-nu çəkindirmək üçün hər cür vasitəyə – blefdən tutmuş reallıqda ata biləcəyi addımlara qədər əl atır.

Ukraynadakı müharibə isə çoxmərhələli gedişlərə hazırlanır, ən azından ona görə ki, nə NATO, nə Kiyev, nə də Moskva öz fundamental maraqlarından əl çəkib.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir