Mədəniyyət

Azərbaycan musiqiçiləri IX Beynəlxalq Gürcüstan Barokko Musiqi Festivalında – FOTO

Sharing is caring!


Noyabrın 10-dan 30-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə IX Beynəlxalq Barokko Musiqisi Festivalı keçirilir.

Oxu.Az xəbər verir ki, Şota Rustaveli adına Dövlət Dram Teatrında gerçəkləşən festivalın konsertlərində iştirak etmək üçün barokko musiqisi sahəsində çalışan tanınmış mütəxəssislər, ifaçılar – instrumental, vokal və dirijorluq sahəsinin nümayəndələri dəvət olunublar.

Dünyanın müxtəlif ölkələrindən Gürcüstana dəvət olunan Sercio Azolini, Kristina Buş, Korneli fon Kersenbrok, Yorq Xalubek kimi seçilən musiqiçilərin təqdimatında barokko janrında yazıb yaratmış dünya bəstəkarlarının əsərləri təqdim olunub. Qeyd etmək lazımdır ki, Tbilisidə hər il keçirilən Barokko Festivalının əsas təşəbbüskarı və daimi iştirakçısı “Georgian Sinfonietta” adı ilə məşhur olan Gürcüstan Dövlət Kamera Orkestridir.

Bu kollektiv Azərbaycanlı dinləyicilərə 2022-ci ilin aprelində Bakıda keçirilən I Barokko Musiqi Festivalındakı möhtəşəm çıxışı ilə tanışdır. Builki Tbilisi Beynəlxalq Barokko musiqi festivalının proqramında qonaq qismində iştirak edən Azərbaycanın ifaçıları da festivala öz imzalarını uğurla atıblar.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin rəhbərliyi ilə “Georgian Sinfonietta” orkestri geniş və mürəkkəb proqramı qısa müddətdə hazırlayaraq dinləyicilərə təqdim edib.

15 noyabrda gerçəkləşən “Opera Gala” adı altında keçirilən konsertdə Azərbaycanın tanınmış opera müğənniləri, Respublikanın əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərov (kontrtenor) solist qismində böyük uğurla çıxış ediblər.

Azərbaycanlı müğənnilərin ifasında səslənən barokko bəstəkarları G.Hendel, K.Monteverdi, N.Porpora, R.Broski, G.Persellin əsərləri yerli dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb. Konsertin dinləyiciləri sırasında olan Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev və onun rəhbərlik etdiyi səfirliyin əməkdaşları da musiqi proqramını izləyiblər. Konsertin sonunda Azərbaycanlı ifaçılar dinləyicilər və festivalın təşkilatçılarına təşəkkür nümunəsi olaraq xalq mahnımız “Sarı gəlini” ifa ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir