İqtisadiyyat

Orxan Məmmədov: “Gələn ildən “KOB klaster şirkətləri”nin yaradılması istiqamətində əməli addımlar atılacaq”

Sharing is caring!

“Növbəti ildən bir sıra vergi güzəştlərinin şamil olunduğu “KOB klaster şirkətləri”nin yaradılması istiqamətində əməli addımlar atılacaq”.

Trend xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün “Dayaq” mükafatının təqdimetmə mərasimində çıxışı zamanı deyib.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adından hər birinizi salamlayır və dəvətimizi qəbul edib bugünkü tədbirə qatıldığınız üçün minnətdarlığımı bildirirəm.

KOBİA-nın ünvanına söylədikləri təbrik və xoş sözlər üçün Şahmar Mövsümova və Mikayıl Cabbarova təşəkkürümü bildirirəm.

Bu gün bizim üçün iki mühüm hadisə ilə əlamətdardır. İlk növbədə, sahibkarlığın təşviqi ilə bağlı həyata keçirdiyimiz növbəti bir proqramın yekunu olaraq bir sıra biznes nümayəndələrinin mükafatlandırılmasına şahidlik edəcəyik. Mükafat rəmzi məna daşıyan “Dayaq” adı altında təqdim edilir. Bu da dövlətin sahibkarlara daim dayaq və dəstək olması anlamına gəlir. Əsas məqsədimiz nailiyyətləri ilə seçilən sahibkarların fəaliyyətini təqdir etmək və onların timsalında sahibkarlıq hərəkatının daha da genişləndirilməsini təşviq etməkdir.

28 dekabr tarixi həm də, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaranması günüdür. Ötən 5 il ərzində daim inkişaf etməyə, sahibkarların yanında olmağa və fəaliyyətimizi onların ehtiyac və gözləntilərinə uyğun qurmağa çalışdıq. Müxtəlif sahəvi müzakirələr, sorğular və sahibkarlar ilə yerlərdə görüşlər nəticəsində alınan məlumatlar həyata keçirdiyimiz tədbirlərin doğru istiqamətləndirilməsi, təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması baxımından əhəmiyyətli olub.

Bir qədər sonra mükafat alacaq hər bir sahibkarın, eləcə də Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif edilmiş sahibkarlarımızın əldə etdiyi nailiyyətlər bizi sevindirir. Çünki, bizim fəaliyyətimizin, dövlətin dəstəyinin nəticəsi məhz sahibkarların uğurları ilə ölçülür.

Bu gün, bu zalda sahibkarlar ilə yanaşı, biznes sektoru ilə əlaqəli olan müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri əyləşib. Faktiki olaraq, biz 5 illik fəaliyyət yolunu onlar ilə birlikdə keçmişik. KOB sektorunun çoxşaxəli xarakteri bütün maraqlı tərəflərin, tənzimləyici orqanların və sahəvi qurumların birgə, koordinasiyalı fəaliyyətini tələb edir. Fürsətdən istifadə edərək, KOBİA-nın işində göstərdiyi dəstəyə və sıx əməkdaşlığa görə onlara da təşəkkürümü bildirirəm.

Görülmüş işlərin nəticəsi olaraq ölkəmizdə dayanıqlı, müasir və rəqabət qabiliyyətli sahibkarlıq zümrəsi formalaşıb. Azərbaycan şirkətləri artıq xarici bazarlarda da uğurla fəaliyyət göstərir və ixrac potensialını genişləndirirlər.

Azərbaycanda özəl sektorun hazırkı səviyyəyə çatması uzunmüddətli və müdrik iqtisadi siyasətin nəticəsində mümkün olub və bu inkişafın əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilib. Onun sahibkarlara göstərdiyi diqqət və qayğı, verdiyi tövsiyələr, həyata keçirdiyi qətiyyətli islahatlar iş adamları üçün bir stimul oldu. Təsadüfü deyil ki, Azərbaycanda Sahibkarlar Gününün təsis edilməsi məhz ümummilli liderin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin 100 illiyi ilə əlaqədar 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində sahibkarlıq sektorunda da müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər həm onun gördüyü ölçüyəgəlməz işlərə bir daha nəzər salmaq, həm də zəngin irisinin davamı olaraq sahibkarlara dəstək tədbirlərinin təqdim edilməsi baxımından əhəmiyyətli olacaq.

Bu gün ümummilli liderin inkişaf strategiyası yeni çağırışlar fonunda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məqsədlə müxtəlif strateji proqramlar icra olunur, sahibkarlar üçün geniş vergi stimulları tətbiq olunur, real sektora investisiyalar təşviq edilir, bizneslərin inkişafı üçün çoxsaylı dəstək mexanizmləri və yeni təşkilati-hüquqi modellər hazırlanır. Ölkə rəhbərliyinin müvafiq sərəncamı ilə təsdiq edilmiş 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında sahibkarlığın, eləcə də KOB-ların inkişafının dəstəklənməsi ilə bağlı sistemli tədbirlər nəzərdə tutulub. Bu da biznes sektorunun yeni keyfiyyət mərhələsinə keçməsinə imkan verəcək.

Sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində əzmlə çalışan insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ön sırada dayanır. Onun ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir. Mehriban xanımın iştirakı və birbaşa rəhbərliyi ilə icra olunan layihə və proqramlar ölkəmizin sosial-iqtisadi tərəqqisinə, həyata keçirilən çoxşaxəli siyasətə əhəmiyyətli töhfələr verməkdədir.

KOBİA-nın yaradılması da aparılan ardıcıl islahatların davamı olaraq ölkə rəhbərliyinin KOB sektorunun inkişafına göstərdiyi diqqətin və verdiyi əhəmiyyətin bariz təzahürüdür. Bu həm də, bizim məsuliyyətimizi daha da artırır və qarışımıza qoyulmuş məqsədlərin reallaşdırılması, göstərilən etimadın doğruldulması üçün bizi yüksək səylə çalışmağa sövq edir.

Ötən dövrdə bizneslərin fəaliyyətə başlaması və fəaliyyətlərinin genişləndirilməsi məqsədilə tərəfimizdən bir sıra dövlət dəstək mexanizmləri hazırlanaraq həyata keçirilmişdir. Bu baxımdan, pulsuz təlim və konsaltinq xidmətlərini əhatə edən KOB İnkişaf Mərkəzləri, vahid məkanda “G2B” və “B2B” xidmətləri göstərən KOB Evləri və yerlərdə birbaşa sahibkarlar ilə təmasda olan KOB Dostu şəbəkələri kimi platformalarımızı qeyd etmək olar.

Eyni zamanda, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə edən startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə çıxış, yerli və beynəlxalq sərgilərdə iştirak üzrə dəstək tədbirləri bizneslərin inkişafı üçün səmərəli mexanizmlərdir.

Məlumunuz olduğu kimi, bu yaxınlarda “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun qəbul olundu. Qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla hazırlanan bu sənəd KOB sektorunun inkişafının və dövlətin dəstək tədbirlərinin effektivliyinin yüksəldilməsinə xidmət edəcək.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında nümunəvi əsasnamə” təsdiq olunmaq üzrədir.

Artıq növbəti ildən bir sıra vergi güzəştlərinin şamil olunduğu “KOB klaster şirkətləri”nin yaradılması istiqamətində əməli addımlar atılacaq.

Növbəti ildə planlarımız mövcud dəstək mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi ilə anası, yeni təşəbbüslərin reallaşdırılmasını da nəzərdə tutur. KOB-ların biznesin təşkili və idarə edilməsi sahəsində praktik biliklər əldə etməsi və təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübədə uğurla istifadə olunan pilot “Model müəssisə” layihəsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir və növbəti il ərzində yekunlaşması nəzərdə tutulur.

KOBİA-a mandatı çərçivəsində Qarabağın bərpası və KOB sektorunun işğaldan azad edilmiş ərazilərə qayıdışı istiqamətində fəaliyyətini davam etdirəcək. Qarşıdakı dövrdə də Qarabağın biznes potensialının yerli və xarici investorlar arasında təşviqi, bu bölgədə fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlardan müraciətlərin qəbulu və ümumiləşdirilməsi, eləcə də bizneslərin yaradılması üçün zəruri əlaqələndirmə işləri tərəfimizdən təmin ediləcək.

Sadalanan istiqamətlər strateji fəaliyyət gündəliyimizin bir hissəsini təşkil edir və əlbəttə ki, görüləcək işlər və layihələr daha çoxdur və əminik ki, fəal dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində müəyyən edilmiş hədəflərə nail olacağıq.

Sonda, hər birinizi qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir və işlərinizdə uğurlar arzulayıram.

Qoy Yeni 2023-cü il hər birimiz üçün sevincli və sağlam günlər, xoş xəbərlər, yeni nailiyyətlər və Azərbaycanımız üçün bol-bol uğurlar gətirsin!” 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir