İqtisadiyyat

Mikayıl Cabbarov gələcəkdə vergi siyasətinin qarşısındakı əsas hədəfləri AÇIQLADI – FOTO

Sharing is caring!

“Ölkədə iqtisadi artımın təmin edilməsi prosesində vergi sisteminin tənzimləyici funksiyaları rol oynayır. Qarşıdakı dövrdə vergi siyasətinin qarşısındakı əsas hədəflər iqtisadi təşviqdir ki, biz bunu işğaldan azad edilən ərazilərimizdə görürük”.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu ilin əvvəlindən Prezidentin tapşırıq və təşəbbüsünə əsasən çox geniş vergi, sosial müdafiə, gömrük qanunvericiliyi sahəsində təşviqlər qəbul edilib:

“Effektiv nəzarət təbii olaraq vacibdir. İqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb edilməsində kölgə iqtisadiyyatı ilə sistemli mübarizəni davam edəcəyik. Düşünürəm ki, bunun alternativi yoxdur və öz müsbət nəticəsini verir. Biz bunu orta aylıq əməkhaqqında, daimi iş yerlərinin sayında, vergi mədaxillərində, gündəlik həyatda aydın şəkildə görürük”.

Nazir Mikayıl Cabbarov vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi ilə yanaşı yeni üfüqlərin müəyyənləşdirilməsini də vurğulayıb:

“Burada xüsusi olaraq son aylar ərzində Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Xidməti (DGK) arasında əməkdaşlığın sinxronlaşdırılmasını təqdir edirəm. Bu faktiki olaraq sahibkarlara, vergi ödəyicilərinə aydınlığı, sabitliyi təmin edir, ayrı-ayrı orqanların eyni qanunu fərqli şəkildə təsbit etməsini minimallaşdırır. Digər tərəfdən hər iki qurumun işinin səmərəliliyini artırır. 2023-cü ildə buna xüsusi diqqət verməyə davam edəcəyik. Beləliklə vergi siyasətinin iqtisadiyyatın, sahibkarlığın böyüməsində və güclənməsində iştirakı artmaqda davam edir. Sistemin keyfiyyətinin yaxşılaşdırılması, sabit, şəffaf və rəqabətli olması vergi siyasəti ilə dəstəklənir. Xüsusilə qeyd edim ki, biz ərazisi bütöv, güclü, tərəqqi edən bir ölkədə yaşayırıq. Ümummilli lider Azərbaycanı məhz belə görmək istərdi. Bu gün ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətlə əldə etdiyi uğurlarda bunu şübhəsiz görürük, qürur duyuruq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir