Kriminal

Meyvə şirəsi qabında şampun gətirməsinə irad bildirən atasını öldürdü – DETALLAR

Sharing is caring!

İmişli rayonunda 1992-ci il təvəllüdlü Cavid Bədirxanov ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı atası, 1960-cı il təvəllüdlü Məmməd Bədirxanovu öldürüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi 22 fevral 2023-cü ildə baş verib. 

Cavid həmin gün saat 21:00-da yaşadığı İmişli rayonu, Hacırüstəmli kəndindəki fərdi yaşayış evində atası Məmməd ilə mübahisə edib. Mübahisəyə səbəb Məmmədin evə yarımlitrlik plastik su qabında şampun və hidrogen-peroksid məhlulu gətirməsi olub. Hadisə zamanı Cavid evin mətbəxindən götürdüyü bıçaqla atasının kürək nahiyəsindən bir dəfə vurub. 

Hadisədən sonra Məmməd Bədirxanov 9 aprel 2023-cü ildə İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb. 

Hadisəni törədən Cavidin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

Cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətdiyini deyən Cavid bildirib ki, İmişli rayonu Hacırüstəmli kəndində evdə atası, anası, bacısı və bacısı oğlu ilə yaşayıb: 

“Mən xəstəyəm. Fermada olarkən atam Məmməd heç bir səbəb olmadan fermanın həyətində baltanın sapı ilə başımdan iki dəfə zərbə vurdu. Zərbələr nəticəsində başımdan güclü travma aldım. Sonrakı dövrdə ruhi-əsəb xəstəliyinə tutuldum. Maştağa qəsəbəsində yerləşən ruhi-əsǝb xəstəxanasında müalicə almışam. Atam bizi hər gün söyüb və öldürəcəyi ilə hədələyib. Atamı özüm vurmamışam. Atamın ölməsindən məlumatım olmayıb”. 

İş üzrə zərərçəkmiş Məmmədin hüquqi varisi qismində ifadə verən digər oğlu Qurbanın sözlərinə görə, İmişli rayonu, Hacırüstəmli kəndində valideynlərindən ayrı, özünəməxsus evdə yaşayır: 

“Təqsirləndirilən Cavid qardaşımdır, mərhum Məmməd isə atamdır. Cavid ruhi-əsəb xəstəsidir. 22 fevral 2023-cü ildə atam Məmməd işlədiyi şirkətdən özü ilə evə yarımlitrlik meyvə şirəsi qabında əlini yumaq üçün şampun gətirdi. 

Axşam saat 21:00-da qardaşım Cavid meyvə şirəsi qabında şampun gətirdiyinə görə atama irad bildirdi. Buna görə Cavidin atam ilə sözlü mübahisə yarandı. Lakin sonra sakitləşdilər. 

Daha sonra Cavid heç nə demədən, evdəkilərə bildirmədən mətbəxdən bıçaq götürərək, atamın oturduğu otağa keçdi, yuxulu vəziyyətdə olan atamın kürəyindən bıçaqla bir dəfə vuraraq ağır xəsarət yetirdi. Atamın bıçaqlanmasını mənə bacım Aytəkin zəng vuraraq məlumat verdi. 

Yaxınlıqda olduğumdan qaça-qaça atamın evinə getdim. Təxminən 2 dəqiqəyə ora çatdım. Atamı otaqda arxası üstə uzanmış vəziyyətdə gördüm. Qanı dayandırmaq üçün kürəyinə əski qoydum. Atamın həmin vaxt ağzından da qan axdı. Atam mənə Cavid tərəfindən bıçaqlandığını bildirdi. Cavid qaçıb getdiyindən evdə yox idi. Yolda atam evinə gedərkən həmkəndlim və iş yoldaşım Savalana zəng etdim. 

Savalanın VAZ-2107 markalı avtomobili ilə atamı İmişli Rayon Mərkəzi Xəstəxanasına apardıq. Atam xəstəxanaya özü yeriyərək qoluna girməklə daxil oldu. Xəstəxananın cərrahiyyə şöbəsində Fərzulla və Yasin adlı cərrahlar atamı əməliyyat etdilər. Lakin qanaxmanı saxlaya bilmədiklərindən fevralın 23-də təcili tibbi yardım avtomobili ilə atamı Bakı şəhərindəki xəstəxanaya apardıq. Orada əməliyyat aparılaraq qanaxma dayandırıldı. Lakin atam çoxlu qan itirdiyinə, beyninə oksigen getmədiyinə görə koma halına düşdü. Müalicə dövründə də özünə gəlmədi. 

Aprelin 5-də xəstəxananın reanimasiya şöbəsinin müdiri Ülviyyə xanım telefonla zəng vuraraq atamın sağalmayacağını bildirdi. Bundan sonra atam İmişli Rayon Mərkəzi Xəstəxanasına göndərildi. 4 gün sonra İmişli Rayon Mərkəzi Xəstəxanasından mənə atamın vəziyyətinin yaxşı olmadığını bildirdilər. İmişli Rayon Mərkəzi Xəstəxanasına getdim və atamın öldüyünü bildim. Bundan sonra atamın meyitini təcili tibbi yardım avtomobili ilə İmişli rayonu, Hacırüstəmli kəndinə aparıb dəfn etdik”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavidin barəsində Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi müəyyən edilib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib. 

Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib. Hökmün icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. 

Prokuror protestini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbiri təyin edərkən qanunun normasını düzgün tətbiq etməyib, yəni ona kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 9 iyun 2023-cü il tarixli 77 nömrəli rəyində qeyd olunan növdə deyil, öz mülahizəsinə əsasən daha sərt tibbi xarakterli məcburi tədbir növü tətbiq edib. 

Belə ki, qeyd olunan rəydə təqsirləndirilən şəxsin barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilməsinə zəruri olduğu əks olunsa da, məhkəmə ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə tətbiq edib. 

Prokuror apellyasiya protestində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini, təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli tədbir təyin olunmasını xahiş edib.

Prokurorun protesti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. 

İş hakim İlkin Abdullayevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakimlər heyəti prokurorun protestinin əsaslı olduğu nəticəsinə gəlib.

Bu səbəbdən prokurorun protesti təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. 

Qərara görə, təqsirləndirilən şəxsin barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir