İdman

“Qəbələ”nin baş məşqçisi: “Rəqibin vurduğu üç qolu hədiyyə etdik. “Qarabağ” səhvləri bağışlamır”

Sharing is caring!


“Qarabağ”ı Avropa Liqasında göstərdiyi nəticəyə görə təbrik edirəm. 10 nəfərlə “Braqa”ya qarşı yaxşı mübarizə apardılar. Futbol 90 dəqiqə oynanılır. İlk 45 dəqiqədə yaxşı çıxış etdik. Daha sonra azlıqda qaldıq. İki gündür gəlmişik. Çalışdıq ki, bütün oyunçulara şans verək. Bu gün ilk hissədə göstərdiyimiz oyunu digər matçlarda 90 dəqiqə göstərsək, yaxşı nəticələr olacaq. Bəzi qol imkanlarımız var idi. Rəqibin vurduğu üç qolu hədiyyə etdik. “Qarabağ” səhvləri bağışlamır”.

Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadaze Premyer Liqanın 23-cü turundan təxirə salınmış “Qarabağ”la oyunundan (0:4) sonra deyib. Gürcüstanlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

– İlk matçın “Qarabağ”a qarşı keçirilməsi planlarınıza nə dərəcədə mane oldu?

– Gec-tez onlarla oynayacaqdıq. Düşünürəm ki, komanda yaxşı pressinq etdi. Oyunçular başa düşməlidir ki, “Qəbələ” böyük klubdur, burada hər şey yüksək səviyyədədir. Bura gəlmişik ki, komandanı hazırkı vəziyyətdən çıxaraq. İlk hissə yaxşı idi, ikinci hissədə rəqibə üç qol hədiyyə verdik. Necə ola bilər ki, öz qapında təhlükə yaradırsan və rəqib gəlib qol vurur? “Qarabağ”a qarşı çoxlu qol imkanları yaratmaq çətindir. Bu oyunu unutmalıyıq. Çalışmalıyıq.

– 5-4-1 sistemini Azərbaycanda ən yaxşı tətbiq edən məşqçilərdən olmusunuz. Bu sistemi “Qəbələ”də oturtmaq üçün sizə nə qədər vaxt lazım olacaq?

– İlk 45 dəqiqədə bu sistemi görə bildim. Amma bunu 90 dəqiqə etmək lazımdır. “Qarabağ”a qarşı bunu etmək bir az çətindir. Azərbaycanı çox sevirəm, burada gözəl vaxtlarım olub.

– “Qəbələ”yə elə vaxtda gəldiniz ki, “transfer pəncərəsi” də bağlanıb. Şəxsi əlaqələriniz hesabına komandaya azad agent statusunda olan futbolçular dəvət edə bilərsiniz?

– Hər şeyə hörmətlə yanaşırıq. And içə bilərəm ki, mənə “Qəbələ”dən zəng son məğlubiyyətdən sonra gəlib. Orada da heç bir maddiyyat söhbət olmadı. Bura gəlmişəm ki, vəziyyəti düzəldim. Komandanın 5 oyununu izləmişəm. İki gündür çalışırıq. Bunun da nəticəsini az da olsa, görə bildik. İşləmək, işləmək və işləmək lazımdır.

– Azərbaycanda olmadığınız 10 il ərzində nələr dəyişib?

– Bura mənim üçün doğma yerdir. Səkkiz il Azərbaycanda çalışmışam. Həmişə çempionatı izləmişəm. “Qarabağ”ı bir kənara qoyaq, onlar başqa səviyyədədir. İki oyun da udsalar, çempion olurlar. Ölkədə infrastruktur inkişaf edib, yaxşı meydançalar var. Yaxşı stadionların çox olması futbolun inkişafı üçün vacibdir.

– 1,5 illik müqavilə imzalamısınız. Komanda Premyer Liqanı tərk etsə, burada qalacaqsınız?

– Bu sual mənə əvvəl də verilib. Çox xahiş edirəm ki, məni düzgün başa düşün. İnanın ki, bu barədə heç fikirləşməmişəm. Bu gün ancaq pozitiv düşünürəm. İnanıram ki, komandanı bu vəziyyətdən çıxaracağıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir