İqtisadiyyat

İƏT Azərbaycanın irəli sürdüyü təklifi Bakıda gerçəkləşdirəcək

Sharing is caring!


Üç ölkə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılacaq Tədqiqat Mərkəzinin Nizamnaməsini imzalayıb.

Bu barədə “Trend”ə müsahibəsində İƏT-in baş katibi Xusrav Noziri deyib.

“İƏT Tədqiqat Mərkəzinin yaradılması təklifi Azərbaycan tərəfindən irəli sürülüb və 5 may 2006-cı ildə Bakıda keçirilən İƏT Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclasının yekunları üzrə qəbul edilmiş Bakı Bəyannaməsində əksini tapıb. Sonrakı İƏT görüşlərində bu ideya daha da inkişaf etdi. İƏT Tədqiqat Mərkəzinin Nizamnaməsi İƏT dövlət və hökumət başçılarının 2021-ci ilin martında virtual formatda keçirilən 14-cü Sammitində üzv ölkələr tərəfindən imzalanmaq üçün hazır idi. Hazırda sənəd üç ölkə (Azərbaycan, Türkiyə və Pakistan) tərəfindən imzalanıb. İƏT Tədqiqat Mərkəzi Bakıda yerləşəcək”, – o deyib.

Noziri qeyd edib ki, mərkəzin əsas məqsədi iqtisadi tədqiqatların keçirilməsi, dayanıqlı sosial-iqtisadi inkişaf üzrə aktual məsələlərlə bağlı təklif və tövsiyələrin hazırlanmasıdır. Bunlar İƏT-ə üzv ölkələrin maraqlarına xidmət edəcək və bu ölkələr arasında əməkdaşlığın genişlənməsinə səbəb olacaq.

“İƏT-in “İqtisadiyyat” jurnalının Tədqiqat Mərkəzinin bir hissəsi olacağı gözlənilir. İƏT Nazirlər Şurasının 24 yanvar 2023-cü il tarixində Daşkənddə keçirilən 26-cı iclası İƏT-in “İqtisadiyyat” jurnalının beynəlxalq miqyasda tanınan, geniş yayılan və nüfuzlu nəşrə çevrilməsinə yönəlmiş fəaliyyətin davamını birmənalı şəkildə dəstəkləyib və katibliyi jurnalın yeni konsepsiyasına dair layihə təkliflərinin maliyyələşdirilməsi prosesini sürətləndirməyə çağırıb”, – deyə o vurğulayıb.

Xusrav Noziri əlavə edib ki, İƏT Katibliyi İƏT-in Ticarət və İnkişaf Bankının əməkdaşlığı ilə jurnalın transformasiyasına mühüm məbləğin ayrılmasını təşkil edib.

“Bir neçə illik fasilədən sonra jurnal öz fəaliyyətini bərpa edərək 2022 və 2023-cü illərdə buraxılışlar dərc etdi. İƏT Tədqiqat Mərkəzinin fəaliyyət nəticələrinin İƏT-in “İqtisadiyyat” jurnalının veb-saytında üzv ölkələrin və İƏT Katibliyinin nəşrləri ilə birgə yerləşdirilməsi planlaşdırılır. İƏT Tədqiqat Mərkəzinin və “İqtisadiyyat” jurnalının fəaliyyətinin üzv ölkələrin tranzit və nəqliyyat, energetika, su, ərzaq təhlükəsizliyi, iqtisadiyyatın diversifikasiyası, yaşıl iqtisadiyyat, iqlim dəyişikliyi və s. kimi hazırkı prioritetləri ətrafında cəmləşəcəyi gözlənilir”, – o deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir