Müharibə

“Şəhidlik onun arzusu idi, diləyi gerçək oldu” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

44 günlük haqq savaşımızda qəhrəmanlıq göstərən, canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərə atılmaqla adını tarixə yazdıran hərbçilərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı Aşur Cəmiyevdir.

Tərcümeyi-hal:

Aşur Bəybala oğlu Cəmiyev 1989-cu il iyunun 18-də Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1995-ci ildə Naxçıvan şəhərindəki Qambay Vəzirov adına 6 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2003-2006-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə oxuyub. 2006-2010-cu illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində təhsil alıb. 2010-cu ildə həmin akademiyanı “İnzibati idarəetmə, sərhəd qoşunları komanda-taktiki” ixtisası üzrə uğurla bitirib, Lənkəran sərhəd dəstəsinə təyinat alıb. Aşur Cəmiyev əvvəlcə sərhəd zastavasında rəis müavini kimi xidmət edib, sonra kəşfiyyat bölüyünün komandiri olub. 


2010-2019-cu illərdə Lənkəran sərhəd dəstəsində xidmət edərkən ölkənin cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlarda iştirak edib. 2019-cu ildən başlayaraq DSX-nin “Qazax” əlahiddə sərhəd diviziyasında öz xidmətini davam etdirib. 2020-ci ilin sentyabr ayından isə Çevik Hərəkət Dəstəsində müxtəlif vəzifələrdə xidmət edib, bir sıra təlimlərə cəlb edilib.

Aşur Aprel döyüşlərində iştirak etmək üçün könüllü olaraq dəfələrlə müraciət edib.

O, Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aşur Cəmiyev oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub. Ailəli idi, üç övladı yadigar qalıb.

Ölümündən öncə 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, 2014-cü ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” və 2019-cu ildə isə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalları ilə təltif olunub.

Ölümündən sonra isə “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Oxu.Az-ın əməkdaşı şəhidin həyat yoldaşı Yeganə Cəmiyeva ilə danışıb.

– “Ağ atlı oğlan” filminə baxdıqdan sonra hərbçi olmaq qərarına gəldiyini söylədiniz. Valideynlərinin münasibəti necə olub?

Ailələrində ondan başqa hərbçi olan yoxdur. Hərbçi olmaq onun arzusu olub. Bayrağa o qədər sevgisi var idi ki, həmişə stolunun üstündə bayraq olardı. Anası onun “Ağ atlı oğlan” filminə baxdıqdan sonra bu arzusunu gerçəkləşdirmək istədiyini söyləyib. Ona baxandan sonra Aşur deyib ki, “mən hərbçi olacam”. Anası da, atası da razı olmayıblar. Çətin olduğunu bilirdilər. Aşur deyirdi ki, “bilsəm ki, bu gün bu formanı geyinib, sabah şəhid olacam, yenə geyinərəm”. Bundan sonra valideynləri razı olublar. O, maaşa görə işləmirdi. İşini, döyüşməyi, irəlidə olmağı çox sevirdi.

– Yeganə xanım, Aşur doğum günlərini niyə qeyd etmirdi?

– 2010-cu il iyunun 18-də Mübariz İbrahimov şəhid oldu. Həmin ildən sona qədər Aşur doğum günlərini qeyd etmirdi. Deyirdi ki, bu günü ad günü etmək mənə yaraşmaz. Doğmaları, dostları qonaq gəlmək istəyəndə belə, həmin gün icazə vermirdi.

– Sizi öz yoxluğuna hazırladığını söylədiniz. Sizə nələr danışırdı?

– Bizə şəhidlikdən həmişə danışardı. Artıq öyrəşmişdik. Hər dəfə danışdığı üçün adi gəlirdi. Avqust ayında məni qarşısına otuzdurdu, dedi ki, “Yeganə, bir gün mən şəhid olsam, sən mənim kişi qeyrətli qadınımsan. Möhkəm ol, ağlama. Uşaqlara heç vaxt əskiklik yaşatma”. Bir də dedi ki, mən şəhid olsam, Naxçıvanda dəfn edərsən. O həmişə özünə şəhidlik arzulayırdı. Bir dəfə dedi ki, “mən bir gün şəhid olacam, sən tək qalacaqsan”. Evlilik təklif edəndə də mənə bunları demişdi. Demişdi ki, sən bunu gözə alıb, ailə qurarsan. Mən də razılaşmışdım. Ölüm olsa belə, razılaşmışdım.

Tovuz hadisələri ona çox təsir etmişdi. Bir gün gördüm ki, gözləri dolub. Polad Həşimovun telefonda şəklinə baxırdı, onu sakitləşdirmək üçün yaxınlaşdım. Dedi ki, belə bir general itirməməliydik. 

– Sonuncu görüşünüzdən danışmağınızı istərdim.

Aşur sentyabrın 1-də təlimlərdə idi. Sonuncu dəfə sentyabrın 25-i evə gəldi. Qızını doya-doya öpdü. Üç övladı yadigar qalıb. Böyük oğlum İsmayılın hazırda 10, kiçik oğlum Elnurun 9, qızımın Rüqəyyənin iki yaşı var. Atası şəhid olanda yeddi aylıq idi. Həmin gün içimdə qəribə hiss var idi. Getməyini istəmirdim. Görüşdük, möhkəm ağladım. Dedim ki, “bizi yetim qoyma”. O cavab verdi ki, “çalışacam, yetim qalmayasınız”. Daha sonra bizim qızımız dünya gəlməmişdən öncə çəkdirdiyimiz şəkil var idi. Ona baxıb dedi ki, “inşallah, qayıdıb gəlim, beşimiz şəkil çəkdirərik. Məni qayıdacağına inandırmağa çalışdı.

Mütəmadi olaraq dörd gündən bir zəng edirdi. Qısa danışırdıq. Daim bizimlə maraqlanırdı. Çox narahat idi. Mənimlə sonuncu dəfə oktyabrın 18-i danışdı. Dedi ki, “Yeganə, mənə dörd gün zəng çatmayacaq. Çatan kimi əlaqə saxlayacam”. Oktyabrın 18-dən günləri sayırdım. Artıq 21-i o şəhadətə qovuşmuşdu. Aşurun arzusu şəhidlik idi. Arzusuna çatdı. Oktyabrın 21-də artıq ailəm yarımçıq qalmışdı. Biz həmin gün səhəri artıq yetim olaraq açmışdıq.

– Böyük oğlunuzun atasının yolunu davam etdirdiyini qeyd etdiniz. Buna necə razı oldunuz?

– İsmayıl bu ildən Sərhəd Qoşunlarının məktəbində oxuyur. Atasının yolunu davam etdirir. Çox adam necə icazə verdiyimi soruşur. Əgər mən bilsəm ki, o, həmin formanı geyinib, şəhid olacaq, yenə də o formanı ona geyindirəcəyəm. Şərəfli ölümdür. Atasının işini davam etdirməsi məni çox sevindirdi. Atasına çox bənzəyir. Möcüzəvidir. Hər zərrəsində atasına oxşayır. Sanki Aşur böyüdürəm.

İlk dəfə İsmayıl o formanı geyinəndə mən onu qucaqladım. Nə qədər ağladım… Mən iki ildən sonra sevinc göz yaşı axıtdım. Sanki hiss etdim ki, Aşur gəldi. Aşurun qoxusunu İsmayıldan alıram. Yuxularıma gəlir. Onun şəhid olduğu yerə getmişəm. Qanı tökülən torpaqları dırnağımla qazımışam. Orada şəklini vurdurdum. Həmin torpaqda onun ən sevdiyi gülü əkmişəm. Gül sanki ağlayır.

– Aşurun Naxçıvanda ayağa qalxacağını güman etdiyinizi bildirdiniz.

– Oktyabrın 21-də qonşular gəldilər. Onlar hamısı Aşurun şəhid olduğunu bilirmişlər. Əvvəlcə yaralı olduğunu dedilər. Lakin inanmadım. Ağlamaq səsimə uşaqlar gəldilər, qışqıraraq ağlayırdılar ki, “ata, ölmə”. Xəbəri eşitsəm də, hələ də inanmırdım. Morqa getməkdə israr etdim. Hətta oğlanlarım da atalarını görmək istəyirdilər. İçəri daxil oldum. Ürəyinin üstünə “Y” hərfi cızmışdı. Onu gördüm. Aşuru o vəziyyətdə görən kimi qarşısında diz çökdüm. Özümdə deyildim. Düşünürdüm ki, o, Naxçıvana çatanda duracaq. Oktyabrın 24-də Naxçıvana apardıq. 12 ailə hava limanında idik. Hər biri ailə başçısını dəfn etməyə aparırdı. Möcüzə axtarırdım. Hələ də ümidimi kəsməmişdim. Ta dəfn olunana qədər. Sanki onu məndən qopardılar. 

– Onun Qarabağdan qayıdışını necə gözləyirdiz?

– Aşurun Qarabağdan qayıdışına inanırdım. İnanmazdım ki, şəhid olar. Ağlıma gəlmirdi. Biz onunla qocalığımızı belə xəyal etmişdik. Mənə deyirdi ki, səni Kərbəlaya göndərəcəm. Müharibə başlayanda demişdi ki, mənim şəklimlə gedərsən.

Kaş əli, ayağı olmazdı, amma yenə də evdə isti nəfəsi gələrdi. Ona ölənə qədər bezmədən baxardım. Çünki onun ruhunu sevirdim. Xəyal edirdim ki, gəlib qələbəsindən bizə danışacaq. Onun gəlişini beynimdə qurmuşdum. Bunu xəyal etmişdim. Qələbə sevincini yaşamadıq. Aşurun cismi ilə öz ruhumu dəfn elədim. Həmin gün çox ağladım. Elə hiss elədim ki, ürəyim partlayacaq.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir