İdman

Minifutbol üzrə növbəti Avropa çempionatının Azərbaycanda keçirilməsi müzakirə edilib – FOTO

Sharing is caring!

Bu gün Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov ölkəmizdə səfər olan Dünya Minifutbol Federasiyasinin (WMF) prezidenti Filip Juda, Avropa Minifutbol Federasiyasının (EMF) prezidenti Borislav Aleksandrov və qurumun vitse-prezidenti Peter Kralik ilə görüşüb. 

Bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, qonaqlara ölkəmizdə minifutbol idmanının inkişaf perspektivləri ilə bağlı məlumat verən AMF-nin fəxri prezidenti Orxan Məmmədov Azərbaycan minifutbol millisinin Avropa çempionatında qazandığı qalibiyyətdən danışıb. Bildirib ki, Azərbaycanın Avropa çempionluğundan sonra ölkəmizdə bu idman növünə maraq daha da artıb. 

Azərbaycan minifutbolçularının gələcək beynəlxalq yarışlarda, dünya çempionatında da uğurla çıxış edəcəklərinə ümidvar olduğunu söyləyən EMF prezidenti Borislav Aleksandrov Bakıda bu idman növünün təbliğat işlərinin yüksək səviyyədə aparıldığını, daxili çempionatların hər zaman yüksək səviyyədə keçirildiyini, bu işdə Azərbaycan Minifutbol Federasiyasının səmərəli fəaliyyətini xüsusi vurğulayıb.

Avropa Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik Avropa çempionatının hesabatını təqdim edərək Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib.

AMF-nin prezidenti Taleh Nəsibov və vitse-prezident Azər Hüseynovun da iştirak etdiyi görüşdə minifutbol üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi, minifutbolun ölkəmizdə inkişaf perspektivləri və milli komandamızın qitə çempionatındakı çıxışı müzakirə edilib.

Səfər çərçivəsində qonaqların gənclər və idman naziri Fərid Qayıbovla və digər səlahiyyətli rəsmilərlə görüşü nəzərdə tutulur. Qonaqlar həmçinin ölkəmizin idman infrastrukturu ilə tanış olacaq, milli komandamızın hazırlıq prosesini izləyəcəklər.

Xatırladaq ki, Azərbaycan Minifutbol Federasiyası ölkəmizdə bu idman növünün inkişafına və kütləviləşməsinə böyük töhfə vermiş “Azfar Group” şirkəti tərəfindən təsis edilib. 2008-ci ildən fəaliyyət göstərən “Azfar Group” şirkətinin ölkəmizdə minifutbolun inkişafına verdiyi böyük töhfə isə göz önündədir. Yəni həvəskar futbola peşəkar yanaşma “Azfar Group”un devizidir. Cəmi 14 ildə – 2008-2022-ci illər ərzində şirkət 34 müasir minifutbol meydançası yaradıb.

Qeyd edək ki, minifutbol üzrə milli komandamız tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 hesabı ilə qalib gələrək qızıl medala sahibi olub. Cari ilin iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib. Görüşdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov da iştirak ediblər. Həmçinin, dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrılıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir