İqtisadiyyat

Altmış illik xəyal gerçəkləşdi: “Togg” – Türkiyənin milli avtomobili + FOTO

Sharing is caring!


2022-ci il oktyabrın 29-da Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası Türkiyənin Avtomobil Müəssisələri Qrupunun – (TOGG) kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Mərasimdə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak ediblər.

2020-ci ildə təməli qoyulan zavodun inşası iki ilə tamamlanıb. Tikintisində ümumilikdə 9 700 nəfərin iştirak etdiyi müəssisədə montaj mərkəzi, prototip inkişaf, istifadəçi sınaq parkı kimi bir çox bölüm var.

Türkiyə prezidenti qeyd edib ki, müəssisənin illik istehsal gücünün 175 000 ədədə çatdırılması, 4 300 nəfərin işlə təmin olunması planlaşdırılır. 2030-cu ilə qədər istehsal bir milyonu ötəcək.

Ekspertlər zavodun istehsal etdiyi “Togg” avtomobillərini Türkiyənin 60 illik xəyalının həyata keçirilməsi kimi qiymətləndirirlər.

2022-ci il noyabrın 2-də Prezident İlham Əliyev Türkiyə lideri Ərdoğana zəng edib. Dövlət başçımız “Togg”un kütləvi istehsalına başlanması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.

2023-cü il martın əvvəlinə olan məlumata görə, “Togg”un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. “Togg T10X” modeli üçün ilk 24 saatda 22 min 150 sifariş qəbul olunub. İndiyə qədər isə 177 mindən çox insan “Togg”un T10X modelinə sahib olmaq üçün müraciət edib.

2023-cü il martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib, dünyada söz sahibi olub, güc mərkəzinə çevrilib. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər:

“Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir”.

Artıq aprelin 3-də “Togg” elektromobilinin T10X modeli Prezident Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana təqdim edildi.

Aprelin 4-də isə Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib. Dövlətimizin başçısı qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu qeyd edib. Azərbaycan Prezidenti vurğulayıb ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəlib və “Togg”un istehsalına başlanması da bu baxımdan yaxşı nümunədir. Prezident İlham Əliyev “Togg” elektromobilinin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.

Aprelin 4-də “Togg” avtomobili Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan “Togg” elektromobilinin Azərbaycan Prezidentinə təqdim olunması ilə bağlı sosial şəbəkədə paylaşım edib. Türkiyə Prezidenti paylaşımında bildirib: “Qardaşım İlham Əliyev də Türkiyənin qüruru “Togg”u təhvil aldı. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi nəsib etsin, qardaşım”.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Dövlətimizin başçısı bununla bağlı “Twitter”də paylaşım edib: “Təşəkkür edirəm, Əziz Qardaşım. Amin! “Togg” Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir”.

Qeyd edək ki, “Togg”un bütün modelləri 100% elektriklə çalışan avtomobillər olaraq nəzərdə tutulub və ekoloji cəhətdən tamamilə təmizdir. 200 və 400 at gücü həcmində mühərriklərə sahib olan Türkiyə avtomobillərinin ən diqqətçəkən xüsusiyyətlərindən biri də digər elektrikli avtomobil modellərinə nisbətən çox qısa müddətdə tam enerji yığmasıdır. Avtomobillərin tam doldurulması cəmi 30 dəqiqə çəkir. Bununla belə, tam doldurulmuş “Togg” avtomobilinin gediş məsafəsi orta hesabla 500 kilometr olacaq. Eyni zamanda, qeyd etmək lazımdır ki, 300 kilometr məsafə qət edən model də buraxılacaq.

Şirkət 2030-cu ilə qədər beş fərqli modeldən ibarət bir milyon yerli avtomobil istehsal etməyi planlaşdırır. Yerli avtomobilin Türkiyənin iqtisadiyyatına töhfəsi 15 il ərzində 50 milyard avro olacaq və onun istehsalı ilə 20 min adam işlə təmin ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir