İqtisadiyyat

“Dərman idxalçıları maksimum qiymətin altında rəqabət aparacaqlar və dərmanlar ucuzlaşacaq”- ŞƏRH + FOTO

Sharing is caring!


“Dərman vasitələrinin qiymətlərinin aşağı salınması çox mühüm addımdır. Bu addım əczaçılıq sahəsində yeni bir inqilabi dəyişikliyin əsasını qoydu”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O qeyd edib ki, Tarif Şurası verdiyi qərarla hazırda ölkə ərazisində qeydiyyatdan keçmiş, satılan dərman preparatlarının qiymətlərini üst səviyyəyə qədər tanıyıb:

“Bu, o deməkdir ki, hazırkı qiymətlər maksimal qiymətdir. Bundan sonrakı dövrdə ölkədə istehsal olunan və idxal edilən dərman preparatları daha aşağı qiymətə satıla biləcək.

İki məqamı qeyd etmək xüsusilə vacibdir. Birincisi, pərakəndə və topdansatışla məşğul olan əczaçılıq şirkətləri, dərman preparatının ölkəyə idxalını həyata keçirən qurumlar ölkə ərazisində qeydiyyata alınmış dərmanları rahatlıqla sata biləcəklər. Bu işlə məşğul olan şirkətlər tavan qiymətinin altında rəqabət aparacaqlar. Nəticədə, daha ucuz və qeydiyyatdan keçmiş, dövlətin keyfiyyətinə nəzarət etdiyi dərmanların idxalı stimullaşacaq. Yeni idxal yolları, yeni müqavilələr əsasında daha çox dərman çeşidlərinin ölkəmizə gətirilməsi mümkün olacaq.

Əgər bu dəyişiklikdən öncəki vəziyyətə nəzər yetirsək, konkret olaraq müəyyənləşmiş qiymət var idi və bu, əhali üçün əlverişli deyildi. Çünki bəzən qiymətlər müxtəlif üsullarla süni şəkildə bahalaşdırılırdı. Milli Məclisdə də dərman preparatlarının qiymətlərinin istehsalçı ölkələrdəkindən 3-4 dəfə baha olduğu bildirilirdi. Bu isə rəqabət mühitinin aşağı olması ilə əlaqədar idi. Hazırkı dəyişikliklər fərqli rəqabət mühitinin yaranmasına gətirib çıxaracaq”.

Həkim-deputat düşünür ki, yeni dəyişikliklər dərman preparatlarının qeydiyyata alınması, gömrükdə yoxlanılması proseslərini də daha çevik hala gətirəcək:

“İdxalın aktivləşməsi, çeşidin çoxalması bazarda hansısa dərmanın tapılmaması kimi neqativ halları aradan qaldıracaq.

Dərmanların ucuzlaşması cəmiyyət tərəfindən çox müsbət qarşılanacaq. Çünki indiyə qədər bu, əsas müzakirə olunan məsələlərdən biri idi”.  

Qeyd edək ki, 15 sentyabr 2023-cü il tarixində Tarif (qiymət) Şurasının keçirilən növbəti iclasında dərman vasitələrinin ucuzlaşmasına səbəb olacaq qərar qəbul edilib. Belə ki, iclasda Tarif Şurası hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir