İqtisadiyyat

Daşqınlar və dolu səbəbindən əmlakı zərər görən vətəndaşlar nə etməlidirlər? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Ötən gündən başlayaraq ölkənin bir sıra bölgələrində sel, daşqınlarla müşahidə edilən hava şəraiti hələ də davam edir.

Sel suları xüsusilə Goranboy, Tərtər ərazisində ciddi fəsadlara yol açıb. Eləcə də Şəki, Mingəçevir, Balakən, Qax, Zaqatala, Gədəbəy, Gəncə, Göygöl, Lənkəran, Ağdam, Suqovuşana dolu yağması səbəbindən bir çox yaşayış evləri, eləcə də küçələrdəki avtomobillərə ciddi ziyan dəyib.

Vətəndaşlar xüsusilə yararsız hala düşən nəqliyyat vasitələrinin aqibəti və dəymiş ziyanla bağlı sığortaya hansı formada müraciət edəcəklərini bilmirlər.

Sığorta şirkətləri təbii fəlakətlər zamanı avtomobilə dəymiş ziyanı tam olaraq qarşılayır, yoxsa dəymiş ziyanın dərəcəsindən asılı olaraq proseslər dəyişə bilir? Vətəndaşlar hansı hallarda sığortadan yararlana bilərlər?

Oxu.Az-ın bu və digər suallarını Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov cavablandırıb.

O bildirib ki, son günlər bir çox regionda təbii fəlakətlə bağlı çoxsaylı avtomobilə ciddi ziyan dəyib:

“Sel, daşqın suları, ümumilikdə dolu düşməsi səbəbindən nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Bu kimi hallarda kasko sığorta sırf dəymiş ziyanı qarşılayır. Əgər nəqliyyat vasitəsi kasko sığorta edilibsə, respublika üzrə verilən təminatlar siyahısına təbii fəlakətlər daxildir. Kasko sığorta vətəndaşlar təbii fəlakətlərlə yanaşı, yanğın, partlayış, yol-nəqliyyat hadisələri, üçüncü şəxslərin qərəzli və ya qərəzsiz yanaşmaları, hətta oğurluq riskləri kimi təminatlarını qarşılayır”.

Ekspert bölgələrdə baş verən sel daşqınları ilə bağlı əmlaklara dəyən ziyan barədə vətəndaşları maraqlandıran məsələyə də toxunub:

“Əmlak dedikdə mənzillər, həyət evləri və qeyri-yaşayış obyektləri nəzərdə tutulur. Onlara dəymiş ziyan o halda qarşılana bilər ki, həmin əmlakların icbari və yaxud da könüllü sığortaları olsun. Əgər bu risklər həmin sığortaya daxildirsə, vətəndaş sığortadan təminatını ala bilər.

Sel suları kənd təsərrüfatına da kifayət qədər ziyan vurub. Bitkiçilik və heyvandarlıq üzrə verilən təminatlara sel, daşqın suları, dolu düşməsi kimi risklər daxildir. Bununla bağlı təbii ki aqrar sığorta fondu fermerlərə dəymiş ziyanı araşdıracaq və yekunda təbiət hadisəsi ilə bağlı olduğuna qərar verilərsə, fermerlərə dəyən ziyan təmin ediləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir