İqtisadiyyat

KOBİA Türkiyənin KOSGEB təşkilatı və digər tərəfdaşlarla sənədlər imzalayıb – FOTO

Sharing is caring!

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB) arasında mikro, kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışının genişləndirilməsinə dair Niyyət Protokolu imzalanıb.

Bu barədə Oxu.Az-a KOBİA-dan bildirilib.

Məlumata görə, imzalanma mərasimi Bakıda keçirilmiş Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası çərçivəsində baş tutub. Sənədi KOBİA-nın İdarə Heyətinin (İH) sədri Orxan Məmmədov və KOSGEB-in sədri Hasan Basri Kurt imzalayıblar.

Bundan başqa, KOBİA, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Türkiyənin CCN Şirkətlər Qrupu arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum səhiyyə infrastrukturunun inkişaf etdirilməsi və səhiyyə xidmətlərinin təşkili sahəsində dövlət-biznes əməkdaşlığını nəzərdə tutur. Sənədi O.Məmmədov, İcbari Sığorta üzrə Dövlət Agentliyinin İH-nin sədri Zaur Əliyev və CCN Şirkətlər Qrupunun İH-nin sədri Murat Çeçen imzalayıblar. Sənəddə Azərbaycan və Türkiyə arasında səhiyyə xidmətləri sahəsində dövlət-biznes əməkdaşlığı təcrübəsinin daha da genişləndirilməsi, bununla əlaqədar müvafiq Türkiyə təcrübəsinin Azərbaycana gətirilməsi, ən yaxşı beynəlxalq təcrübələr əsasında səhiyyə xidmətlərinin təşkil edilməsində dövlət və özəl sektor arasında praktiki əməkdaşlığın gücləndirilməsi, yerli Azərbaycan şirkətlərinin bu sahədə yeni texnologiyalara, qabaqcıl beynəlxalq təcrübəyə və “nou-hau”lara çıxışlarının təşviq edilməsi üzrə əməkdaşlıq öz əksini tapıb.

Biznes forum çərçivəsində KOBİA və Türkiyənin “SUR YAPI” şirkəti arasında Anlaşma Memorandumu da imzalanıb. Sənədi O.Məmmədov və “SUR YAPI AZ”ın direktoru Cem Hakan Elmas imzalayıblar. Sənəddə müvafiq sahələrdə layihələrin mübadiləsi, hər iki ölkənin KOB-ları arasında əlaqələndirmə işlərinin aparılması və etibarlı tərəfdaşların müəyyən edilməsi, qarşılıqlı sәrmayә yatırımlarının hәyata keçirilmәsinə və KOB-lar üçün layihələrin reallaşdırılmasına dәstәyin göstәrilmәsi öz əksini tapıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir