İqtisadiyyat

Ehtiyac meyarına lüzum varmı?

Sharing is caring!

Pərviz Heydərov yazır…

Cari il üçün əhali üzrə yaşayış minimumu ölkədə 210 manat, əmək qabiliyyətli əhali üzrə 220 manat, pensiyaçılar üzrə 176 manat, uşaqlar üzrə isə 193 manat təşkil edir. İlin əvvəlində minimum əməkhaqqı növbəti dəfə artırılaraq 300 manata çatdırıldı. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi isə 200 manat məbləğində təsdiq edilmişdi.

Ötən 9 ay ərzində ölkədə ümumi inflyasiya səviyyəsi isə 13%-dən, ərzaq məhsulları üzrə 20%-dən yuxarı təşkil edib. Odur ki, əhalinin sosial vəziyyəti, yaşayış durumu ardıcıl olaraq çətinləşdiyindən çarə axtarmaq tələb olunur. Bu təkcə bizdə deyil, bütün dünyada trend xarakteri daşıyır. Yəni, sıravi vətəndaşların gəlirləri xərclərini ödəmir və aradakı fərq getdikcə böyüyür.

Bəs, nə etməli, bahalaşmanı dayandırmalı, yoxsa əhalinin sosial müdafiəsini gücləndirməli?

Bahalaşmanı və inflyasiya prosesini dayandırmaq mümkün deyil. Bunu, yalnız zəiflətmək olar. Bunun da yolu birincisi, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları ilə vergiləri azaltmaqdan, ikincisi isə yerli məhsulların bazarlara çıxış imkanlarını maksimum asanlaşdırmaqdan və sairədən keçir.

Lakin bütün bunlara bahəm, maaş, pensiya və sosial ödənişlər də artmalı, bunun üçün növbəti sosial paket həyata keçirilməlidir. Yaşayış minimumu, minimum əməkhaqqı mütləq şəkildə yüksəldilməlidir.

Bəli, növbəti ildə bütün bunlar baş verəcək. Lakin bundan əlavə, əhalinin və yaxud da belə qeyd edim ki, hər bir vətəndaşın ən zəruri sosial ehtiyac və tələbatını düzgün və dəqiq müəyyən etmək üçün ölkədə həyata keçirilən ümumi sosial müdafiə siyasəti mexanizmi də nəzərdən keçirilməli və təkmilləşdirilməlidir, yəni dəyişdirilməlidir.

Bizdə bunun üçün bir neçə göstəricidən istifadə olunur: minimum istehlak səbəti, ehtiyac meyarı, yaşayış minimumu, minimum əməkhaqqı və sairədən.

Məsələn, gələn il yaşayış minimumu cari illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% artırılacaq. Və ilk dəfə olaraq, ölkədə gələn il yaşayış minimumu ilə ehtiyac meyarı göstəriciləri bərabərləşdirilərək, eyni məbləğdə – 246 manat təşkil edəcək.

Çox yaxşı… Bu, çoxdan tələb olunan addımdır.

Ümumiyyətlə, 2019-cu ilin mart və sentyabr aylarında həyata keçirilən iki sosial paketin icrası nəticəsində minimum əməkhaqqının 130 manatdan 250 manata qaldırılaraq ilk dəfə olaraq ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdırılması və bundan da yuxarı həddə qaldırılmasından sonra başlıca hədəf qeyd olunan məsələ sayılırdı.

Yeri gəlmişkən, əvvəl minimum əməkhaqqı yaşayış minimumundan aşağı təşkil edirdi və aydın deyildi ki, minimum əməkhaqqı mexanizmi ölkədə əslində nəyi müəyyən edir və nədən ötrü tətbiq olunur.

Halbuki minimum əməkhaqqı yaşayış minimumundan yüksək səviyyədə təşkil etməklə, ölkə üzrə adambaşına düşən aylıq minimal istehlak səbətinin dəyərini, həmçinin ünvanlı dövlət sosial yardımını təyin etmək məqsədilə istifadə olunan ehtiyac meyarı göstəricisini də özündə ehtiva etməklə ümumən əhalinin dolanışıq vəziyyətinin konturunu tutmağa, bu sahədə əsas tənzimləyici rol oynamağa imkan yaratmalıdır.

Təkrar edirəm, ölkədə minimum əməkhaqqı səviyyəsi ilk dəfə olaraq 2019-cu ildə iki dəfə artırılmaqla 130 manatdan 250 manata qaldırıldıqdan sonra yaşayış minimumu göstəricisinə çatdı və onu keçdi. 

Xatırladım ki, həmin vaxt yazmışdım ki, ehtiyac meyarı göstəricisi də yaşayış minimumu göstəricisinə çatdırılmalı və yaxud da ləğv edilməlidir.

Məlumdur ki, ehtiyac meyarı ünvanlı dövlət sosial yardımını təyin etmək məqsədilə istifadə edilir və məhz bu məqsədlə təsdiqlənir.
Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma olduğundan, sual edirəm ki, elə bilavasitə minimum istehlak səbəti olan yerdə ehtiyac meyarı göstəricisinə ehtiyac varmı? Bu, ölkə vətəndaşlarının ən zəruri sosial ehtiyac və tələbatlarını düzgün və dəqiq müəyyən edərək ödəmək işində formallıq yaratmırmı?

Təkrar edirəm, gələn il ölkə üzrə yaşayış minimumu 36 manat, ehtiyac meyarısa 46 manat qaldırılaraq biri-birlərinə bərabər ediləcək. Bu, ehtiyac meyarı göstəricisinin ləğv edilməli olduğunun bir daha üzərinə gəlməyə, ona ümumiyyətlə, ehtiyac qalmadığı fikrini söyləməyə əsas verir.

Ehtiyac meyarının yaşayış minimumu göstəricisinə çatdırılması ünvanlı dövlət sosial yardımının məbləğini artırmağa yol açmaqla əhalinin sosial təminatını yaxşılaşdırmaq siyasətində həm effektliliyi yüksəltməyə, həm də sözügedən yardıma həqiqi ehtiyacı olan əhali qrupunu dəqiq müəyyən etməyə şərait yaradacaq.

Ümumiyyətlə, əhalinin və yaxud hər bir vətəndaşın ən zəruri sosial ehtiyac və tələbatını düzgün, dəqiq müəyyən etmək işində məhz yaşayış minimumu göstəricisi konsepsiyasından yanaşmaq, ölkədə həyata keçirilən ümumi sosial müdafiə siyasəti və mexanizminə də mükəmməllik və sərfəli xarakter bəxş edəcək.

Bunun üçünsə əsas diqqət minimum istehlak səbəti üzərində cəmləşdirilməklə, hökumət tərəfindən bu göstəriciyə üç ildən bir deyil, hər növbəti il üçün yenidən baxılmalıdır. Buna əsasən də ölkə üzrə yaşayış minimumu göstəriciləri təzələnməli və yenidən müəyyən edilərək təyin olunmalıdır.

Minimum əməkhaqqı səviyyəsi və yaxud həddi isə məhz bunun üzərində təsbit olunmalıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir